1918-ci ilin 31 martı Azərbaycan tarixinin ən qanlı günlərindən biridir. Həmin gün erməni silahlı dəstələri Bakıda misilsiz qırğın törədərək 8 minə yaxın azərbaycanlını qətlə yetirmişdi. Şaumyanın rəhbərlik etdiyi “Bakı Kommunası”nın daşnak-bolşevik hərbi qüvvələrinin müsəlman azərbaycanlıların “sovet hakimiyyətinə qarşı çıxması” bəhanəsi ilə bir gün öncə, 30 martda başlatdığı qətliam aprelin 1-dək davam etmiş, üç gün ərzində Bakıda və ətraf kəndlərdə 12 mindən çox insan qətlə yetirilmişdi. Daşnak-bolşevik qüvvələri Təzəpir məscidini topa tutmuş, Bakının ən möhtəşəm memarlıq incilərindən sayılan “İsmailiyyə” binasına od vurmuş, şəhərin böyük bir hissəsini xarabalığa çevirmişdilər.

Kütləvi qırğınlar Qarabağın azərbaycanlı kəndlərində, Şuşada, eləcə də aprel-may aylarında Şamaxıda, Qubada, Lənkəranda, Gəncəbasarda və başqa bölgələrdə davam etmiş, 30 mindən çox müsəlman-türk, habelə digər millətlərdən olanlar – ləzgilər, talışlar, yəhudilər (Quba), almanlar (Gəncəbasar bölgəsi) qətlə yetirilmişdi.

70 illik sovet ideologiyasının “erməni-müsəlman davası”, “əks-inqilabi qiyam” kimi saxtalaşdırdığı 1918-ci ilin Mart hadisələri bolşevik-daşnak ittifaqının xalqımıza qarşı yeritdiyi soyqırımı siyasəti idi. Bu qırğının təşkilatçısı Şaumyan 13 aprel 1918-ci ildə Leninə yazırdı: “Biz artıq 6 min nəfərlik silahlı qüvvəyə malik idik. Daşnakların da 3-4 min nəfərlik silahlı hissələri var idi ki, o da bizim sərəncamımızda idi... Biz bu işə şüurlu surətdə getdik. Əgər azərbaycanlılar üstün gəlsəydi, onda Bakı Azərbaycanın paytaxtı elan edilə bilərdi”.

Göründüyü kimi, azərbaycanlılara qarşı genosid həyata keçirən ermənilər Bakı da daxil bütün Azərbaycanı özlərinin ərazisi etmək əzmində idilər. Biz isə uzun illər bu gerçəklərdən bixəbər idik...

Halbuki hələ 1918-ci il iyulun 15-də Xalq Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qətliamlarla bağlı çoxsaylı sənədlər, materiallar toplamışdı. 1919-cu ildə Cümhuriyyət Parlamenti 31 martın “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd olunması barədə qərar qəbul etmişdi.

Dünya ictimaiyyətinə həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılmışdı. 1919 və 1920-ci illərdə mart ayının 31-i iki dəfə ümummilli matəm günü kimi qeyd edilmişdi. Lakin Cümhuriyyətin süqutu bu işin başa çatmasına imkan vermədi...

Azərbaycanda 70 illik sovet tarixi bizi gerçək tarixdən uzaq saldı. Hətta dəhşətli genosidin qurbanı olmuş minlərlə soydaşımızın uyuduğu qəbiristanlığın üstünü betonlayaraq Kirovun böyük heykəlini qurmuş, ətrafda istirahət parkı salmışdılar. Və illər boyu bu parkda istirahət edib, sovet hakimiyyətinin bizə bəxş etdiyi “bəxtəvərlik”dən dəm vurarkən təsəvvür etmirdik ki, ayaqlarımızın altında nələr var. Çünki o tarix və dəhşətlərin üstü, sözün bütün mənalarında, betonlaşdırılmışdı...

1998-ci il martın 26-da Prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzaladı. Əsrlər boyu azərbaycanlılara qarşı törədilmiş soyqırımı və deportasiya əməllərini geniş təhlil edən və bu hadisələrə siyasi qiymət verən sənədlə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi yenidən tarixdə öz yerini tapdı.

Ötən dövr ərzində tarixi gerçəklərin, xalqımızın iki əsr boyu məruz qaldığı soyqırımı və etnik təmizləmənin dəhşətli miqyasını beynəlxalq aləmə çatdırmaq üçün xeyli iş görülüb.  Amma hələ daha çox iş görməliyik. Çünki hələ də tarixi gerçəklərə qulaq tıxayan dünyanın bir çox yerlərində ermənilərin saxta “tarixi” ayaq açıb gəzə bilir.

Ən əsası isə odur ki, tarix boyu xalqımızın başına nələrin açıldığını, çəkdiyimiz müsibətlərin gerçək miqyas və mahiyyətini özümüz də dərindən dərk etməliyik. Bunun üçün isə həmin tarixi təkcə 31 mart günü deyil, hər gün xatırlamağa, öyrənməyə və unutmamağa borcluyuq...

Vüqar ORXAN