Tamaşaçını canlı ifaya, ifaçını səhnəyə, tamaşaçı ilə ünsiyyətə həsrət qoyan bu başabəla pandemiya günlərində daha bir sənətkarı itirdik. Yaradıcılıqda şəxsiyyət prinsipini əsas meyar hesab edən Xalq artisti, gülüşündə bir ayrı kolorit saxlayan Ramiz Məmmədov da bizləri həmişəlik tərk etdi. Özü də çox sevdiyi və səbirsizliklə gözlədiyi Novruz bayramı günündə – martın 21-də.
O, sənəti və özü üçün qapı döyməyən, “Lazım olanda özləri axtararlar” prinsipi ilə yaşayan, son illər ağır xəstəliklə çəkişsə də, həm yaxınlarına, həm də özünə “Balası, yaxşı olar” kimi təsəllilər verib göz vuran, teatrın adı gələndə körpə uşaq kimi sevinib, ağrı-acılarını unudan nikbin sənət adamı idi. “Kişi heç vaxt yalan danışmaz. Yalan danışan yaltaq, qorxaq, namərd, xain olar” deyib nə özünü, nə də başqalarını aldatmadı. Sənətinə, yaradıcılığına heç vaxt xəyanət eləmədi. Yəqin buna görə də biz onu giley-güzarlı teleproqramlarda görmədik. Sonuncu dəfə səhnədən – “Baladadaşın toy hamamı”ndan əl elədi və ... aradakı bu uzun sükutu əbədi gedişi ilə pozdu...
Hələ tələbə ikən o vaxtkı Şıxəli Qurbanov adına Musiqili Komediya Teatrına (indiki Akademik Musiqili Teatr) dəvət alan, ilk günlərdən fitri istedadını büruzə verən, özünəməxsus oyun tərzi ilə bənzərsiz sənətkarların rol aldığı bir teatrın “qızıl dövr”ündə meydan oxumağa başlayan aktyor yaddaşımızda incə yumoru ilə qaldı. Geniş tamaşaçı auditoriyasının “Qayınana”da Əli, “Gurultulu məhəbbət”də Həsən, “Gözün aydın”da Qəhrəman, “Boşanaq, evlənərik”də Ağacan, “Bəbirlinin kələkləri”ndə Bəbirli, “Əlin cibində olsun”da Veysəl, “Subaylarınızdan görəsiniz”də Əbülhəsən, “O olmasın, bu olsun”da Rza bəy, Hambal və Məşədi İbad (üç quruluşda) kimi sevdiyi Ramiz Məmmədov fərqli oyun texnikası sayəsində daim seçilməyi bacardı.
Musiqili komediya janrının incəliklərini oyununda ustalıqla təqdim edən, zəhmətsevərliyi, özünə qarşı tələbkarlığı və sənətə sevgisi sayəsində yaradıcılıq potensialını göstərməyi bacaran aktyorlardan idi. Hər hansı obrazı haqqında danışarkən aktyorlara xas “yaradıram” deyil, hər zaman “bu obrazı yaşadım” deyirdi. Və mütləq şəkildə gülüşünün dərinliyindəki kədərin içindən nə isə tapıb qəhrəmanının səhnə inikasına çevirirdi...
Bir neçə il əvvəl premyeraların birində hamımızı narahat edən mövzu – bayağı gülüşlə bağlı fikirlərini soruşmuşdum. Əksər həmkarlarından fərqli olaraq, heç kimin bostanına daş atmadan, maraqlı bir təyin irəli sürmüşdü: “Gülüş faciədən doğulmursa, o, yalandır. Ona gülüş kimi baxmaq lazım deyil. Göz yaşları içərisində olmalıdır gülüş. Gülmək asan, güldürmək isə çox çətindir. Bunu bacarmaq lazımdır. Səhnədə yersiz atmacaların, süni hərəkətlərin, yamsılamaların qəti əleyhinəyəm. Bunu az sənətkar, öz yolu, üslubu olan aktyor yarada bilir” demişdi. O vaxt bunun tam fərqinə varmamışdım. Hətta onun müqayisəsini qəribə hesab eləmişdim. Zaman keçdikcə və onun qəhrəmanlarına komik rakursdan baxmadığını yəqin etdikcə Ramiz Məmmədovu da yaxşı anladım...
Ömrünü teatr sənətinə həsr edən, komediya teatrının səhnəsinə sadiq qalan, “Hər bir aktyor öz gücünü bilərək ona həvalə olunan rolun öhdəsindən gəlməlidir. “Hamısı mənim olsun” deyib, rollardan iki əllə yapışmağın mənası yoxdur. Özündən kənarda qalanlara imkan verməyib, bacardı-bacarmadı, hər şeyə sahib çıxmaq istəyənlər ilk olaraq özlərinə, peşələrinə xəyanət edirlər” deyərək öz yerini və oyun gücünü bilən aktyor idi.
“Ürəyimcə olmayan rolu oynamağım yadıma gəlmir” deyib sənətinə xəyanət etməməyi ilə həmişə öyünər, komik və dramatik aktyor bölgüsündən zəndeyi-zəhləsi gedərdi.
Cahangir Məmmədovun (Aslanoğlu) dram dərnəyində aktyorluğun sehrinə düşən, Lütfi Məmmədbəyovun xalq teatrında səhnəni dadanda anlamışdı ki, onun yolu ora – teatradır.
Bir dəfə ondan “Azdrama”ya dəvət almışdız, niyə “Muzkomediya”nı seçdiz ki” soruşanda “Əslində, “Azdrama”da işləyərdim, dəvəti də Adil İsgəndərov kimi əjdaha adamdan almışdım. Amma gedə bilməzdim, gec idi, “Muzkomediya”da işləmək üçün söz vermişdim, qaça bilməzdim” demişdi və mənim “Peşman olmadınız ki“ sualıma əminliklə “Qətiyyən“ cavabını vermişdi.
“Get-gətir”in (televiziya tamaşası; ssenari: M.Muradxanlı, rejissor: Ə.Kazımovski (1997) – red.) Professoru dramatik rolda oynayan Ramiz Məmmədov özünü tragikomediya aktyoru hesab edirdi.
“Aktyoru kinodan daha çox televiziya tanıdır” deyən Ramiz müəllim geniş tamaşaçı auditoriyasının qəlbində “Səhər görüşləri”, “Yumoristik novellalar”, “Komediyalar aləminə səyahət” televiziya verilişlərində oynadığı rollarla da iz qoya bilib.
Daim “Teatr döyüş, mübarizə, haqq və söz meydanıdır” prinsipinə əməl edərək bütün sənət mübarizələrindən qalib çıxmışdı. İstər tamaşaçıları, istərsə də dövlət tərəfindən layiqli dəyərini də almışdı. Teatr sənəti sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə 2001-ci ildə respublikanın “Əməkdar artisti”, 2013-cü ildə “Xalq artisti” fəxri adlarına layiq görülmüş, bir neçə il Prezident təqaüdçüsü olmuşdu.
Dağlı məhəlləsində doğulan Ramiz Məmmədov “Alqışsız səhnəyə çıxdığım gün teatrdan gedərəm. Gizlətmirəm, bu alqışlarla ovunuram, ürəyim dağa dönür” deyirdi. Amansız xəstəlik onu əvvəl səhnədən, sonra həyatdan apardı. Sürəkli alqışlar isə əbədi onun olacaq...
Həmidə NİZAMİQIZI