“30-40 nəfərlik kapellanı idarə etmək 80-90 nəfərlik simfonik orkestrlə çalışmaqdan daha çətindir”

Yəqin mənim kimi sizin də dirijor deyəndə özünəməxsus, lokallaşmış təsvir göz önünüzdə canlanır: qara fraklı kişi dirijor pultu arxasında dayanıb, əlindəki çubuğu ilə qarşısındakı nizamla düzülmüş orkestrə işarələr edir və onun diktəsində musiqi əsəri ifa olunur...

Xarici ölkələrdə bilmirəm, amma bizdə qadın dirijorlar, daha doğrusu, bu peşədə  tanınmış qadınlar həmişə az olub. Bunun səbəbləri müxtəlif olsa da, ən başlıcası sənətin mürəkkəbliyi və xüsusi bacarıq tələb etməsidir. Xüsusən xor dirijorundan. Bu mənada qadın üçün çətin görünən işi əsl iradə nümayişi ilə ustalıqla davam etdirən xanım dirijorumuz var – Gülbacı İmanova. Bəstəboy, qıvrımsaçlı bu xanım kollektiv musiqinin ən çətin istiqaməti olan xor musiqisi üzrə yetişən mütəxəssislərimizdəndir. 1996-cı ildən Dövlət Xor Kapellasına rəhbərlik edir.

Bu günlərdə ömrünün 65, kapellaya rəhbərliyinin 25 yaşını sakitcə, özünəməxsus nizamla – birsəsli xor xasiyyətində qeyd edən Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və baş dirijoru, Xalq artisti Gülbacı İmanova ilə  görüşüb, söhbətləşdik. Məşq zamanına təsadüf edən bu solo söhbətimizə keçməzdən əvvəl sənətkarı, başlıqda da yazıldığı kimi – xorla (redaksiyamızın bütün kollektivi adından) təbrik edir və sözü  illərdir susaraq dilləndirən xanıma veririk:

– Dirijor özü danışa bilməlidir. Təbii ki, musiqinin səsində. Dirijorların özünəməxsus işarələri də var. Ən yaxşı musiqi aləti insan səsidir, çünki bütün hiss qammasına hakimdir. İllər sonra keçdiyim yola nəzər salanda öz-özümə həmişə bir sözü deyirəm: nə yaxşı ki, musiqiçi, məhz xor dirijoru oldum. Hərçənd buna  həvəs kimi  yanaşmışam. Fortepiano sinfi üzrə musiqi məktəbini bitirsəm də, ali təhsilimi tibb sahəsi üzrə seçməyə qərar verdim. O zamanlar üzgüçülüklə də məşğul olurdum. Hətta idman ustası dərəcəm var. Amma tale adamı öz yolu ilə aparır. Ümumən dirijor peşəsi də həmişə məni özünə çəkirdi. Bu isə dirijorluğu sırf kişi işi sayan valideynlərimin heç xoşuna gəlmirdi. Xüsusən anamın. Həmişə “Qız uşağısan, fortepiano üzrə təhsilini al və get otur musiqi məktəbində, dərsini keç” deyirdi. Məhz o istəklə də məni Asəf Zeynallı adına Musiqi Kollecinə gətirdi.

Yadımdadır, qəbulun son günündə sənədlərimi fortepiano sinfinə verdik və könülsüz-könülsüz pilləkənləri düşdüm. Bu zaman hələ məktəbdə mənimlə oxuyan qızla rastlaşdım və o, xor dirijorluğuna sənəd verdiyini dedi. Anamın əllərindən yapışıb razı salmağa başladım. Xeyli dil tökdüm. Nəhayət, sənədlərimi fortepiano sinfindən götürüb xor dirijorluğuna verdim. Hətta anam qarşısında tələb də qoydum ki, ya xor dirijoru olacaq, ya da musiqidən gedəcəyəm. Beləcə, sənədlərimi verdim və həyəcanla imtahan gününü gözlədim. Zarafat deyil, imtahan siyahısında  heç bir təhsil almadığım xor dirijorluğu fənni də var idi. Vaxt yetdi, imtahan başladı və 7-8 nəfərdən ibarət adlı-sanlı musiqiçilər qarşısında dayandım. 15 yaşlı utancaq qız, lap qıpqırmızı oldum, heç nə bilmədiyimi dedim. Komissiya üzvlərindən biri “Eybi yox, gələn il gələrsən” dedi və mən kor-peşman otaqdan çıxmaq istədim. Bu məqam, ruhu şad olsun, böyük musiqiçi Hacı Xanməmmədovun səsi qulağımda cingildədi. Əminliklə üzünü komissiya üzvlərinə tutub “Qızım, əsas odur ki, musiqi üzrə təhsil almısan, sənə imkan veririk. Bizə qadın xor dirijorları çox lazımdır” dedi və bununla da mənim tələbəlik yolum açıldı. Sonra elə onun sinfində oxudum. O, dirijorluqla yanaşı, kompozisiya üzrə də tapşırıqlar verirdi.

Kollecdə təhsil ala-ala musiqi məktəblərində, mədəniyyət saraylarında kurslarda konsertmeyster, xormeyster kimi çalışırdım. Gənc və enerji dolu qız idim, bir növ quş qanadında o işdən bu işə qaçırdım. Hədəflərim böyük idi.  Kolleci bitirdikdən sonra  təhsilimi Sankt-Peterburq Konservatoriyasında davam etdirmək təklifi aldım. O vaxt direktorumuz böyük bəstəkar və pedaqoq Vasif Adıgözəlov idi. Bir gün məni yanına çağırdı,  göndəriş vərəqəsini təqdim edib “Qızım, səndən yaxşı dirijor olacaq. Odur ki, bu sahədə ali təhsil almağını istəyirəm” dedi. Sevincək anama xəbər verdim. Orada oxumaq elə də asan deyildi. Təsəvvür edin ki, keçmiş ittifaq respublikalarından hər il cəmi 2-3 nəfər orada təhsil almaq imkanı qazanırdı və bu şərəfə mən də nail olmuşdum. Di gəl ki, anam razılaşmadı. “Arxanca gəlməyə atan yox, qardaşın yox, qız uşağı nə edəcəksən oralarda? Otur yerində, təhsildir də, burada alarsan” deyərək, necə deyərlər, qol-qanadımı qırdı. Odur ki, təhsilimi Bakıda, konservatoriyada (indiki BMA)  davam etdirməli oldum.

 

–  Yəqin həm də bu səbəbdən qadın dirijorlarımız daim barmaqla sayılacaq qədər az olub?...

–  Ümumən simfonik orkestrdə qadın dirijorlar hər zaman az olub. Bizdə qadınlar əsasən xora dirijorluq edirlər və bunun öhdəsindən yaxşı gəlirlər. Bunun kökündə qadınlara xas cəhətlər durur. Etiraf edək ki, qadınlar daha dəqiq və səliqəlidir. Bu iş də məhz dəqiqlik və hövsələ tələb edir. Digər tərəfdən, sovet dönəmində  simfonik dirijorluğa qadınları qəbul etmirdilər. Dirijorluğun tələbkarlıq, sərtlik kimi bir çox xüsusiyyətləri var. Hər hansı sahədə uğur qazanmaq istəyirsənsə, özünə və başqalarına qarşı tələbkar olmalısan.

 

– Məncə, burada tələbkarlıq, zabitədən ümdə bacarıq, bilgi də vacibdir.

– Sözsüz. Simfonik orkestr dirijoru bütün alətlərin ifa imkanlarını bilməli olduğu kimi, xor dirijoru da hər insanın özünəməxsus tembrini bilməlidir və buna uyğun ifa bacarıqları olmalıdır. Biz səslə işləyirik. Dirijor kapellaya dirijorluq etmədən öncə təqdim etdiyi əsəri ilk öncə özü həm oxumalı, həm də fortepianoda ifa edərək istiqamət verməlidir. Bunu peşəkar bacarmayan dirijor kollektivi idarə edə bilməz. Bilirsiniz ki, musiqiçilərlə işləmək, onlardan bir pillə daha bilgili olduğunu sübut edərək idarə etmək elə də asan deyil. Bunun isə sadəcə, dirijor pultu arxasına keçib, əl hərəkətləri və ya üz-gözünü turşutmaqla edə bilməzsən. İnanın, heyət adamın bir kiçik səhvini, yanlışını qəbul eləməz və bununla dirijorun statusu zəifləyər. Digər tərəfdən, hər bir dirijorda liderlik xüsusiyyətləri, kollektivin üzvlərini ələ almaq, əsərə sevgi hissləri oyada bilmək bacarığı olmalıdır. Dirijor həm də gərək gözəl psixoloq olsun. Çünki musiqi alətlərində çalanlar canlı insanlardır. Orkestrdə istənilən musiqi alətini kökləyib ifa etmək olur. Xorda isə insanlar musiqiyə köklənməlidir. 60 nəfərin bir tonallıqda qalması çox çətindir.

 

– Siz danışdıqca mənim təsəvvürlərim tam dəyişir. İndi dirijorları, onların özünəməxsus qaradinməzliyini yaxşı başa düşürəm.

– (gülür) Qaradinməzlik? Nə danışırsız, ən çox elə biz danışırıq – üz-gözümüz, əl-qolumuzla. Sadəcə, siz onu görmürsünüz. Əslində, yaxşı ki görmürsünüz.

 

– Belə çıxır ki, xor dirijoru olmaq daha çətindir? Yəni instrumental ifanı idarə etmək çətindir, yoxsa səsi?

– Orkestrə dirijorluq etmək gözəldir, dəbdəbəlidir, belə deyim də, daha əlverişlidir. Amma xorla işləmək çox çətindir. Bizdə təxminən 70 faiz əsərlər müşayiətsiz, a kapella oxunur. Bir neçə dəqiqə bir tonallıqda qalmaq, eləcə də birindən digərinə keçmək özlüyündə ağır işdir. 30-40 nəfərlik kapellanı idarə etmək 80-90 nəfərlik simfonik orkestrlə işləməkdən daha çətindir. Təsəvvür edin ki, saat təyin olunub və orkestr məşqə gəlib. Hərəsi bir əhvalda, amma işini görür. Alətdir də, musiqiçi partituraya baxa-baxa ifa edir. Səs ilə, yəni xorda bu çox müşkül məsələdir. Səsdə bütün emosiya özünü bariz nümayiş etdirir və biz birsəsli xor ilə buna elə də asan nail olmuruq. Nə qədər adam varsa, o qədər də səs olur və mən onların səslərindən öncə əhval-ruhiyyələrini kökləməliyəm. Bunu bacarmasam, onlar səhnədə ifa edə bilməzlər.

 

– Kənardan çox zabitəli görünürsünüz. Xüsusən də konsertlərdə. Sanki ani yanlışa yol verən üzvünüzü ən ağır şəkildə cəzalandıra bilərsiniz.

– Vay-vay, bu qədər qəddar görünürəm? Təxminən düz dediniz, amansızam, amma cəzam söz, izah, özümə əzab olan uzun-uzadı məşqlərdir. Həm də insanlar müxtəlifdir. Bəzilərini bir kəlmə ilə başa salırsan, bəzilərini də, necə deyərlər, xorla (gülür). Tələbkarlıqla zalımlıq başqa-başqa şeylərdir və mən bir az tələbkaram. Ümumən dirijorda liderlik qabiliyyəti olmalıdır. Təbii ki, burada tabelik musiqi, istedad və bilgi anlamındadır. Kollektiv məni çox sevir və hörməti təkcə zabitəmə görə yox, həm də onları dəyərləndirdiyimə görə edirlər.

 

– Bir az da xor üçün yazılan əsərlərə nəzər salaq. Yəqin ki, onların azlığından gileylisiniz? Amma bir məqam da var ki, bizdə xor musiqisinə maraq elə də böyük deyil...

– Lap yaralı yerə toxundunuz. Biz xalq olaraq tək, solo yaradıcılığa meyilliyik. Bu, bir az da oturuşmuş özünütəsdiq, kollektivdən seçilmə ilə bağlıdır. Odur ki, xora sevgi uşaq musiqi məktəblərindən aşılanmalıdır. Əslində, uşaqlar xoru çox sevirlər, maraq göstərirlər. Gərək onlara istiqamət verib, maraq yaradasan ki, sonra kadr kimi yetişdirib nə isə tələb edəsən. Xor üçün əsərlər isə həm az yazılır və həm də o azlığın içərisindən seçim etmək çətinləşir. Bəstəkarların bir qismi xoru, onun imkanlarını bilmədən yazırlar və hər hansı irad bildirəndə də “Buyurun, istədiyiniz dəyişikliyi edin” deyirlər. Məhz belə əsərlər bir-iki dəfə oxunur və sonrakı taleyi mücərrəd olur...

Söhbətləşdi: Həmidə NİZAMİQIZI