F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “İnstagram” sosial şəbəkə səhifəsində təşkil etdiyi “Qonağım ol” rubrikasında görkəmli qrafika ustası, Xalq rəssamı Arif Hüseynov görüş keçirilib.

“Qonağım ol” rubrikasının əsas məqsədi tanınmış mədəniyyət, incəsənət, ədəbiyyat nümayəndələri ilə uşaqların virtual görüşlərini təşkil etmək, uşaqları sənət adamlarının yaradıcılığı ilə yaxından tanış etmək, onların intellektual səviyyələrinin inkişafını stimullaşdırmaq  və canlı yayım vasitəsilə diskussiya aparmaq imkanı yaratmaqdır.

Virtual görüş çərçivəsində Arif Hüseynov izləyicilərə yaradıcılığı, fərdi və qrup sərgiləri, işləmə texnikası barədə danışıb, əldə etdiyi nailiyyətlərdən söz açıb, dünya rəssamlıq sənəti haqqında fikirlərini bölüşüb.

Bir çox kitabların illüstratoru olan Arif Hüseynov realist rəssam kimi əsərlərində səmimiyyətə üstünlük verdiyini bildirib..

Sənətkar canlı yayıma qoşulan izləyicilərin “Sizin həyatınızı, ruh halınızı əks etdirən əsər hansıdır?”,, “Əsərlərinizdə ən çox hansı rənglərə üstünlük verirsiniz?”,  “Əsərlərinizdə uşaqların zövqlərini nəzərə alırsınızmı?”, “Akademik təhsilli rəssam kitab illüstrasiyası edə bilərmi?”, “Rəssam-dizayner olmaq üçün nə etmək lazımdır?”, “Uzun müddət üzərində işlədiyiniz əsər hansıdır”,  “Yadda qalan rəssam olmaq üçün nə etmək lazımdır?” və s. suallarına ətraflı cavab verib.