Ötən əsrin birinci yarısında teatr rejissorluğu üzrə ali təhsil alan teatr sənətkarlarımızdan biri tanınmış rejissor, pedaqoq, Əməkdar incəsənət xadimi Ağəli Dadaşov olub. O, respublikanın müxtəlif teatrlarında Azərbaycan və dünya ədiblərinin əsərlərinə maraqlı quruluşlar verib.

Ağəli Abbasəli oğlu Dadaşov 20 mart 1906-cı ildə Bakıda anadan olub. N.Nərimanov adına Sənaye Texnikumunda, M.F.Axundzadə adına Teatr Texnikumunda, Moskvada A.Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun Rejissorluq fakültəsində (1930-1935) təhsil alıb. O, ilk olaraq Azərbaycan Dövlət Dram Teatrında “Almaz” və “Vətən namusu” əsərlərinə quruluş verib. Lakin qardaşının vaxtsız ölümü üzündən teatrda fəaliyyətini davam etdirə bilmir, bütün planları alt-üst olur. Respublika Maliyyə Nazirliyində yüksək vəzifə tutan digər qardaşı Həsənəlinin sürücüsü Alyoşanın yanında “Mart qırğınlarında bizi qıran ermənilər indi Bakıda at oynadırlar” deməsi onsuz da repressiya dalğasının tüğyan etdiyi bir dönəmdə onları da cənginə alır. Həsənəli 1938-ci ildə “vətən xaini” damğası ilə həbs olunaraq ailəsi ilə birlikdə Qırğızıstanın Oş vilayətinə sürgün edilir.

Ölkəmizin teatr mühitində yenicə tanınmağa başlayan gənc rejissor Ağəli isə “vətən xaini”nin qardaşı kimi işini itirir. Bu ağır günlərdə o, qardaşının ailə faciəsinə dözməyib Oş şəhərinə gedir. Orazbəyov adına Dövlət Musiqili Dram Teatrının rəhbərliyi ilə “Şahnamə” əsərinə quruluş vermək barədə müqavilə bağlasa da, qardaşının yaşadığı mərkəzdən çox uzaq olan qapalı zonaya buraxılmadığından kor-peşman geriyə qayıdır və bir müddət özünə iş axtarmalı olur. 1938-ci ildə Gəncə Dövlət Dram Teatrında işə başlayır. Gəncə səhnəsində C.Məmmədquluzadənin “Ölülər”, S.Vurğunun “Vaqif”, C.Cabbarlının “Od gəlini”, A.Ostrovskinin “Günahsız müqəssirlər”, S.Rəhmanın “Toy”, S.Midivaninin “Vətən naminə”, H.Quliyevin “Qohumlar” pyeslərini tamaşaya qoyur.

Ağəli Dadaşovun yenidən Bakıya qayıtması və Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlaması həyat və yaradıcılığında əhəmiyyətli dönüş yaradır. Bu teatrın səhnəsində Mir Cəlalın “Bir gəncin manifesti”, Mehdi Hüseynin “Komissar” romanı əsasında “Sirli şəhər”ini, Əli Vəliyevin “Gülşən” povesti əsasında tamaşalara quruluş verir. Qeyd edək ki, Ağəli Dadaşov müxtəlif illərdə Azərbaycan Dövlət Dram Teatrında, Opera və Balet Teatrında, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında rejissor, Gənc Tamaşaçılar Teatrında baş rejissor, Gəncə Dövlət Dram Teatrında baş rejissor və bədii rəhbər, Ağdam Dövlət Dram Teatrında rejissor və bədii rəhbər, habelə Azərbaycan SSR Xalq Komissarları Soveti İncəsənət İşləri İdarəsində Teatr şöbəsinin rəisi vəzifələrində çalışıb.

Ağaəli Dadaşov bir müddət Bakı kinostudiyasında rejissor assistenti və rejissor işləyib. Həmçinin 1968-ci ildən Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) aktyor və rejissorluq sənətindən dərs deyib. Rauf Kazımovski, Arif Babayev, Kamil Rüstəmbəyov, Ağakişi Kazımov, Lütfi Məmmədbəyov və s. onun tələbəsi olub. Azərbaycan Televiziyasına baş rejissor təyin olunan keçmiş tələbəsi Rauf Kazımovski müəllimini də televiziyaya dəvət edib. Ağəli Dadaşov Azərbaycanda televiziya tamaşalarının əsasını qoyanlardan biri kimi tanınıb.

Mərhum kinoşünas, professor Aydın Dadaşov rejissorla bağlı məqaləsində yazır: “1968-ci ilin sentyabrından ömrünün son beş ilini baş müəllim kimi İncəsənət İnstitutunda çalışan Ağəli Dadaşovun tələbələrdən Valeh Kərimovu Mədəni-maarif fakültəsindən aktyorluğa, Zərnigar Ağakişiyevanı axşam şöbəsindən gündüzə keçirməsi onların sənət talelərində mühüm rol oynayıb. 1969-cu ildə tədris teatrında C.Cabbarlının 70 illik yubileyi münasibətilə tələbələrin iştirakı ilə hazırladığı, məşqlərində elmi fəaliyyətini bu müəllifin yaradıcılığına həsr etmiş İncəsənət İnstitutunun rektoru Rahib Hüseynovun da daim iştirak etdiyi, tələbələrdən Mikayıl Mirzəyevin Aydın, Elmira Şabanovanın Gültəkin, Rasim Balayevin Dövət bəy, Zərnigar Ağakişiyevanın Susanna, Əliabbas Qədirovun Surxay, Şəmsi Şəmsizadənin Novruz, Nazim Ağayevin Mirzə Cavad, Məhəmməd Məcidovun Balaxan oynadıqları “Aydın” tamaşası sənət hadisəsi sayılır”.

Təsadüfi deyil ki, görkəmli ədəbiyyatşünas alim, akademik Məmməd Arif həmin tamaşa haqqında “Mən 15-ə yaxın “Aydın” tamaşası görmüşəm, lakin bu tamaşa əvvəlkidən fərqlidir” demişdi.

ADMİU-nun dosenti Əzizağa Quliyevin “Mədəniyyət” qəzetində (2006) çap etdirdiyi “Yaxşıları unutmayaq” məqaləsində deyilir: “Ağəli müəllim aktyor və rejissor sənətinə çox ciddi yanaşır və tələbələrdən də bunu tələb edirdi. O, tez-tez təkrar edirdi: “Sənətdə güzəştə getmək olmaz. Kiçik güzəştlər böyük güzəştlər doğurur ki, bunun da nəticəsində sənətin mahiyyəti heçə enir”. Qəbul zamanı ixtisas fənnindən imtahan götürən Ağəli müəllim istedadlı gənc görəndə o qədər sevinər, fərəhlənərdi ki... O, gənclərə teatrımızın gələcək sənətkarları, incəsənətimizin görkəmli xadimləri kimi baxırdı”.

Sənətşünas, professor İlham Rəhimli Ağəli Dadaşovun öz yaradıcılığında monumentalizmə meyil göstərdiyini, klassik səhnə estetikasına üstünlük verdiyini, aydın və məzmunlu ifadə vasitələri tapdığını yazır: “Tamaşalarında kompozisiya bütövlüyü, vahid məqsəd ətrafında səfərbər edilən aktyor ansamblı olurdu. Aktyorlarla işləməkdə xüsusi həssaslıq göstərirdi və xeyli nəsr əsərlərini dramaturji tələblər səviyyəsində səhnələşdirib. Yaradıcılıqları formalaşmış məşhur sənətkarlarda da təzə yaradıcılıq xüsusiyyətləri üzə çıxarmaqda məharətli idi. Quruluş verdiyi həm realist, həm də romantik pyeslərin tamaşalarında monumentallıq poetika xüsusiyyətlərinin cazibəsi ilə diqqəti cəlb edirdi”.

1973-cü ilin payızında Ağəli Dadaşov televiziya tamaşalarının bir neçəsində aktyor kimi iştirak etmiş tələbəsi, kinorejissor Əbdül Mahmudovun “Qeyri-adi ov” adlı diplom işinin Lənkəran çəkilişlərində qoca ovçu, kənd ağsaqqalı rolunda cəmi bircə gün çəkilərək xəstələnib geriyə qayıdır. Həmin il dekabrın 7-də Bakıda dünyasını dəyişir. Valideynlərinin uyuduğu Əmircan qəsəbə qəbiristanlığında dəfn olunur.

Lalə AZƏRİ