Azərbaycan

17 mart 1905 – Şair, nasir, tərcüməçi Mikayıl Manaf oğlu Rzaquluzadə (1905 – 10.11.1984) anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir. Rus və dünya ədəbiyyatından tərcümələr edib.

17 mart 1923 – Əməkdar artist Mirvari Balahacı qızı Novruzova (1923 – 20.3.1994) Bakıda doğulub. Akademik Milli Dram Teatrının aktrisası olub, filmlərdə, televiziya tamaşalarında çəkilib.

 

18 mart 1916 – Şair, tərcüməçi Böyükağa Məmməd oğlu Qasımzadə (1916 – 29.8.1957) anadan olub. Rus ədəbiyyatından tərcümələr edib, M.Füzulinin “Yeddi cam” əsərini farscadan dilimizə çevirib.

18 mart 1922 – Dramaturq Qeybulla İbadulla oğlu Rəsulov (1922 – 11.9.1988) Qax rayonunun İlisu kəndində doğulub. Pyesləri: “Günəşlə oyananlar”, “Şəhərli oğlan”, “Bir “Volqa” məhəbbət” və s.

18 mart 1979 – Məşhur xanəndə, Xalq artisti Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşirov; 20.8.1901 – 1979) vəfat edib. Muğamlarımızın bənzərsiz ifaçısı olmaqla yanaşı, “Şuşanın dağları”, “Məndən gen gəzmə”, “Ay gözəl” və s. mahnı və təsnifləri bəstələyib.

 

19 mart 1901 – Xalq artisti Ələkbər Seyfulla oğlu Seyfi (1901 – 15.12.1977) Tiflisdə anadan olub. 1929-cu ildə Bakı Türk İşçi Teatrına dəvət alıb. Filmlərdə (“Uşaqlığın son gecəsi”, “Mən ki gözəl deyildim”) çəkilib.

19 mart 1907 – Əməkdar artist Sadıq Saleh Xəlil oğlu Bağırov (1907-1977) Bakıda anadan olub. Dövlət Akademik Dram Teatrının aktyoru olub, filmlərdə çəkilib.

19 mart 1920 – Aşıq, şair Oruc Vəli oğlu Əhmədov (1920-1976) anadan olub.

19 mart 1925 – Dövlət xadimi, yazıçı-publisist, maarifçi Nəriman Kərbəlayi Nəcəf oğlu Nərimanov (14.4.1870 – 1925) vəfat edib. Azərbaycanın sovetləşməsindən sonra respublika hökumətinin – Xalq Komissarları Şurasının sədri olub. 1922-ci ildən Moskvada –mərkəzi hökumətdə (SSRİ MİK) işləyib. “Nadanlıq”, “Nadir şah”, “Bahadır və Sona” və s. əsərlərin müəllifidir.

19 mart 1928 – Tanınmış aktyor Əfrasiyab Məmmədov (1928 – 18.11.1990) Gəncədə doğulub. Akademik Dram Teatrında çalışıb, Dövlət Kukla Teatrında rejissor işləyib. “Qızmar günəş altında”, “Koroğlu”, “Dədə Qorqud” və s. filmlərdə çəkilib.

19 mart 1994 – Xalq artisti, bəstəkar, cazmen Rafiq Babayev (31.3.1936 – 1994) Bakı metrosunda (“20 Yanvar” stansiyası) baş verən terror hadisəsində həlak olub. “Cəngi” folklor-caz kollektivini yaradıb, “Anlamaq istəyirəm”, “Cin mikrorayonda” və s. filmlərə musiqi bəstələyib.

 

Dünya

 

17 mart 1856 – Polyak əsilli məşhur Rusiya rəssamı, dekorativ pannolar və freskalar müəllifi Mixail Aleksandroviç Vrubel (1856-1910) anadan olub.

17 mart 1901 – Amerika kino bəstəkarı, dirijor, aranjimançı Alfred Nyuman (Alfred Newman; 1901-1970) anadan olub. 9 dəfə “Oskar” laureatı olub.

17 mart 1938 – Tatar-başqırd əsilli məşhur balet artisti Rudolf Hametoviç Nuriyev (1938-1993) anadan olub. 1961-ci ildə SSRİ-dən Britaniyaya mühacirət edib.

 

18 mart 1842 – Fransız şairi, simvolizmin banilərindən biri Stefan Mallarme (Stéphane Mallarmé; 1842-1898) anadan olub.

18 mart 1844 – Rus bəstəkarı, dirijor Nikolay Andreyeviç Rimski-Korsakov (1844-1908) anadan olub. “Sadko”, “Qar qız”, “Motsart və Salyeri”, “Qızıl xoruz” operalarının, “Şəhrizad” simfonik süitasının müəllifidir.

18 mart 1938 – Hind aktyoru, rejissor Şaşi Kapur (Shashi Kapoor; 1938 – 4.12.2017) anadan olub. Kapurların ikinci nəslinin nümayəndəsi, Rac Kapurun kiçik qardaşıdır.

 

19 mart 1895 – Ukrayna şairi, tərcüməçi, ədəbiyyatşünas Maksim Faddeyeviç Rılski (1895-1964) anadan olub.

19 mart 1926 – İtaliya kinorejissoru Valerio Zurlini (1926-1982) anadan olub.

Hazırladı:  Vüqar ORXAN