Almaniya Federal Hökuməti miqrantların inteqrasiya ilə bağlı proqramı təsdiq edib. Proqram beş mərhələdən ibarətdir.
Birinci mərhələ gələcək miqrantlar Almaniya ilə sərhədi keçməmişdən əvvəlki vaxta aiddir. Onlar hələ vətəndə olarkən diplomlara aid, təhsil və sair tələblər haqqında məlumat toplamalıdır. Bu, ilk növbədə, ixtisaslı kadrların işə cəlb edilməsi proqramı çərçivəsində Almaniyaya gedənlərə aiddir.
İkinci mərhələ ilkin inteqrasiya tədbirlərini – dil biliklərini, gündəlik həyata başlanmasını, təhsil keyfiyyətlərinin tanınmasını əhatə edir.
Üçüncü mərhələ əmək bazarına inteqrasiyadır. Növbəti mərhələ miqrantın cəmiyyətin bir hissəsinə çevrilməsini ehtiva edir. Buna sosial ödəmələr, səhiyyə sisteminə vergilərin ödənilməsində iştirak, idman və mədəni tədbirlərdə iştirak daxildir.
Beşinci mərhələdə miqrant Almaniyanın ictimai-siyasi həyatında iştirakını nümayiş etdirməlidir.