XVI əsr Venesiya rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən olan Tisian Veçellionun itmiş hesab edilən əsərlərindən biri tapılıb.

Bu barədə ingilis mediası məlumat yayıb. Bildirilib ki, britaniyalı bərpaçı və sənətşünas Ronald Mur İntibah dövrünə aid rəsmi Ledburi şəhərində “Müqəddəs Mixail və bütün mələkləri” məbədində təsadüfən aşkar edib.

R.Mur məbədə Leonardo da Vinçinin “Son şam yeməyi” freskasının XIX əsrə aid nüsxəsini bərpa etmək üçün gedibmiş. O, kilsənin gözdən uzaq küncündə üzəri eyni mövzuda işlənmiş kətan tapıb. Rəsmdən bir neçə solğun boya qatı silindikdən sonra həvarilərdən birinin obrazında sənətkarın öz portreti aşkara çıxıb.

Bərpaçı ehtimal edir ki, Tisianın üzünü kətana oğlu və tələbəsi Horatsio Veçellion əlavə edib. Kətanı ultrabənövşəyi şüalarla işıqlandıran sənətşünas rəssamın “Titianvs” imzasını oxuya bilib.

Qeyd edək ki, müasirləri tərəfindən “Kiçik ulduzlar arasında Günəş” adlandırılan T.Veçellionun rəssamlıq metodikası, xüsusilə rənglərdən istifadəsi nəinki İtalyan Renessans rəssamlarına, həmçinin Qərb incəsənətinin görkəmli nümayəndələrinə də mühüm təsir göstərib.

LALƏ