Bugünlərdə Bolqarıstanın paytaxtı Sofiyada Dünya Turizm Təşkilatının (DTT) Avropa üzrə Komissiyasının 51-ci iclası və “Böhran dövründə turizmin idarə edilməsi: Böhran vəziyyəti və konstruksiya üzrə siyasət” adlı texniki seminar keçirilib. Tədbirdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Xarici turizm sektorunun aparıcı məsləhətçisi Kəmalə Həsənova da iştirak edib.
   
   K.Həsənovanın qəzetimizə verdiyi məlumata görə, DTT-nin üzvü olan 25 ölkənin təmsil olunduğu tədbirlərdə təşkilatın baş katibi Taleb Rifai, qurumun Avropa Komissiyasının sədri Marjan Hribar və Avropa üzrə Regional Komissiyanın direktoru Eduardo Fayos-Sola, İspaniya, ABŞ və digər ölkələrdən məruzəçilər çıxış ediblər: «Tədbirin ilk günü “Böhran dövründə turizmin idarə edilməsi: Böhran vəziyyəti və konstruksiya üzrə siyasət” adlı texniki seminarı Bolqarıstanın iqtisadiyyat, enerji və turizm üzrə nazir müavini İvo Marinov açdı. Sonra DTT-nin baş katibi Taleb Rifai iqtisadi böhranın turizm sektorunun inkişafına təsiri, Təşkilat tərəfindən böhran dövründə aparılan işlər və gələcək planlar barədə ətraflı çıxış etdi.
   Seminar müddətində böhran vəziyyəti və konstruksiya üzrə siyasət, böhrandan çıxmaq yolları, əvvəlki vəziyyətə qayıtma, 2010-cu il üçün proqnozlar və sair mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparıldı».
   Dünya Turizm Təşkilatının Avropa üzrə Komissiyasının 51-ci iclasında isə əvvəlcə təşkilati məsələlərə baxılıb: «Marjan Hribar yenidən quruma sədr seçildi. Sonra o, 2009-cu ildə turizm, böhrana cavab, davamlı iqtisadiyyat, iqtisadi və ekoloji dəyişikliklərə dair DTT tərəfində atılan addımlar və Avropa turizminə gedən yol mövzularına dair geniş məruzə etdi. Təşkilatın baş katibi Taleb Rifai isə öz çıxışında böhran dövründə turizmin vəziyyəti, 2010-2011-ci illər üzrə Avropa regionu üzrə İş Proqramının yerinə yetirilməsi, 2010-cu il ərzində Avropada keçirilməsi nəzərdə tutulan tədbirlər və DTT Katibliyində aparılacaq struktur dəyişiklikləri barədə məlumat verdi».
   K.Həsənovanın sözlərinə görə, Taleb Rifai çıxışında 2010-2011-ci illər üzrə Azərbaycanda keçirilməsi planlaşdırılan DTT-nin statistika sahəsində bilik səviyyəsinin artırılması Proqramı çərçivəsində seminarlarını xüsusilə qeyd edib: «O, əlavə etdi ki, 2009-cu il qlobal iqtisadi böhran, H1N1 virusu, həmçinin zəlzələ və təbii fəlakətlərlə əlaqədar turizm sektoru üçün ən çətin illərdən olub».
   K.Həsənovanın dediyinə görə, iclasda həmçinin Təşkilat tərəfindən böhrana cavab məqsədilə həyata keçirilən tədbirlər də müzakirə olunub. 2008-ci ilin oktyabr ayında Turizm Elastikliyi Komitəsinin (Tourism Resillience Committe) və DTT tərəfindən Bərpa üzrə Yol Xəritəsinin (Roadmap for Recovery) təsdiq edilməsi bu qəbildəndir. Yamayka, Braziliya, Komboca və Kolumbiyada bu xəritənin tətbiqi nəticəsində böhranın təsiri azalıb.
   Sonda növbəti iclasın keçirilmə yeri və tarixi müzakirə olunub. DTT-nin 52-ci iclasına ev sahibliyi etmək məqsədilə Polşa öz namizədliyini irəli sürüb və bununla əlaqədar Polşanın turizm imkanlarına dair geniş təqdimat keçirilib. Nəticə olaraq Dünya Turizm Təşkilatının Avropa üzrə Komissiyasının 52-ci iclasının Polşanın Sileziya şəhərində keçirilməsi qərara alınıb.
   
   Fəxriyyə Abdullayeva