Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev: «Məqsədimiz turizm sektorunu iqtisadiyyatın ən dayanıqlı, effektiv və rəqabətə davamlı sahəsinə çevirməkdir»
   
   Azərbaycanın turizm sahəsi böyük perspektivlərə malikdir. Ölkəmizdə turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, dini və s.) inkişafı üçün geniş imkanlar mövcuddur. «Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı»nın həyata keçirilməsi nəticəsində turizmin inkişafı üçün münbit şərait yaradılıb, ölkəmizin beynəlxalq turizm bazarına inteqrasiyasının əsası qoyulub. Son illər əldə olunmuş sürətli sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açıb.
   
   Prezident İlham Əliyevin 6 aprel 2010-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nda bu imkanların realizə edilməsi, qarşıdakı illərdə turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi üçün əhatəli tədbirlər planı əks olunub. Bu baxımdan aprelin 28-30-da Bakıda keçiriləcək ənənəvi Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AİTF) çərçivəsində ilk dəfə olaraq Azərbaycanın daxili turizm potensialına həsr olunmuş ayrıca pavilyonun təşkil olunması əlamətdar hadisədir.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında Azərbaycanın daxili turizm imkanları, Dövlət Proqramının başlıca müddəaları, ölkəmizdə turizmin inkişafı üçün həlli vacib məqamlar barədə danışıb.   

   Daxili turizm sərgisinin keçirilməsi böyük əhəmiyyət kəsb edir
   
   “AİTF-2010” sərgisində Azərbaycanın daxili turizm potensialının geniş şəkildə təqdim edilməsi mühüm əhəmiyyət kəsb edir. İlk dəfə olaraq beynəlxalq sərgidə bütöv bir pavilyon ölkəmizin istirahət zonaları, sanatoriyaları və mehmanxanalarının ekspozisiyasına həsr ediləcək», - deyə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Nazir qeyd edib ki, bu sərgi Azərbaycanın turizm imkanlarının dünyaya tanıdılması baxımından əlamətdar hadisədir: «Ziyarətçilər hər bir regionun milli koloritini duya biləcək, Azərbaycanın müxtəlif və zəngin folkloru, mətbəxi və ənənələri ilə yaxından tanış olacaqlar. Azərbaycanda turizm sektorunun inkişaf perspektivləri bu cür sərgilərin aktuallığını artırır. Bugünlərdə təsdiq olunmuş Dövlət Proqramında qeyd olunduğu kimi, Azərbaycanın daxili turizm imkanlarının sistemləşdirilməsi baxımından da belə sərgilərin keçirilməsi vacibdir».
   
   Dövlət Proqramı turizm sektoru üçün yeni imkanlar açır
   
   Əbülfəs Qarayev bildirib ki, Dövlət Proqramı ölkəmizdə turizmin inkişafı üçün yeni imkanlar açmaqla yanaşı, bu sahədə qarşıya ciddi tələblər qoyur, turizm sektorunun idarə olunması üçün məsuliyyət yükünü daha da artırır: “Söhbət turizmin ölkə iqtisadiyyatının ən dayanıqlı, effektiv və rəqabətə davamlı sahəsinə çevrilməsindən gedir. Dövlət Proqramında bu məqsədə nail olmaq üçün zəruri qanunvericilik bazasının hazırlanmasından yeni turizm zonalarının yaradılması, turizm sektoruna investisiyaların cəlb olunmasınadək bir sıra addımlar nəzərdə tutulub. Eyni zamanda, ölkəmizin zəngin tarixi-mədəni irsindən turizm məqsədləri üçün effektiv istifadə olunması, bunun üçün müvafiq infrastrukturun yaradılması, peşəkar kadr potensialının hazırlanmasına dair tapşırıqlar sənəddə əks olunub. Hesab edirəm ki, Dövlət Proqramının icrası Azərbaycan turizm sənayesini tamamilə yeni mərhələyə çıxaracaq».
   Nazir qeyd edib ki, 2001-ci ildə mərhum prezident Heydər Əliyev tərəfindən turizmlə bağlı qəbul edilən qərarlar, turizmin idarəçiliyinin nazirlik səviyyəsində (əvvəlcə Gənclər, İdman və Turizm Nazirliyi, sonra Mədəniyyət və Turizm Nazirliyi) təmsil olunması, turizm anlayışının dövlət proqramlarının mühüm tərkib hissəsinə çevrilməsi bu sahənin dayanıqlı inkişafını təmin edib: «2001-ci ildən bugünədək qəbul edilən bütün iqtisadi inkişaf və yoxsulluqla mübarizə proqramlarında, sərmayə qoyuluşu layihələrində, regionların inkişafı ilə bağlı olan proqramlarda turizm infrastrukturunun yaradılması öz əksini tapıb. Ötən müddətdə turizm mühüm inkişaf yolu keçib və bu sahədə çalışan insanların əməyini xüsusi qeyd etmək lazımdır».
   Nazir bildirib ki, Dövlət Proqramında Azərbaycanda turizm zonalarının yaradılmasına xüsusi önəm verilir: «Bu gün Azərbaycanda iri turizm komplekslərinin inşası diqqət mərkəzindədir. Məsələn, Qusarda «Şahdağ» istirahət kompleksinin tikintisi kimi... Bu səbəbdən də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin, Torpaq və Xəritəçəkmə Komitəsinin, yerli icra hakimiyyəti orqanlarının çox fəal işləməsi tələb olunacaq. Proqramın hər bəndinin icrası ilə bağlı xüsusi bir işçi qrupu yaradılacaq, onların iş planı tərtib ediləcək».
   
   300 hotel və 123 turizm şirkəti lisenziya alıb
   
   Turist və mehmanxana şirkətlərinin fəaliyyətinə toxunan nazir qeyd edib ki, 2002-ci ildə ölkə iqtisadiyyatı turizmdən 432 milyon manat gəlir götürdüyü halda, 2009-cu ildə bu rəqəm 1 milyard 122 milyon manata yüksəlib: «Burada söhbət yalnız Azərbaycana gələn turistlərin xərclədiyi vəsaitdən gedir. Mehmanxanaların, turist şirkətlərinin qazancını da nəzərə aldıqda, bu sahənin mal və xidmət dövriyyəsinin milyardlarla manatla ölçüldüyünü, turizmin geniş maddi-texniki bazasının yarandığını qeyd edə bilərik».
   Son 8 ilin statistikası ilə bağlı məlumat verən nazir bildirib ki, hər il Azərbaycanda 25-50 yeni mehmanxana, hotel, motel və digər turist yerləşdirmə obyektinin təməli qoyulur: «Hazırda 50-yə qədər mehmanxana kompleksinin inşası davam edir. 2002-ci illə müqayisədə yerləşdirmə yerlərinin sayı 3 dəfə artıb. Xüsusilə 2002-2003-cü illərdə iş adamlarında turizm sahəsinə böyük maraq yarandı. Həmin vaxt cəmi 32 turizm şirkəti vardı, bu gün isə onların sayı 123-dür. Bu rəqəm hesab edirəm ki, Azərbaycanda rəqabət imkanları açır. Biz lisenziyalaşdırmaya başlayanda ölkədə cəmi 40-50 hotel lisenziya almışdı. Bu gün isə 300-ə qədər hotel lisenziya alıb, daha 20 hotelin sənədlərinə baxılır».
   
   Kadr problemi həll olunacaq
   
   Ə.Qarayev qeyd edib ki, ölkənin turizm sənayesinin üzləşdiyi başlıca problemlərdən biri də turizm xidmətlərinin səviyyəsinin artırılmasıdır: «Bu məsələ Dövlət Proqramında da əksini tapıb. 2006-cı ildə Azərbaycanda turizm təhsili verən yeganə ali məktəb - Azərbaycan Turizm İnstitutu yaradıldı. Bu il institutun ilk məzun buraxılışı olacaq. 300 nəfər məzunun hamısı harada işləyəcəklərini artıq bilirlər». Nazir bundan sonra lisenziyalaşdırma qaydalarının daha da ciddiləşdiriləcəyini, peşəkar kadr hazırlığına daha böyük diqqət veriləcəyini deyib: «Mehmanxanalara, turizm şirkətlərinə lisenziya verərkən mütləq orada peşəkar kadrların olması nəzərə alınacaq. Dövlət Proqramında bu məsələlər əksini tapıb, sənəd ümumilikdə turizm sənayesinin üzərinə böyük məsuliyyət qoyur. Məsuliyyətin əsas yükü Mədəniyyət və Turizm Nazirliyinin üzərinə düşsə də, bizə bu işdə assosiasiyalarımız, ictimai qurumlar da kömək edəcək».
   
   Azərbaycana gələn turistlərin sayı 1,5 faiz artıb
   
   Nazir bildirib ki, dünya iqtisadi böhranı ilə müşayiət olunan 2009-cu ildə Azərbaycana gələn insanların sayı 3 faiz azalsa da, turistlərin sayı 1,5 faiz artıb: «Ümumilikdə son 2 ildə ölkəyə gələn turistlərin sayı 41 faiz yüksəlib. Bu yüksək rəqəm Dünya Turizm Təşkilatı tərəfindən də qeyd olunub. Dünyada turizm sahəsində böhran və çətinliklərin olmasına rəğmən, Azərbaycan turist sayının yüksək artımına nail olub. Bu, ölkəmizdə aparılan sosial-iqtisadi siyasətin nəticəsi olmaqla yanaşı, həm də dövlət tərəfindən turizm sahəsinə göstərilən diqqətin təzahürüdür».
   Nazirin sözlərinə görə, bu sahədə qarşıda duran başlıca məqsədlərdən biri ölkəmizin turizm bazarını açıq, şəffaf, azad rəqabətli meydan kimi təqdim etməkdir: «Turizm sənayesində heç bir inhisarçılıq yoxdur. Bu gün hər bir iş adamı bu sahəyə sərmayə qoya və qanun çərçivəsində sərbəst fəaliyyət göstərə bilər. Eyni zamanda, biz bu sərmayələrin yerləşdirilməsinə, beynəlxalq standartlara uyğun müəssisələrin yaradılmasına xüsusi önəm veririk. Turist yerləşdirmə obyektlərinin sayının artırılmasına çalışırıq. Bu obyektlər nə qədər çox olsa, xidmətin səviyyəsi nə qədər yüksək olsa, ölkəmizə turist axını da bir o qədər artacaq».
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar