Sumqayıtın tarixinə işıq salan məkan
Şair, mütəfəkkir Ömər Xəyyamın fikridir: “Bu günü daha yaxşı görmək üçün keçmişi bilməliyik”. Keçmişlə körpü yaratmağın bir vasitəsi də muzeylərdə qorunan tarixi eksponatlardır. Əsrlərin yadigarı olan nümunələrdən sanki uzaq keçmişin hənirini duyursan.
“Orada bir muzey var” rubrikasında oxucularımızı paytaxtdan kənarda – şəhər və rayonlarımızda fəaliyyət göstərən və özünün kifayət qədər tarixi olan muzeylərlə tanış edəcəyik. Bu silsilədən ilk olaraq yolumuzu Bakıya ən yaxın yerdən – Sumqayıtın Tarixi Muzeyindən saldıq.
150 eksponatla başlanan yol
Sumqayıtın Tarixi Muzeyi Azərbaycan SSR Nazirlər Sovetinin 13 mart 1967-ci il tarixli sərəncamı ilə yaradılıb. Sumqayıt Şəhər İcraiyyə Komitəsi 1967-ci il 17 fevral tarixli protokolla muzey üçün ümumi sahəsi 360 kvadratmetr olan Səməd Vurğun küçəsindəki 132 saylı yaşayış evinin birinci mərtəbəsində yer ayırır. Həmin il noyabrın 2-də muzeyin açılışı keçirilir.
150 eksponatla fəaliyyətə başlayan muzey gənc şəhərin 18 illik sənaye, təhsil, səhiyyə, mədəniyyət sahələrinin fəaliyyətinə dair nümunələrlə sakinlərin mədəni istirahətinə müəyyən töhfə verirdi. 1988-ci ildən muzey ayrıca ikimərtəbəli binada yerləşir. Həmin bina 2008-ci ildə əsaslı təmir edilərək sumqayıtlıların ixtiyarına verilib.
Bu gün muzeyin fondunda 15 minə yaxın eksponat qorunur. Bu eksponatlar ayrı-ayrı bölmələrdə – təsviri və tətbiqi incəsənət məmulatı, arxeoloji əşyalar, fotoşəkillər, sənədlər və s. üzrə əsas və elmi-köməkçi fondda yerləşdirilib.
Ümumi sahəsi 2680 kvadratmetr olan muzey binasının xüsusi tərtibat verilmiş ekspozisiya, mühazirə, sərgi zalları, kütləvi tədbirlərin keçirilməsi üçün 165 yerlik akt zalı sakinlərin xidmətindədir. Onu da qeyd edək ki, 54 yaşlı Sumqayıtın Tarixi Muzeyində təkcə şəhərin deyil, bütövlükdə ölkəmizin keçmişini, mədəniyyətini əks etdirən eksponatlar da var.
XII əsrdə buradan keçmiş tacirin dolçası
Muzeyə daxil olarkən, digər muzeylərdə olduğu kimi, burada da sanitar-gigiyena qaydalarına riayət edildiyini gördük. Girişdə ziyarətçilərin hərarəti ölçülür, dezinfeksiyaedici məhlul təqdim olunur.
Muzeydə qarşımıza ilk olaraq Sumqayıt əfsanəsi ilə bağlı yaradılan guşə çıxır. Birinci mərtəbədəki ekspozisiya zalında xüsusi qurğunun köməyi ilə səslənən əfsanə ziyarətçiləri xəyala aparır...
Muzeyin ekskursiya aparıcısı Nərmin Kərimli eradan əvvəl II əsrdən etibarən, Çinin Sian şəhərindən başlayaraq Şərq ölkələrindən dolaşan Böyük İpək Yolunun bir qolunun Orta əsrlərdə Sumqayıtın ərazisindən keçdiyini söyləyir. Maketə yaxın xüsusi vitrinlərdə yerləşdirilmiş etnoqrafik məişət əşyaları arasında bu nümunə diqqətimiz çəkir. Bələdçimiz XII əsrə aid şirli şərab dolçasının Sumqayıt ərazisindən tapıldığı, vaxtilə buradan keçmiş tacirlərdən birinə məxsus olduğunu vurğulayır.
Nərmin xanım bildirir ki, muzeyin ekspozisiyası böyük və kiçik zallarda nümayiş olunur.
Bundan başqa, birinci mərtəbədə Qədim İpək Yolunun bir qolu – Sumqayıt ərazisini əks etdirən maket, saxsı və mis qablardan ibarət guşə, “Sumqayıt XXI əsrdə” adlı rəngkarlıq əsəri yer alıb.
Sumqayıtın “Həyat ağacı”
Birinci mərtəbənin tam ortasında maraqlı bir kompozisiya ilə qarşılaşırıq. Müəllifi İlqar Əliyev olan bu kompozisiya “Həyat ağacı” adlanır. Bu “ağac” Sumqayıtda tikilən ilk sənaye müəssisəsi – İstilik Elektrik Stansiyasının simvoludur. “Ağac”ın üzərində müxtəlif zavodları əks etdirən borular əks olunub. Kompozisiyanın ətrafında Sumqayıtda tikilən ilk ev, Cəfər Cabbarlı adına Mədəniyyət evi, Sumqayıt Şəhər İcra Hakimiyyətinin binası, Səməd Vurğun adına Mədəniyyət Sarayı, “Kimyaçı” Mədəniyyət Sarayı və s. tikililərin maketləri quraşdırılıb.
Muzeydə dördağızlı su qabları da diqqətimizi çəkir. Bələdçimiz deyir ki, e.ə. III əsrə aid olan bu su qabları Şamaxı rayonundan tapılaraq muzeyə hədiyyə edilib.
Numizmatika bölməsində 1898-ci ildən 1991-ci ilə qədər Azərbaycanda istifadə olunan kağız pullar, həmçinin mis, nikel və gümüşdən hazırlanmış sikkələr nümayiş etdirilir. Antologiya bölməsində XVI əsrə aid olan qədim daşlar nümayiş olunur. Daşlara diqqətlə baxdıqda onların üzərindəki balıq əkslərini görmək mümkündür.
***
Birinci mərtəbənin ekspozisiya zalında ulu öndər Heydər Əliyevin Sumqayıtın inkişafında xüsusi rolunu əks etdirən guşə də yaradılıb. Guşədə ümummilli liderin büstü, onun Sumqayıta səfərləri ilə bağlı fotoşəkillər, qəzet və jurnallar yer alıb. Prezident İlham Əliyevin Sumqayıta səfərləri də ayrıca guşədə əksini tapıb.
***
Muzeyin ikinci mərtəbəsi də ekspozisiya baxımından zəngindir. Sumqayıtçayın adını daşıyan şəhərlə bağlı ətraflı məlumat ikinci mərtəbənin ekspozisiya zalında tamamlanır. Böyük ekspozisiya zalında inşaat, quruculuq işləri, ilk müəssisələr, zavodlar, fabriklər, təhsil, səhiyyə, idman, mədəniyyət ocaqları, əmək qabaqcılları haqqında məlumatlar, əşyalar, sənədlər, fotoşəkillər 72 yaşlı şəhər haqqında zəngin təəssürat yaradır. Bu zalda həmçinin Corat qəsəbəsi sakinlərinin yaşam tərzini və Sumqayıtın ilk qurucularının məişətini əks etdirən otaq-maketlər qurulub.
İkinci mərtəbədə diqqətçəkən guşələrdən biri xarici ölkələrdən gətirilən əşyalardır. Üç vitrindən ibarət olan bölmədə Sumqayıtın qardaşlaşdığı şəhərlərdən gətirilən hədiyyələr nümayiş olunur.
“Şəhidlər qalereyası”
Sumqayıtın Tarixi Muzeyində daimi fəaliyyət göstərən “Şəhidlər qalereyası” da yaradılıb. Bu ekspozisiya zalında “Vətən uğrunda ölüm həyatın davamıdır” fikri nəzəri cəlb edir. Vitrinlərdə yerləşdirilmiş sumqayıtlı şəhidlərin şəxsi arxivlərindən seçmələr, onlara məxsus geyimlər, əşyalar, habelə 1988-ci ildə erməni millətçilərinin Sumqayıtda törətdiyi təxribatlara həsr olunmuş kitablar, fotoşəkillər, sumqayıtlı rəssamların rəngkarlıq nümunələri ziyarətçidə maraq oyadır.
Daha bir maraqlı kompozisiyanın qarşısındayıq. “Ulduz axını” adlanan kompozisiyanın müəllifi Vaqif Nəzirovdur. Deyirlər, hər insan ölən zaman göydən bir ulduz yox olur. Vaqif Nəzirov isə bu kompozisiya ilə söyləmək istəyir ki, şəhidlərimizin ulduzu heç vaxt sönmür, daima şəfəq saçır...
Muzeydə həmçinin 44 günlük Vətən müharibəsinə həsr olunan xüsusi guşə yaradılıb. Guşədə qazanılan şanlı Zəfər zamanı Sumqayıt sakinlərinin sevinc hisslərini əks etdirən fotolar nümayiş olunur.
***
Bələdçimiz Nərmin Kərimli qeyd edir ki, muzey fondunun materialları ictimai-siyasi xarakterli ümumşəhər tədbirlərində nümayiş olunur. Muzeyin əməkdaşları elmi-kütləvi işlərdə daim fəallıq göstərir, əlamətdar və tarixi günlər, bayramlarla bağlı müxtəlif xarakterli tədbirlər – sərgilər, dəyirmi masalar, mühazirələr təşkil edir. O cümlədən orta ümumtəhsil məktəblərində səyyar sərgilər keçirilir, tarix dərslərində muzeyin əməkdaşları tərəfindən mühazirələr oxunur, məktəblilərin muzeyə ekskursiyaları təşkil olunur.
Sonda muzeyin iş rejimi ilə maraqlanırıq. Bələdçimiz söyləyir ki, həftənin bütün günü fəaliyyət göstərən muzeyi şagirdlər 50 qəpik, yerli vətəndaşlar 1 manat, xarici vətəndaşlar isə 3 manat ödəyərək ziyarət edə bilərlər.
Sumqayıtın Tarixi Muzeyində zamanımız necə keçdi, bilmədik. Hər guşə, hər eksponat tarix səhifəsidir. Yolunuz Sumqayıta düşsə, siz də bu məkana baş çəkin. Heydər Əliyev prospekti 382. Şəhərin mərkəzində, çox rahat tapacağınız bir ünvandır...
NURƏDDİN