Bu vulkanlardan ekoturizm vasitəsi kimi necə yararlana bilərik?
   
    Azərbaycan dünyada ən çox palçıq vulkanlarının olduğu ölkə kimi tanınır. Hazırda Yer kürəsindəki 800-dək palçıq vulkanından təxminən 300-ü ölkəmizin ərazisində, eləcə də Xəzər dənizinin Azərbaycan sektorunda qeydə alınıb. Əsasən Bakı və Abşeron yarımadasında, eləcə də Qobustan və Şamaxı rayonları ərazisində yayılmış palçıq vulkanlarının bəziləri təbiət abidəsi kimi formalaşıb. 
   
   Qeyd edək ki, dünya təcrübəsində palçıq vulkanları yerləşən və əsrarəngiz mənzərəyə malik yerlərə turistləri cəlb etmək üçün turlar təşkil olunur, bu yerlərdə müalicə müəssisələri, kurortlar inşa edilir. Bəs dünyada «Palçıq vulkanlarının diyarı» kimi tanınan Azərbaycan necə, təbiətin ona bəxş etdiyi bu imkandan yetərincə yararlana bilirmi?
   Xatırladaq ki, bu məsələ ölkə prezidenti İlham Əliyevin 15 avqust 2007-ci il tarixli «Bakı və Abşeron yarımadasında palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun yaranması haqqında» sərəncamında da əksini tapıb.
   Sərəncamda palçıq vulkanlarından ekoturizm obyekti kimi istifadə olunması önə çəkilir.
   Ölkəmizdə qeydə alınmış 300-dək palçıq vulkanının 70 faizi fəaliyyətdədir. Azərbaycan Turizm İnstitutunun turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri, dosent Bahadur Bilalovun dediyinə görə, palçıq vulkanları həm elmi, həm də tibbi yöndən, o cümlədən, ekoturizm baxımından böyük əhəmiyyət daşıyır: «Hazırda internet vasitəsilə «Təbiətin 7 möcüzəsi» adlı beynəlxalq müsabiqə keçirilir. Müsabiqəyə Azərbaycanın palçıq vulkanları da təqdim olunub. İnternet səsverməsinə 2011-ci ildə yekun vurulması gözlənilir. Sevindirici haldır ki, ölkəmiz hazırda bu yarışmada liderlər sırasındadır. Əgər Azərbaycanın palçıq vulkanları dünyanın 7 təbiət möcüzəsindən biri kimi tanınsa, gələcəkdə ekoturizmin inkişafı baxımından böyük nailiyyət əldə oluna bilər».
   Müsahibim onu da nəzərə çatdırdı ki, MEA-nın Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin müdiri Adil Əliyev palçıq vulkanlarından turizm məqsədilə istifadə edilməsi üçün «Bələdçi» kitabını yazıb. Kitabda 25 vulkan barəsində məlumat verilib: «Müəllif həmin ərazilərə turist marşrutlarının salınmasını təklif edir. Bundan əlavə, 2 ada vulkanı olan Xəzər-Zirə və Qarasu da turizm üçün məsləhət görülüb. Bununla da əcnəbi turistləri ölkəmizə cəlb etməklə yanaşı, Azərbaycanın tanıdılması yolunda addım atmış olarıq. Artıq Geologiya İnstitutu tərəfindən Mədəniyyət və Turizm Nazirliyinə 6 istiqamətdə marşrut işlənərək təqdim edilib».
   B.Bilalovun sözlərinə görə, palçıq vulkanlarının ekoturizmdən başqa, müalicəvi turizmin təşkilində də xüsusi əhəmiyyəti ola bilər. Bu baxımdan palçıq vulkanlarının yaxınlığında müalicə obyektlərinin yaradılması vacibdir: «Dünya təcrübəsində mədə-bağırsaq, pereferik və mərkəzi əsəb sistemi, uroloji, oynaq, radikulit, dəri-boğaz və s. xəstəliklərin müalicəsində vulkan palçığından geniş istifadə olunur. Düşünürəm ki, əlaqədar orqanların, Səhiyyə və Mədəniyyət və Turizm nazirliklərinin işbirliyi nəticəsində ölkəyə turist axınına nail oluna bilər».
   Müsahibim onu da qeyd etdi ki, hələlik ölkəmizdə vulkanların mühafizəsi və tədqiq edilməsi istənilən səviyyədə aparılmır: «Unikal təbiət abidəsi və eyni zamanda, insanların sağlamlığı üçün müalicəvi əhəmiyyətli ərazilər diqqətdən kənarda qalır».
   Bu sahələrin yaxın gələcəkdə ölkənin büdcəsi üçün gəlir mənbəyinə çevrilə biləcəyini deyən mütəxəssis bir çox vulkanların yaxınlığında yaşayış evləri və ictimai iaşə obyektlərinin tikildiyini bildirdi: «Həmin yerlərdə ev tikmək olmaz. Bu yaxınlarda İslandiyada vulkanın püskürməsi bir daha sübut edir ki, vulkanətrafı zonalar çox təhlükəlidir. Vulkan ətrafında istər müalicə mərkəzi, istərsə də turizm obyekti yaratmaq üçün də təhlükəsizlik tədbirləri nəzərə alınmalıdır».
   B.Bilalovun sözlərinə görə, Azərbaycandakı palçıq vulkanlarını turistlərin cəlbedici yerlərə çevirmək olar: «Məsələn, turistlər üçün ən çox tamaşa etdiyi aktiv vulkanlar qrupu Bakı-Ələt avtomobil yolunda - Qobustan qəsəbəsindən cənubda və Daşgil ərazisində yerləşir. Qobustana gedən hər bir turist o palçıq vulkanını görmək arzusunda olur. Deməli, palçıq vulkanlarının reklamına ehtiyac var. Məsələn, 2007-ci ildə dünyada mövcud olan abidələrin internetdə müsabiqəsi keçirilmişdi. Türkiyədəki Ayasofya abidəsi bu müsabiqəyə daxil edilmişdi. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin verdiyi məlumata görə, 2007-ci ildə İstanbulu ziyarət edən turistlərin 3 milyonu məhz bu abidəni görməyə gəlmişdi. Xarici turistlər də palçıq vulkanlarımız haqqında internetdə oxuyub Azərbaycana gəlmək, onları görmək istəyəcəklər»
   
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar