XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakının yeni tikililərlə zənginləşməsində avropalı memarların böyük rolu olub. Bu gün də şəhərin memarlıq ansamblında əcnəbi mühəndislərin layihələri əsasında inşa edilən binaların xüsusi yeri var. Bu yazıda polyak əsilli Azərbaycan memarı Yevgeni Skibinski haqqında bəhs edəcəyik.

O, 1858-ci ildə Şamaxı şəhərində anadan olub. 1859-cu ildə Şamaxıda dağıdıcı zəlzələ baş verir. Şəhər camaatı ətrafdakı yaşayış məntəqələrinə köçür. Skibinskinin ailəsi isə Bakıya gəlir. 1880-ci illərin əvvəlində Bakının mərkəzində Dəmiryol vağzalı inşa olunur. Bu tikinti işi onda memarlığa dərin maraq yaradır. Yevgeni Skibinski Sankt-Peterburq şəhərinə gedərək Bədaye Akademiyasına qəbul olunur. 

Təhsilini başa vurduqdan sonra 1886-cı ildə Bakıya dönür, amma bir müddət işsiz qalır. 1896-cı ildə Bakı Şəhər İdarəsində texnik işinə düzəlir. Sonra Bakı Texniki Məktəbində uzun müddət müəllim kimi fəaliyyət göstərir, yeni layihələr üzərində işləyir. Onun layihələri əsasında birmərtəbəli və üçmərtəbəli evlər tikilir.

Mənbələrdə göstərilir ki, o, layihələr üzərində işləyərkən klassik memarlıq üslubu ilə yanaşı, Şərq üslubundan, xüsusilə Bakı və Abşeronun memarlıq ənənələrinə meyil göstərib. 1900-cü ilə qədər 250-dən çox layihə üzərində çalışıb.

Yevgeni Skibinski 1899-cu ildə şəhərin Persidski küçəsində (indiki Murtuza Muxtarov) milyonçu Ağabala Quliyevin mülkünü layihələndirərkən istedad və bacarığını nümayiş etdirir. Mütəxəssislər binanın layihəsinin Şirvanşahlar sarayı memarlığının bilavasitə təsiri altında yaradıldığını bildirirlər. Qeyd olunur ki, bunu Ağabala Quliyev özü istəyir. Çünki o, həmin vaxta qədər səyahətdə olur. Bir çox Avropa ölkələrini gəzir. Qərb memarlığı üslubunda tikilən yaşayış evləri ilə maraqlanır. Bütün bunlara baxmayaraq, sonda qərara gəlir ki, evini milli-romantik ruhda tikdirsin...

Araşdırmalarda bildirilir ki, binanın həcm kompozisiyası tamdır və plastikliyi ilə seçilir. İkinci mərtəbədə baş tağlar, daş üzərində bədii oyma ilə örtülmüş timpanlar diqqət çəkir. Fasadlarda Şərq memarlığı elementlərindən ustalıqla istifadə olunub. Memar binanın ümumi kompozisiyasını yerli milli üslubda təfsir edib.

Yevgeni Skibinskinin layihələri əsasında paytaxtımızda xeyli yaşayış evləri tikilib. Ancaq tanınmış memarın yaradıcılıq tərcümeyi-halında məhz bu ev Azərbaycan memarlıq tarixində qalıb.

Ötən əsrin əvvələrində Bakıya istedadlı və sənətdə yeni mövqeli memarlar gəlir. Bunu yaxşı başa düşən memar şəhər idarəsindəki işini tərk edir. Texniki məktəbdə müəllimlik fəaliyyətini davam etdirir.

Yevgeni Skibinski 1918-ci ildə Bakıda vəfat edib.

2019-cu ildə Polşa Prezidenti Andjey Dudanın Bakıya səfəri zamanı Polşa memarları küçəsində (Səbail rayonu) İosif Qoslavski, Kazimir Skureviç, İosif Ploşko və Yevgeni Skibinskinin adları həkk olunan xatirə lövhələri və onların memarı olduqları bir neçə binanın daşdan yonulmuş barelyeflərinin (müəllif – Elbay Qasımzadə) açılışı keçirilib.

Savalan FƏRƏCOV