Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Rəşid Behbudov adına 2 nömrəli 11 illik Musiqi məktəbinin şagirdi Ülvi Hüseynzadə Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən “Astana Grand Festival” VII Beynəlxalq incəsənət müsabiqəsində instrumental ifaçılıq (tar, 11-13 yaş kateqoriyası) nominasiyasında I yeri qazanıb.
O, onlayn formatda qatıldığı müsabiqədə Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən fraqmenti tarda məharətlə ifa edib.
İndiyədək bir sıra respublika və beynəlxalq miqyaslı müsabiqələrdə uğur qazanan ifaçı bildirib ki, onu bu uğura həm də doğmalarının, müəllimlərinin, dostlarının dəstəyi, fikirləri motivasiya edib: “İndiyə qədər qazandığım uğurlar da məni ruhlandırır. Artıq qarşıma daha böyük hədəflər qoya bilirəm”.
Qeyd edək ki, onlayn formatda keçirilən “Astana Grand Festival” VII Beynəlxalq incəsənət müsabiqəsinə əksər keçmiş sovet respublikaları qatılıb. Azərbaycan təmsilçiləri müsabiqədə müxtəlif nominasiyalar üzrə nailiyyət qazanıb.
Lalə AZƏRİ