Bu günlərdə özümün də aktiv istifadəçisi olduğum “Facebook” sosial şəbəkəsində gəzişirdim. Daha doğrusu, ciddi görsənmək üçün deyim də, araşdırma aparırdım. “Teatr”, “teatral”, “afişa”, “repertuar” və sair kimi xeyli başlıqlarla axtarışlar elədim. Bu adlarla açılan və aktiv olan, istifadəçi və paylaşım sayı çox olan səhifələri sonalayırdım.
Peşman oldum desəm, az demiş olaram. Az qala bütün lazımlı-lazımsız mövzular və adlarla səhifələr açanlarımız, dükan-bazarı Mark Zukerberqin marketinə tökənlərimiz bir yana, özünü teatral, teatrsevər, teatr bilicisi hesab edənlərimizin (istisnalar, təbii ki, var) yadına fağır teatr adı ilə bağlı səhifə yaratmaq düşməyib. Mən teatrların rəsmi FB ünvanlarını və onların ayrı-ayrı əməkdaşlarının (onlayn tamaşa söhbətindən sonra izlənmə sayını artırmaq üçün) sosial şəbəkə hesablarını demirəm. Sırf teatr sənəti, onun təbliği adına səhifələrdən bəhs edirəm. Amma bu mövzuda xarici dillərdə yüzlərlə, minlərlə belə səhifələr var. Birinə baxdım, təxminən bir saat içində bir paylaşıma 650-dən çox rəy yazılmış, baxış sayı 3 mini ötmüşdü.
Maraqlıdır, biz niyə bu işə baş qoşmuruq? Niyə teatrı sosial şəbəkələrə gətirə bilmirik? Teatra münasibətimizdə niyə “qonşudan qalma geri” şakərimizi işə salmırıq?
Nəzərə alsaq ki, çağdaş dövrdə piarın, təbliğatın əsasında məhz sosial şəbəkələr durur. Bunu ticari qafalarımızla yaxşı bilirik. Sual yaranır: Əlimizdə olan bir-iki (say şərtidir) teatr səhifəsini aktiv etmək üçün niyə təşəbbüs göstərmirik və teatrlarımız, onun məsul şəxsləri niyə bu işdə fəal deyillər? Ümumən etiraf edək ki, bizdə teatrın marketinq işi hələ ki ayaq açıb yeriyə bilmir.
Mövzu üzrə “FB gəzintisi”ni davam etdirdikdə, məsələn, qonşu Rusiyada sosial şəbəkələr üzərindən “teatrın marketinq işi” başlıqlı xeyli sayda material – araşdırma, elmi məqalə, hesabat, hətta menecerlərin ustad-dərsləri və seminarlarına qədər gedib çıxdım. İnsafən bu işə xeyli baş yorublar və nəticəni də uzun-uzadı rəqəmlərlə hasil edib ortalığa çıxarıblar. Sadə, monitorinqdir ki, bunu hər il aparır və müqayisəli olaraq müxtəlif platformaların istifadəçi maraqları və səviyyələrinə uyğun təbliğat işi qururlar.
Yuxarıda istisna olaraq qeyd etdiyim kimi, bu işi vacib hesab edib, sosial şəbəkədə müstəqil, təmənnasız teatr təbliği ilə məşğul olanlarımız da var. Konkret olaraq iki aktiv səhifə-hesab var ki, onları bu mövzudakı söhbətimizə çəkməklə məsələyə bir də fərqli prizmadan baxmaq istədim.
Teatrşünas, yazar Sevdacan Babayeva: “Facebook”da “Beynəlxalq teatr” qrupu 2011-ci ildə yaradılıb. Bu təşəbbüsüm bir neçə səbəbdən doğdu. Əvvəla, yerli və dünya teatrında gedən proseslər, yeniliklər, tamaşalar haqda oxucuları həm xəbərdar etmək istədim, həm də teatra uzaq insanları bu sənətə, virtual olsa da, yaxınlaşdırmaq, sevdirmək idi məqsəd. Digər istəyim, qrupun fəaliyyət coğrafiyasını böyütməkdir. Yəni, paylaşımlar arasında xarici müəlliflərin paylaşımlarını elə xaricilər tərəfindən yayılmasına şərait yaratmaq. Bu istəyimə, qismən də olsa, çatdığımı düşünürəm. Lakin bir qədər tənqidi yanaşsaq, bu səhifədə məni qane etməyən nüanslar çoxdur. Bunlardan biri də qrupun üzvlərinin aktivliyinin qaneedici olmamasıdır. Məlum məsələdir ki, şou və qalmaqallardan fərqli olaraq yüksək sənətin izləyiciləri, oxucuları hər zaman az olub. Amma bunun günahı bir az da yaradıcı insanlardadır. Deyir, uman yerdən küsərlər. Mənim də ərkim yerli sənətçilərimizdən küsməyə çatır. Könül istərdi ki, bizim aktyorlarımız, rejissorlarımız, digər sənət xadimlərimiz müzakirələrdə aktiv olsunlar, düşüncə paylaşımı etsinlər. Amma təəssüf ki, sənətçilərimizin aktivliyi ya ad günləri, mükafat təbrikləri, ya da başsağlığı ilə məhdudlaşır. Niyə yaradıcı insanlar bir tamaşa və ya bir film haqda diskussiya, fikir mübadiləsi aparmasınlar? Niyə tənqidlərini, təhlillərini açıq şəkildə, peşəkarlıq nöqteyi-nəzərindən bildirməsinlər? Kimisi rol almamaqdan, kimisi həmkarının xətrinə dəyməkdən çəkinərək, kimisi öz yaradıcı məhsulunu tanıtmağı qeyri-təvazökarlıq kimi dəyərləndirdiyi üçün bu işə qoşulmur. Bu məsələdə hələ ki, Türkiyə, Rusiya və Gürcüstan sənət xadimlərinə baxaraq “o əjdahadan bizdə niyə yoxdur” şikayətləri ilə köks ötürürük. Ümumiyyətlə, sosial şəbəkələrdə teatrla, incəsənətlə bağlı səhifələrin fəaliyyəti kompleks, kollektiv şəkildə olmalıdır. Sosial şəbəkələr PR işinin vacib, eyni zamanda da ən effektli bir qoludur. Səhifəni yaratmaq, adminliyini etmək, paylaşılan materialların məzmunu ilə tanış olub təsdiq və ya ləğv etmək, bir mədəniyyət səhifəsinin dolğun fəaliyyət göstərməsi üçün yetərli deyil. Təəssüf ki, hazırda bir təsisçi və admin olaraq “Beynəlxalq teatr” səhifəsindəki fəaliyyətim “Mən tək, kontrabasda” deyimini xatırladır”.
Aktyor, teatr təbliğçisi Əjdər Dadaşov: “Sosial şəbəkədə ilklərdən olan “Teatrımızın inciləri” səhifəsini 11 il əvvəl yaratmışam. Məqsədim teatrı sevən insanlara aktyorlarımız, teatr, mədəniyyət xadimlərimiz barəsində məlumat verməkdir. Biz onları doğum və ölüm günlərində xatırlayırıq, paylaşımlar edirik.
Bir növ maraqlı, kütləvi olmayan, bəzən heç yerdə görünməyən foto və videolar sayəsində sənət adamlarını izləyicilərə təqdim etməyə çalışırıq. Teatr, səhnə, sənət sevgimizə bu yolla boy verir, tamaşaçı marağı toplamağa çalışırıq. Çünki teatrın, peşəkar sənətin daim təbliğata ehtiyacı var. Sevinirəm ki, istər səhifəmizin, istərsə də eyni adda saytımızın baxış sayı da çoxdur. İzləyicilər bəyənir və xoş sözlərini yazırlar. Nə xoş ki, səhifəni sevdirə bildim. Sonra başqa səhifələr də yarandı və bu öncüllük məni sevindirir”.
Artıq internetə yalnız sosial şəbəkələrdə ünsiyyət qurmağa gələn bir nəsil var. Bu tematik portallarda və ya axtarış sistemlərində tapıla bilməyən bənzərsiz bir auditoriyadır və bundan istifadəmiz vacibdir, mütləqdir...
Həmidə NİZAMİQIZI