«AİTF-2010» turizm sərgisi maraqlı yeniliklərlə yadda qaldı
      
   Aprelin 28-də Bakının Heydər Əliyev adına İdman-Konsert Kompleksində “AİTF-2010» - 9-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi, 4-cü Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar və 1-ci Ümumrespublika Daxili Turizm sərgiləri açıldı. Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Dünya Turizm Təşkilatı, Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəsmi dəstəyi və «İteca Caspian» şirkətinin təşkilatçılığı ilə keçirilir.
   
   
   Prezident sərgini ziyarət etdi
   
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərginin açılışında iştirak etdi. Prezident əvvəlcə respublikanın 15 bölgəsinin turizm potensialını əks etdirən sərgi ilə tanış oldu. Sərgi barədə ölkə başçısına məlumat verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, ilk dəfə olaraq ölkəmizdə daxili turizm sərgisi keçirilir.
   Sərgidə ölkənin istirahət zonaları, sanatoriyaları və mehmanxanaları barədə ekspozisiyalar vardı. Bölgələrimizin turizm imkanlarının əks olunduğu stendlərlə yaxından tanış olan ölkə başçısına turizm üzrə ixtisaslaşan rayonlarda yaradılmış şərait haqqında məlumat verildi.
   Sonra İlham Əliyev 9-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi ilə tanış oldu. Prezident Rusiyanın Stavropol vilayətinin, Turkiyənin, Hindistanın, Ukraynanın və başqa ölkələrin stendlərinə yaxınlaşdı.
   Dövlət başçısı bu ölkələrin turizm imkanları barədə məlumatlandırıldı.
   
   Bakının abidələri, Naxçıvanın təbiəti, Xaçmazın Nabranı...
   
   Qeyd edək ki, 1-ci Ümumrespublika Daxili Turizm Sərgisində Bakı, Gəncə və Naxçıvanın, Xaçmaz, Lənkəran, Lerik, Şəki, Şamaxı, Quba, Qusar, Masallı, İsmayıllı, Qəbələ, Zaqatala, Qazax və Qax rayonlarının turizm potensialını əks etdirən stendləri ziyarət edənlər burada hər bir regionun milli koloritini duya bilir, Azərbaycanın zəngin folkloru, mətbəxi və ənənələri ilə yaxından tanış olurdular.
   Sərginin ilk sırasında üzərində Bakı ərazisindəki tarixi abidələr, hotellər, istirahət məkanlarının görüntüləri yer alan stend quraşdırılmışdı. Azərbaycanın qədim diyarı Naxçıvanın stendində isə «Duzdağ», «Təbriz» və «Avtovağzal» hotelləri haqqında məlumatlar yer almışdı. Burada, həmçinin, muxtar respublikada istehsal edilən yerli məhsullar, çaylar, sənətkarların əl işləri də nümayiş etdirilirdi.
   Quba, Qusar və Xaçmaz rayonlarına məxsus stendlər də sərgi iştirakçılarının marağına səbəb olurdu. Bu bölgənin rəqs qruplarının çıxışları istər-istəməz oradan keçən ziyarətçiləri ayaq saxlamağa məcbur edirdi. Stendlərə gələn xarici qonaqlar xüsusilə Nabrandakı istirahət mərkəzləri haqqında məlumat almaq istəyirdilər.
   
   Şəki sənətkarlarının əl işləri sərgiyə xüsusi rəng qatır
   
   Məlumdur ki, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri də Qazaxdır. Sərgidə rayonun tarixini, mədəniyyətini, məişətini, etnoqrafiyasını əks etdirən müxtəlif eksponatlar nümayiş etdirilirdi. Burada qazaxlıların XIX əsrin sonu - XX əsrin əvvəllərində istifadə etdikləri geyim nümunələri, milli musiqi alətləri yer almışdı. Rayonun mədəniyyət və turizm şöbəsinin nəzdində fəaliyyət göstərən folklor ansamblının çıxışları da ziyarətçilər tərəfindən maraqla qarşılandı.
   Gəncənin stendində isə şəhər sənətkarlarının əl işləri nümayiş etdirilirdi. Gəncə şəhər Mədəniyyət və turizm idarəsinin rəisi Mina Məlikovanın dediyinə görə, bu məkana gələn turistlər çalışırlar ki, Gəncəni xatırladan suvenirlər aparsınlar. Bu səbəbdən də stendlərində əsasən sənətkarlıq nümunələrinə yer veriblər. Bundan başqa, Gəncənin stendində şəhərin mehmanxanaları, Gəncə Şərab Zavodunun məmulatları, Göygöl, Hacıkənd və Daşkəsəndə olan istirahət marşrutları haqqında məlumatlar da yer almışdı.
   Qax və Zaqatala rayonlarının stendlərində də ziyarətçilər üçün maraqlı turizm məhsulları yerləşdirilmişdi. Hər iki rayonun mədəniyyət və turizm şöbələrinin nəzdində fəaliyyət göstərən rəqs qruplarının çıxışları iştirakçıların diqqətini xüsusi cəlb edirdi.
   Daxili turizm sərgisinin iştirakçıları arasında Şəki şəhərinin stendi də maraqlı idi. Xan sarayı, karvansaralar, hamamlar haqqında məlumatlarla yanaşı, Şəki sənətkarlarının əl işləri də lövhəyə xüsusi rəng qatırdı.
   Lerik, Masallı və Lənkəran rayonlarına aid stendlərdə isə ölkəmizin cənub zonasına məxsus mətbəx nümunələri nümayiş etdirilirdi. Bundan başqa, ziyarətçilərə bu rayonların tarix-diyarşünaslıq muzeylərinin eksponatları, bu istiqamətdə yerləşən müasir tipli hotellər və istirahət məkanları haqqında ətraflı məlumatlar da təqdim olunurdu.
   Sərgidə Şamaxı, İsmayıllı və Qəbələ rayonlarının turizm potensialı da geniş nümayiş etdirilirdi. Bu bölgənin xüsusilə mətbəxi turistlərin diqqətini cəlb edir. Qeyd edək ki, Azərbaycana gələn turistlərin əksər hissəsi istirahət etmək və təbiətin gözəlliklərindən zövq almaq üçün məhz bu rayonların ərazisini seçir.
   
   Sərgidə bir stend də var...
   
   «Qarabağ» adlanan bu lövhədə Şuşa rayon Mədəniyyət və turizm şöbəsinə məxsus xalçalar, musiqi alətləri, məişət əşyaları yer almışdı. Bir də Qarabağımzın təbiətini, tarixi abiədələrini əks etdirən şəkillər vardı orda, vəssalam...
   Diqqətimizi stendin qarşısında dayanıb oranı sakitcə seyr edən bir ağsaqqal çəkdi. Gözləri dolmuşdu qocanın, sanki içindəki «Hanı mənim gözəl Qarabağım» sualına cavab axtarırdı. Nəbi Cəfərov adlı bu ziyarətçiyə yaxınlaşıb sərgi barədə təəssüratlarını bizimlə bölüşməsini istədik. O isə «Danışası halda deyiləm, qızım» deyib bizdən uzaqlaşdı...
   
   Xarici şirkətlərin ölkəmizə marağı böyükdür
   
   Kompleksin birinci pavilyonunda yerləşən «AİTF-2010» Turizm və Səyahətlər Sərgisinin ziyarətçiləri isə əsasən yerli vətəndaşlar idi. Burada İtaliya, İsveçrə, Almaniya, Avstriya, Fransa, Rusiya, Ukrayna, Belarus, Çin, Kipr, Sloveniya, Latviya, Litva, Estoniya, Vyetnam, Kamboca və Sinqapurdan 130-dən çox şirkət öz məhsulunu 33 istiqamət üzrə təqdim edirdi. Eyni zamanda, Türkiyə, Yunanıstan, Kipr, Malayziya, Tunis, BƏƏ, Mavriki, Hindistan, Çexiya və Gürcüstan milli stendləri ilə çıxış edirdilər.
   Malayziya, Maldiv, Mavriki, Seyşel adaları və Tailanddan olan şirkətlər isə “Adalarda cənnət” adlı ekzotik turizm marşrutunu təqdim edirdilər.
   Stavropol diyarının tanınmış kurort şəhərləri olan Yessentuki, Jeleznovodsk, Kislovodsk, Mineralnıye Vodı, Pyatiqorsk ziyarətçilərə sanatoriya müalicəsi üzrə xidmətlərin ən geniş diapazonunu təqdim edirdilər. Sərgidə iştirak etmək məqsədilə ölkəmizə gələn Stavropol vilayətinin qubernatoru Valeri Qayevski qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycanın yeni bir turizm marşrutu kimi dünyada tanınması Rusiya turoperatorlarının diqqətini buraya cəlb edib.
   Ukrayna turizm şirkətləri də sərgidə geniş təmsil olunur. Onlar Azərbaycan turistlərinə təkcə Qara dənizin kurortlarını deyil, həm də Truskaves və digər şəhərlərin müalicə kurortlarını da təklif edirlər.
   “AİTF-2010”un ən diqqətçəkən iştirakçılarından biri də ilk dəfə sərginin tərəfdaşı qismində çıxış edən Türkiyədir. Bu ölkənin stendinin əsas şüarı «İstanbul - Avropa mədəniyyətinin paytaxtı - 2010»dur. Turkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Tayfun Şenel qəzetimizə açıqlamasında bildirdi ki, İstanbulun bu adı qazanması onlara uzun illərin əziyyəti hesabına başa gəlib. Türkiyəli təmsilçinin sözlərinə görə, AİTF sərgisində ilk gündən iştirak edirlər. Azərbaycanın turizm imkanları həmişə Türkiyə şirkətlərinin diqqətini cəlb edib.
   Malayziya, Tailand və Hindistanın turizm şirkətlərinin təqdimatları da maraqlı idi. Hindistanlı rəqqasların çıxışları ziyarətçilərin onlara yaxınlaşmasına səbəb olurdu.
   
   Müxtəlif növ mebel dəstləri istəyənlər HOREX-ə gəlsin
   
   AİTF ilə yanaşı keçirilən «Mehmanxana, Restoran və Supermarketlər üçün hər şey» mövzusunda 4-cü Qafqaz Beynəlxalq HOREX sərgisində Azərbaycan, Türkiyə, Rusiya və başqa ölkələrdən olan şirkətlər iştirak edirdi. Ekspozisiyaların içərisində ziyarətçiləri daha çox mətbəx avadanlıqları, hamam otaqları üçün kosmetik aksessuarlar, mehmanxanalar, supermarket və restoranlar üçün mebel dəstləri, qəlyanaltı sistemləri maraqlandırırdı.
   HOREX sərgisi çərçivəsində xarici mütəxəssislərin iştirakı ilə aşpaz və barmenlər üçün peşəkar təkmilləşdirmə kursları da keçirilirdi.
   Qeyd edək ki, «AİTF-2010» sərgisi bu gün işini başa çatdıracaq.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar