Zəngin tarixi-mədəni irs, əlverişli təbii-coğrafi şərait və müasir istirahət mərkəzləri
Azərbaycanda turizmin inkişafını sürətləndirmək, ölkənin daxili turizm potensialını dünya bazarına çıxarmaq, xarici turistlərin diqqətini səfalı guşələrimizə cəlb etmək məqsədilə 2003-cü ildə Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən bölgələr üzrə 7 turizm marşrutu müəyyənləşdirilib. Bunlardan 4-ü əsas, 3-ü isə əlavə marşrut hesab edilir. Əsas turizm marşrutları Bakı-Xaçmaz, Bakı-Balakən, Bakı-Astara və Bakı-Qazax, əlavə marşrutlar isə Bakı-Abşeron yarımadası, Bakı-Dağlıq Qarabağ, Bakı-Naxçıvandır.
Azərbaycanın daxili turizm potensialı, ilk növbədə, bölgələrin əlverişli təbii-coğrafi mövqedə yerləşməsi, zəngin flora və faunası, gözəl təbiəti ilə şərtlənir. Eyni zamanda, son illərdə ayrı-ayrı bölgələrdə müasir tələblərə cavab verən istirahət mərkəzlərinin, hotellərin inşası, yol-nəqliyyat infrastrukturunun yaradılması həm xarici, həm də yerli turistlərin bölgələrimizə marağını artırıb.
Xaçmazda çimərlik turizmi daha çox inkişaf edib
Azərbaycanın turizm imkanları ilə tanınan və hər il minlərlə insanın istirahət etdiyi regionlarından biri Xaçmazdır. Uca dağları, Xəzər dənizi boyunca uzanan meşələri, zəngin təbiəti, özünəməxsus mətbəxi və adət-ənənələri baxımından bu rayon turistlər üçün çox cəlbedicidir.
Rayon əhalisinin əsas gəlir mənbəyi də əkinçilik və turizmdir. Nabran-Yalama-Xudat yolu boyunca ilin bütün fəsillərində təzə meyvə-tərəvəzə rast gəlmək olur. Rayon ev şəraitində hazırlanmış müalicəvi əhəmiyyətli meyvə şirələri və içkilərlə də məşhurdur. Böyük alman səyyahı Adam Oleari hələ 1636-1638-ci illərdə Azərbaycana səfərindən yazarkən Xaçmazda içdiyi müxtəlif meyvə şirələrini xüsusilə qeyd etmişdi.
Xaçmaz rayonunun təbii-coğrafi mövqeyi onu Azərbaycanın ən tanınmış turizm məkanlarından birinə çevirib. Burada ən çox çimərlik turizmi inkişaf edib. Rayon mərkəzindən çox da uzaqda olmayan Nabranın adını eşidəndə adamın gözləri önünə ilk olaraq dəniz və çimərliklər gəlir. 1960-cı illərdən müxtəlif dövlət idarələrinin həmkarlar ittifaqları burada öz işçiləri üçün istirahət evləri tikməyə başlayıblar. Hazırda isə Nabran kəndi gözəl təbiəti, qonaqpərvər insanları ilə bərabər, yüksək standartlara cavab verən turizm obyektləri ilə tanınır.
Nabrandan 6 km məsafədə Tel kəndi yerləşir. Bu kəndin ərazisi ov həvəskarları üçün əsl tapıntıdır. Kənddən bir qədər aralıda palçıq vulkanı var. Sakinlərin dediyinə görə, vulkanın palçığı müxtəlif dəri xəstəliklərinin dərmanıdır.
Xaçmaz rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Nazim Ağayevin bildirdiyinə görə, rayon ərazisində eyni vaxtda 1600-dək insanı qəbul etməyə imkan verən 40 turist yerləşdirmə obyekti, o cümlədən 1 üçulduzlu, 3 dördulduzlu hotel fəaliyyət göstərir. 2009-cu ildə rayona 18 minədək turist gəlib. Onlar əsasən istirahət-əyləncə və müalicə turizminə üstünlük verirlər.
Qədim abidələri və müasir istirahət mərkəzləri ilə məşhur Qəbələ
Qəbələ rayonu Azərbaycanın şimal-qərbində, Şəki-Zaqatala iqtisadi zonasında, Dağıstan və Gürcüstanla sərhəddə yerləşir. Rayon qoz, fındıq və şabalıd bağları ilə ad çıxarıb. Dağ yamaclarında, dəniz səviyyəsindən 1000 m yüksəklikdə yerləşən məşhur şabalıd meşələrindəki ağacların hər birinin orta yaşı 500 ildən çoxdur. Bu ağaclardan bəziləri dövlət tərəfindən mühafizə olunan təbii abidələr siyahısına daxil edilib. Respublikanın ən uca zirvəsinə - Bazardüzü dağına (dəniz səviyyəsindən 4466 m yüksəklikdə) gedən alpinist marşrutlarından biri bu rayondan keçir.
Rayonun ərazisində çoxlu qədim tarix, mədəniyyət və memarlıq abidələri var. Əmirli kəndindəki Alban məbədi (IV əsr), Nic kəndindəki Hacı Qərib məscidi və Çotari alban kilsəsi, Həzrə kəndindəki Şeyx Bədrəddin və Şeyx Mənsur türbələri (XV əsr), Şəfili kəndindəki məqbərə (XVII əsr), Həmzəlli Şıxbaba piri (XVI əsr) və digər abidələr Qəbələ rayonunda mədəni turizmin inkişafı üçün mühüm zəmin yaradır.
Rayonda turistlərin yerləşdirilməsi üçün beynəlxalq standartlara cavab verən turizm infrastrukturu mövcuddur. Son illər rayonda yeni turizm kompleksləri, ən yüksək dünya standartlarına cavab verən istirahət mərkəzləri inşa edilir. Bu isə həm əcnəbi, həm də yerli turistlərin Qəbələyə marağını artırır. İstirahətini Qəbələdə keçirmək və rayonla daha yaxından tanış olmaq istəyən insanların sayı ilbəil artır. Turistlər Qəbələnin ekzotik təbiəti ilə təmasda olmaq, yerli mətbəxin ləziz nümunələrindən dadmaq, müxtəlif mədəniyyət nümunələri ilə tanış olmaq məqsədilə bu gözəl məkana təşrif buyururlar.
Qəbələ rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Nargilə Qafarova bildirir ki, 2009-cu ildə Qəbələ rayonuna 30 minədək turist gəlib ki, onların 5 minə yaxını əcnəbilərdir. Rayonda eyni vaxtda 900-dək turist qəbul etməyə imkan verən 12 mehmanxana və mehmanxana tipli turizm obyekti fəaliyyət göstərir. Bunlardan «Qəbələ», «Gilan» hotelləri və «Duyma» istirahət mərkəzi 3 ulduzlu, «Qafqaz Resort» hoteli 5 ulduzludur.
Masallının İstisuyu can dərmanıdır
Masallı rayonu relyefinə və təbiətinə görə Azərbaycanın səfalı və füsunkar guşələrindən biridir. Rayonun bir tərəfi qədim Talış dağları və meşələri ilə, bir tərəfi Xəzər dənizi ilə əhatə olunub. Bütün bunlar bölgədə turizmin inkişafı üçün gözəl zəmin yaradır. Hələ yüz illər öncə ətraf bölgələrdən və uzaq diyarlardan gələn insanlar Masallıda yer altından çıxan qaynar sulardan müalicə məqsədilə istifadə ediblər.
Turizm üçün əlverişli təbii şəraitə malik rayonda beynəlxalq standartlara cavab verən istirahət mərkəzləri, turist yerləşdirmə obyektləri var. Masallı rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Lətifə Mövsümova rayon ərazisində 1400 yerləşdirmə yeri olan 26 turist obyektinin fəaliyyət göstərdiyini bildirdi.
2009-cu ildə rayona 10 minədək turist gəlib ki, onların da 4-5 faizini əcnəbilər təşkil edib.
Rayondakı İstisu sanatoriyasının yaxınlığında yerləşən "Dəstvənd" ən çox turist qəbul edən hotellərdəndir. Həmin istirahət mərkəzinə ölkəmizdə fəaliyyət göstərən səfirliklərin əməkdaşları, eləcə də İrandan və Türkiyədən turistlər gəlirlər.
Qəriblər kəndi ərazisində yerləşən "Türkan" istirahət-sanatoriya kompleksi və "Rasim" hoteli də beynəlxalq standartlara uyğun təmir olunub. Burada "Viləşçay" su dəryaçasına qayıqla səyahət, atçılıq, üzgüçülük və digər idman növləri ilə məşğul olmaq üçün şərait var.
İsmayıllı xarici turistlərin sevimli məkanıdır
Azərbaycanın turizm üçün əlverişli olan dilbər guşələrindən biri də İsmayıllı rayonudur. Böyük Qafqazın cənub ətəklərində yerləşən İsmayıllı ərazisində tariximizin qədim dövrlərinin izləri qalmaqdadır. Rayonda müxtəlif sənətkarlıq növləri yüksək inkişaf edib ki, bu da İsmayıllını turistlər üçün maraq obyektinə çevirib.
Rayonun dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən Lahıc kəndi sənətkarları ilə məşhurdur. XIX əsrin ortalarında Lahıcda 200-dək misgərlik emalatxanası fəaliyyət göstərib. Vaxtilə Lahıc ustalarının yüksək sənətkarlıqla düzəltdikləri odlu və soyuq silahlar əl-əl gəzib. XIX əsrin birinci yarısında Rusiyanın İjevsk silah zavodunda Lahıc ustalarının təcrübəsindən istifadə olunmuşdu. O dövrdə Lahıcda 100-dən artıq sənət növü - misgərlik, dabbaqlıq, çəkməçilik, papaqçılıq, sərraclıq, dəmirçilik, həkkaklıq, qalayçılıq, dulusçuluq, dərzilik və sair peşələr inkişaf tapmışdı.
1980-ci ildən muzey-qoruğa çevrilən Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, Girdiman qalası qorunan tarixi abidələr siyahısındadır. Saf havası, suları can dərmanı olan dağ kəndi Lahıcda turizm mərkəzinin yaradılması zəruridir. Hər il Lahıca 8 minədək qonaq gəlir ki, onların da 80-90%-i əcnəbilərdir. İrandan, Rusiyadan, Yaponiyadan, İtaliyadan və İspaniyadan respublikamıza təşrif buyuran qonaqar Lahıcda dincəlmək istəyirlər.
İsmayıllı rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Azər Abbasovun dediyinə görə, rayon ərazisində 600-dək yerləşdirmə yeri olan 15 turizm istirahət mərkəzi, mehmanxana və mehmanxana tipli obyektlər fəaliyyət göstərir.
Rayonun «Qreen House», «Qız qalası», «Qaya», «Rizvan», «Çıraqban», «Həsənoğlular», «Şəlalə» istirahət mərkəzlərində yerli və xarici turistlərə yüksək səviyyədə xidmət göstərilir. Ötən il İsmayıllı rayonunda 15 mindən çox yerli və xarici turist istirahət edib.
Daşkəsən müalicəvi bulaqları və bitkiləri ilə məşhurdur
Daşkəsən rayonu Kiçik Qafqazın şimal-şərqində yerləşdiyi və səthi şimala doğru alçalan dağlarla əhatə olunduğu üçün olduqca mənzərəli, qışda qismən azalan, yaz-yay, payız mövsümlərində aşıb-daşan dağ çayları ilə zəngindir.
Rayona xüsusi gözəllik verən yol boyunca uzanan qalın meşələrdə əsasən fıstıq, vələs, palıd, cökə, söyüd, göyrüş, qozqara (qaraağac), töləkə və görməşov ağacları bitir.
Rayonda müalicəvi bitkilər də geniş yayılıb. Onlardan kəklikotu, gülxətimi, qəfli, sarıçiçək, çobanyastığı, boymadərən, boyxoş, andız, qaraçiyələk, qaraçörək, yarpız, daşyarpızı, dəvədabanı, solmazçiçəyi, yasəmən, çəmən, yolotu (qırxbuğum), cincilim qantəpər, şehdərən, dağ bənövşəsi, bənövşə, nərgiz, lilpar, unnuca, gicitkən, qaymaqçiçəyi və s. müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir. Rayonun gur çeşməli, şəffaf, müalicəvi əhəmiyyətli bulaqları - Yumurtalı bulaq, Narzan bulağı, Turşsu bulağı, Qiblə bulağı, Qayğı bulağı, Böyrək bulağı, İdris bulağı, Seyid bulağı turistlərin ən çox ziyarət etdiyi məkandır.
Təbii gözəlliyi, xoş mənzərəsi, zəngin bitki və heyvanat aləmi Daşkəsəni təkcə yerli turistlər üçün deyil, həm də xarici qonaqlar üçün maraqlı turizm obyektinə çevirib. Rayonda “Narzan” ailəvi istirahət mərkəzi, iki hotel fəaliyyət göstərir.
Xoşbulaq yaylağı xüsusilə xarici turistlərin özünə istirahət yeri seçdiyi məkandır. Burada istirahət üçün iki kottec fəaliyyət göstərir. Rayon Mədəniyət və turizm şöbəsinin müdiri Elçin Qurbanovdan aldığımız məlumata görə, hazırda ilk olaraq 20 belə kottecin tikilməsi planlaşdırılıb. Növbəti illərdə isə bu tikililərin sayı 100-ə çatdırılacaq. 2009-cu ildə rayon ərazisində istirahət etmək üçün 14 minədək turist gəlib ki, onlardan təxminən 500 nəfəri əcnəbilər olub.
Naxçıvanda ekoturizmin inkişafı üçün əlverişli imkanlar var
Qeyd etdiyimiz kimi, əsas marşrutlardan başqa Azərbaycan ərazisində əlavə marşrutlar da var ki, bunlardan da məlum səbəblərdən hələlik istənilən səviyyədə istifadə etmək mümkun deyil. Bu sırada Bakı-Naxçıvan marşrutunu xüsusi qeyd etmək lazımdır. Qədim Azərbaycan torpağı olan Naxçıvan təbii bulaqları və gölləri ilə ekoturizmin inkişafı üçün əlverişli imkanlara malikdir. Batabat gölü bu gün turistlərin ən çox diqqətini çəkən yerlərdəndir. Şahbuz şəhəri ərazisində, Naxçıvan şəhərindən 65 km məsafədə, dəniz səviyyəsindən 2445 m hündürlükdə olan bir yer həm də özünün şəfalı suyu ilə tanınır.
Təbiətin gözəl guşələrindən biri olan Batabat yaylağı gül-çiçəkli çəmənlikləri, təbii gölü, sadə və təmiz dağ havası, meşələri, Zorbulaq, Südlübulaq kimi bulaqları və «Narzan» tipli Batabat mineral suları ilə məşhurdur. Batabat yaylağının iqlimi ciyər, ürək, əsəb və s. xəstəliklərin müalicəsi üçün çox münasibdir. Ərazi dərman bitkiləri ilə zəngin olduğundan, həm də təmiz hava hesabına burada gələcəkdə turist bazası və fizioterapiya mərkəzinin yaranması üçün perspektiv var. Batabat yaylağında aparılan tədqiqatlar nəticəsində Mustye mədəniyyətinə, Tunc, İlk Dəmir dövrünə, orta əsrlərə aid abidələr, yaşayış məskənləri, qalalar, ibadətgahlar, qayaüstü rəsmlər, qoç, daş heykəlləri və s. aşkara çıxarılıb.
Daş kitabələr olan qədim Gəmiqaya rəsmləri Naxçıvanda turistləri cəlb edən başqa bir məkandır.
Naxçıvanın Duz dağı da müalicəvi məkan hesab olunur. Burada müasir tipli beşulduzlu hotel tikilib. Duz dağına MDB məkanından, hətta xarici ölkələrdən müalicə olunmaq üçün astma xəstələri gəlirlər.
Əlimiz çatmayan Qarabağ...
Bakı-Dağlıq Qarabağ marşrutunu turistlərə təqdim edə bilməsək də, Azərbaycanın bu dilbər guşəsinin hər qarışı maraqlı bir turizm obyektidir. Bu cənnət diyarın müalicəvi əhəmiyyətli yeraltı suları, gözəl təbiəti, zəngin flora və faunası, yayda diş göynədən buz bulaqları hələ qədim dövrlərdən insanları özünə cəlb edib.
Açıq səma altında muzey
Bakı-Abşeron marşrutu isə çoxəsrlik tarixi olan qədim abidələrlə zəngindir. Son illər yarımada ərazisində yerləşən bir sıra abidələrimizin UNESCO-nun Mədəni İrs siyahısına salınması, zəngin və qədim tariximizi özündə yaşadan məbədlərimizin yenidən bərpası, Atəşgahda, Qala kəndində tarixi-etnoqrafik muzey-qoruqların yaradılması Abşeronun gələcəkdə turistlərin sevimli məkanına çevriləcəyinə zəmin yaradır.
Rayonlar beynəlxalq səviyyədə təbliğ olunur
Bu gün Azərbaycanın turizm marşrutları üzərində rayonlarda müxtəlif turist layihələri həyata keçirilir, həmin layihələr çərçivəsində bölgələrimiz beynəlxalq səviyyədə təbliğ olunur. Bu sırada «Böyük İpək yolu», «Şərab yolu», «Xalçaçılıq», «Aleksandr Düma Qafqazda» və «Azərbaycanda alman məskənləri» layihələrini qeyd etmək olar. Sözügedən layihələr ölkəmizə gələn turistlərin sayının artırılmasına və çoxçeşidli turizm məhsulunun yaradılmasına xidmət edir.
“Mədəniyyət”