Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 10 mart – Milli Teatr Günü münasibətilə teatrsevərləri videoçarx vasitəsilə təbrik edib.
Milli peşəkar teatrımızın yaranmasının 148-ci ildönümü ilə bağlı təqdim edilən videoçarxda Azərbaycan teatrının tanınmış simaları yer alıb. Kompozisiyanı Akademik Musiqili Teatrın rejissoru Samir Qulamov və teatrın operator-montajçısı Hikmət Şahverdizadə hazırlayıblar.
Layihənin ideya müəllifi, teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev teatrsevərlərin bu dəfə fərqli məkanda və fərqli formada qarşılanmasının səbəblərini belə açıqlayıb: “Artıq bir ildir sevimli səhnəmizdən ayrı düşmüşük. Bütün bunlara baxmayaraq, ümidlə hər şeyin öz əvvəlki axarına düşəcəyi günləri gözləyirik. Bir ildir onlayn fəaliyyət göstəririk, sosial şəbəkə hesablarımızda tamaşalarımız nümayiş olunur. Etiraf edək ki, tamaşaçılarımızdan ötrü çox darıxmışıq. Müasir texnologiyanın tələblərinə nə qədər cavab verməyə çalışsaq da, canlı ünsiyyətin, canlı sənətimizin yerini heç nə vermir. Hələlik sevimli tamaşaçılarımızı teatrlarımızda qarşılaya bilməsək də, Milli Teatr Günü münasibətilə onları da təbrik edirik və “tezliklə görüşənədək!” deyirik”.