BMA-da elmi-praktik konfrans

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi. Orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə martın 30-da onlayn rejimdə “Azərbaycan xalq musiqisinə qarşı erməni plagiatı” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbir Azərbaycanlıların Soyqırımı Gününə həsr olunub.

BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadənin moderatorluğu ilə keçən konfransda akademiyanın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəylinin iştirakçılara videomüraciəti təqdim edilib. O, konfransın əhəmiyyətini vurğulayaraq bildirib ki, ermənilərin musiqimizə, mədəniyyətimizə qarşı mənimsəmə cəhdləri uzun illərdir davam edir. Azərbaycanın musiqişünas alimləri, sənətkarları ermənilərin plagiat fəaliyyətini sübut edərək,  bu cəhdlər qarşı mübarizə aparırlar.

Dosent Nuridə İsmayılzadə “Azərbaycan xalq musiqisinə qarşı erməni plagiatı” mövzusunda məruzəsində elmi-tədqiqat laboratoriyası alimlərinin bu sahədə fəaliyyətindən bəhs edib, aparıcı elmi işçi, dosent Ariz Abduləliyevin və böyük elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənlinin tədqiqatlarını diqqətə çatdırıb.

BMA-nın tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva, elm və yaradıcılıq işləri üzrə prorektor, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə mövzu ilə bağlı çıxış ediblər.

Onlayn tədbirdə Xor dirijorluğu kafedrasının baş müəllimi Dilarə Quliyevanın rəhbərliyi altında fortepiano fakültəsi III kurs tələbələrinin ifasında “Laçın” xalq mahnısının videoroliki nümayiş etdirilib.