Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 44 günlük Zəfər tariximizi – Vətən müharibəsini qısametrajlı film və videoçarxlarda böyük qürur hissi ilə tərənnüm edir.
“Böyük qayıdış” qısametrajlı filmi də teatrın qalibiyyət ruhlu layihələrindən biridir. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Samir Qulamov, ideya müəllifi Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, prodüseri Ülvi Cəfərov, rəssamı Vüsal Rəhim, operatoru və montajçısı Hikmət Şahverdizadədir.
Qarabağ tarixinin məşhur simalarından Molla Pənah Vaqif və onun şair dostu, sirdaşı Molla Vəli Vidadinin obrazlarının da canlandırıldığı ekran işi təkcə Qarabağ müharibəsində həlak olanların deyil, tarixən bu torpaqda yaşayan, bu yurda şöhrət gətirən ulularımızın da ruhlarına ithafdır.
Layihənin bədii rəhbəri – Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib ki, “Böyük qayıdış” pandemiya dövründən sonra hazırlayacağımız maraqlı bir layihənin kiçik parçasıdır: “Çox sevinirik ki, uzun və acı həsrətdən sonra Azərbaycan xalqı yenə də o torpaqlara qayıdacaq... Qarabağ azaddır. Qarabağı bizə miras qoyan ulu babalarımızın ruhları da şaddır”.
11 dəqiqəlik filmdə Müdafiə Nazirliyinin, Azərbaycan Televiziyasının materiallarından istifadə edilib.