Pasxa öncəsi karantin qaydaları sərtləşdiriləcək

COVİD-19 ilə bağlı pandemiya ikinci ilinə qədəm qoysa da, dünyanın bir çox yerlərində,   o cümlədən Avropanın əksər ölkələrində karantin rejimində yumşalma deyil, əks tendensiya müşahidə olunur. 2021-ci ilin əvvəlindən başlanan və hələlik yetərli miqyasa çatmayan vaksinasiya da yoluxma sayını azaltmayıb.

Bu arada Avropa İttifaqının (Aİ) üzvü olan bəzi ölkələr koronavirusa qarşı vaksinlərin ədalətli bölgüsü məsələsinə dair təcili sammit keçirilməsi tələbi ilə çıxış ediblər.

Latviya, Avstriya, Sloveniya, Bolqarıstan və Çexiyanın birgə müraciətində qeyd olunur ki, əgər sistem bundan sonra da belə fəaliyyət göstərsə, yaya qədər üzv ölkələr arasında çox böyük qeyri-bərabərlik yaranacaq. Bəzi ölkələrdə kollektiv immunitet yarana biləcəyi halda digər ölkələr çox geridə qalacaqlar.  Bunun üçün bölgü elə təşkil edilməlidir ki, Aİ üzvü olan bütün dövlətlər iyun ayının sonuna, yəni ilin ortalarına qədər əhalinin peyvəndlənməsi üçün qarşıya qoyulmuş məqsədlərə nail ola bilsinlər.

Mövcud vəziyyətdə bir çox ölkələr vəziyyətdən çıxış yolunu sərt karantində görürlər. Amma bu, hələlik müsbət nəticə vermir. Avropanın əhalisinə görə ən böyük ölkəsi olan Almaniyada (83 milyon nəfər) yanvar ayından sərt karantin davam etsə də, yoluxma tendensiyasında nəzərəçarpacaq azalma yoxdur, əksinə, son günlər artaraq gündəlik 10 min nəfəri keçib.

Ötən il birinci dalğada koronavirusdan ən çox zərər görmüş İtaliyada yoluxma hallarının yenidən artması nəzərə alınaraq karantin qaydaları yenidən sərtləşdirilib. Hökumət martın 15-dən aprelin 6-dək yeni qaydaların qüvvədə olacağını elan edib. Eyni zamanda Pasxa bayramı günlərində (3-5 aprel) Sardiniya adası istisna olmaqla, ölkənin bütün regionlarında sərt karantin – “qırmızı rejim” olacaq. Bu müddətdə regionlararası səfərlər qadağan ediləcək və həyati əhəmiyyətli obyektlər (aptek, ərzaq dükanları və s.) istisna olmaqla, bütün iaşə və ticarət obyektləri bağlı olacaq.

Hazırda ölkədə gündəlik yoluxma sayı 25 mindən çox, koronavirusla bağlı ölüm halları 350-400 arasındadır. İtaliyada 3,1 milyon insan koronavirusa yoluxub, ölənlərin sayı 101 min nəfərdən artıqdır.