2 aprel tarixi dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunur. Uşaq ədəbiyyatı ilə bağlı günün bu tarixə təsadüf etməsi məşhur danimarkalı yazıçı, uşaqlar üçün çoxsaylı maraqlı nağıllar müəllifi Hans Kristian Andersenin (1805-1875) aprelin 2-də anadan olması ilə bağlıdır.

Əlamətdar günün məhz bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lepman təklif edib. 1967-ci ildən etibarən yazıçının doğum günü Uşaq Kitabları üzrə Beynəlxalq Şuranın (İBBY) təşəbbüsü ilə bütün dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunur. Beynəlxalq Uşaq Kitabı Günü cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə və kitab mədəniyyətinə cəlb etmək məqsədi daşıyır.

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə “Uşaqları sevindirən, böyükləri düşündürən yazıçı - Hans Kristian Andersen” adlı metodik vəsaiti virtual şəkildə təqdim edib. Vəsait mərkəzi kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün nəzərdə tutulub.

Vəsaitdə pandemiya ilə əlaqədar olaraq Beynəlxalq Uşaq Kitab Günü münasibətilə uşaq kitabxanalarında virtual şəkildə təşkil olunacaq tədbirlərin ssenarisi, H.K.Andersenin yaradıcılığından bəhs edən viktorina sualları, yazıçının “Kralın yeni paltarı”, “Su pərisi”, “Buz qız”, “Düyməcik”, “Noxud üstündə yatan şahzadə qız”, “Qalay əsgərcik”, “Qar kraliçası”, “Dəcəl oğlan”, “Kiçik dəniz qızı”, “Çirkin ördək balası”, “Düyməcik”, “Çaxmaq daşı”, “Dəcəl oğlan”, “Bülbül”  kitablarının onlayn şəkildə müzakirəsi, nağılları əsasında çəkilmiş cizgi filmləri haqqında ətraflı məlumat verilir. 

Metodik vəsaitlə https://www.clb.az/uaqlar-sevindirn-byklri-dndrn-yaz-hans-kristian-andersen_d3133.html linki vasitəsilə tanış ola bilərsiniz.

***

Respublika Uşaq Kitabxanası Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş “Hər zamanın nağılçısı – Hans Xristian Andersen” adlı virtual kitab sərgisi də təqdim edib.

Virtual sərgidə ədəbiyyatlardan ikisi “qızıl fond”dan olmaqla Azərbaycan və rus dillərində 29 kitab tammətinli yerləşdirilib. Oxucular virtual sərgi vasitəsilə “Sehrli nağıllar”, “Qar kraliçası”, “Nağıllar”, “Волшебный Мир”, “Огниво”, “Волшебный зонтик”, “Сказки” və s. müxtəlif maraqlı kitablardan yararlana bilərlər.

Virtual sərgini https://www.clb.az/hans-xristian-andersen_d3138.html linkindən izləmək olar.