Türk əsilli Əmir Xosrov Dəhləvi “Xəmsə”yə ilk dəfə nəzirə yazıb

Nizami Gəncəvi zəngin hikmətlər xəzinəsi ilə müsəlman Şərqində ədəbi fikrin inkişafına mühüm təsir göstərib. Yaxın-uzaq ölkələrdə dahi şairin “Xəmsə”sinin təsiri ilə silsilə əsərlər yaradılıb. Nizami ədəbi məktəbinin ilk görkəmli davamçılarından biri Hindistanın türk əsilli böyük şair, alim və musiqiçisi Əmir Xosrov Dəhləvi olub. O, Nizami ilə yanaşı, Xaqani Şirvanini də özünün müəllimi hesab edib. Ə.Xaqaninin bir neçə qəsidəsinə, Nizami Gəncəvinin isə “Xəmsə”sinə nəzirələr yazıb. Mücirəddin Beyləqanini hörmətlə yad edib. Fars-tacik şairi Əbdürrəhman Cami Dəhləvinin “Xəmsə”sini yüksək qiymətləndirərək deyib: “Nizami Gəncəvinin “Xəmsə”sinə heç kəs ondan gözəl cavab yazmayıb”.

Əmir Xosrov Dəhləvi 1253-cü ildə Hindistanın indiki Uttar-Pradeş ştatında anadan olub. Əsil-nəsəbcə Orta Asiyanın türkdilli xalqlarından çıxmış atası Əmir Mahmud Şəmsi Laçın monqol istilası zamanı Hindistana köçüb. Əmir Xosrov Dəhləvi gənc yaşlarından Şeyx Nizaməddin Övliyanın “Çeştiyə” dini təriqətinə yaxınlıq göstərib. O, musiqinin həm nəzəri, həm də təcrübi aspektləri ilə məşğul olub.

Əsərlərini fars, hind və urdu dillərində qələmə alan görkəmli şair özündən sonra zəngin bir ədəbi irs qoyub gedib. Lirik şeirləri “Töhfət üs-siqər” (“Uşaqlıq töhfəsi”), “Vəsət ül-həyat” (“Həyatın ortası”), “Qürrət ül-kəmal” (“Kamalın başlanğıcı”), “Bəqiyyət ül-naqiyyə” (“Təmiz qalıq”), “Nihayət ül-kəmal” (“Kamalın sonu”) adlı beş mükəmməl divanda toplanıb.

Epik əsərləri içərisində N.Gəncəvinin “Xəmsə”sinə nəzirə olaraq “Mətlə ül-ənvar” (“Nurların mənbəyi”), “Şirin və Xosrov”, “Məcnun və Leyli”, “Ayineyi-İsgəndəri” (“İsgəndərin aynası”), “Həşt behişt” (“Səkkiz cənnət”) adlı poemalarını qələmə alıb. Bu əsərlər Yaxın və Orta Şərq xalqlarının ədəbi fikir xəzinəsini zənginləşdirib.

Dəhləvinin “Xəmsə ”sində yer alan ikinci əsəri “Şirin və Xosrov” poemasıdır. Şair bu əsərində orijinallığa nə qədər can atsa da, fərqli epizodlar yaratsa da, Nizami sehrindən çıxa bilmir. Bunu etiraf edən müəllif yazır:

Nizami hər sözü demiş birinci,
Qoymamış cilasız qalsın bir inci...

1298-ci ildə qələmə alınan poemanın süjet xəttini baş qəhrəmanlar Xosrov və Şirinin taleyi, arzu və əməlləri ilə bağlı hadisələr təşkil edir. Müəllif Xosrovu ölkədə ədalətli və müdrik alimlərdən dərs alan ağıllı hökmdar, cəsur sərkərdə kimi təqdim edir. Ancaq sonrakı hadisələr fonunda Xosrov oxucunun nəzərində çılğın və eyş-işrət düşkünü kimi canlanır. Xalq arasında nüfuzu aşağı düşür və haqqında xoşagəlməz fikirlər dolaşır. O, bunu hiss edən kimi özünü ələ alır. Hakimiyyəti əldən verməmək üçün yollar axtarır. Bizans imperatoru ilə əlaqələri inkişaf etdirir və qızı Məryəm ilə evlənəcəyinə söz verir. Hadisələrin sonrakı gedişində Xosrov Şirini görür və onun gözəlliyinə məftun olur. İlk vaxtlar Şirin onu yaxınına buraxmır. Bundan qəzəblənən Xosrov Şirindən küsür və qisas almaq istəyir. Onda qısqanclıq yaratmaq üçün İsfahan gözəli Şəkərlə evlənir. Xosrovun bu hərəkətləri onu ölkəni idarə etmək işindən ayırır. Buna görə də sarayda dedi-qodular baş qaldırır. Ölkədə haqlı narazılıq, xoşagəlməz fikirlər dolaşır:

Eşqə düşüb, uydu gözəl qadına,
Nə ölkə, nə şahlıq düşdü yadına...

Şair Şirini qürurlu və qənirsiz gözəl kimi təqdim edir. Düzdür, o, Xosrovu ilk dəfə görərkən qəlbində vurğunluq duyğuları baş qaldırır. Ancaq özünü unutmur. Xosrovun ona sadiqliyini və eşqə dəyanətini yoxlamaq istəyir. Buna görə də bir gün özü ilə Xosrovu Məhinbanunun qəsrinə gətirir. Ona Şəbdiz adlı bir at da bağışlayır. O, Xosrovu güclü sərkərdə, ağıllı hökmdar və eşqinə sadiq bir ər kimi görmək istəyir. Xosrovun Şəkərlə evlənməyindən pərişan olur... Fərhadı saraya dəvət edir. Ondan Bisütun dağından süd arxı çəkməsini istəyir. O, Fərhadın inamını, cəsarətini, hünərini yüksək qiymətləndirir. Şirin bir müddət sonra Fərhadın ona aşiq olduğunu öyrənir. Bu eşqin səmimiliyinə inandığı üçün onu rədd etmək istəmir:

Bu eşqin sədası gəzdi hər eldə,
Dolaşdı əfsanə ağızda, dildə.
Macəra ölkəyə, elə yayıldı,
Eşidib qəflətdən Xosrov ayıldı.

Xosrov da Fərhadın Şirini sevdiyini eşidir. Bundan bərk qəzəblənərək çoban paltarı geyinib Bisütun dağına gedir. Daşları bəzəyən naxışları görüncə sənətin ecazkarlığına və Fərhadın hünərinə heyran qalır, afərin deyir. Fərhadla həmsöhbət olur, onun düşüncələri qarşısında çıxılmaz vəziyyətə düşür:

Dedi: Peşən nədir? Vətənin hara?
Dedi: Bir aşiqəm, can qurban yara.
Dedi: Aşiqliyə sübutun varmı?
Dedi: Dərdsiz aşiq bunu duyarmı?
Dedi: Eşqə görə alçalar aşiq.
Dedi: Könül verib, dərd alar aşiq...

Əsərdə yaranan ziddiyyətlər bu səhnədən sonra açılmağa başlayır. Fərhad epizodik obrazdan əsas obraza keçir... Çətin vəziyyətdə qalan Xosrov Bisütundan qayıdır və hiyləgərliyə əl atır. Şirinin ölüm xəbərini gizlin Fərhada çatdırır və onun intiharına səbəb olur:

Elə ki, bu sözlər Fərhada çatdı,
Yaşamaq fikrini başından atdı.
Qəzəbdən başını çaxdı qayaya,
Qan kükrəyib axdı qayaya.
Bu arx süd arxına axdı, calandı.
Dağın ürəyində qan laxtalandı.
Heyhat, yar eşqindən ağlar ölürəm,
Qəlbimdə nisgillər, dağlar, ölürəm.
Deyirdim ölərəm öz qabağında,
O öldü, mən gəzim göz qabağında?

“Şirin və Xosrov” əsəri şairin sənətkarlıq qüdrətini əks etdirən dəyərli sənət incisidir. Əsərdə həm də şairin həyata realist baxışları, təbiət və cəmiyyət haqda fəlsəfi düşüncələri geniş əks olunub. Əsər 1988-ci ildə Abbasəli Sarovlunun tərcümə, ön söz və şərhləri ilə çapdan çıxıb.

Qeyd edək ki, Dəhləvi ömrünün müdrik çağlarında Xaqani Şirvanini yad edib. Onun saray mühitində böyüdüyü üçün özünə “Xaqani” təxəllüsü götürdüyünü xatırlayıb. Dəhləvi də özünə “Xosrov” (hökmdar) təxəllüsü götürüb. Ömrünün sonlarında bu adı götürməsinə təəssüf edib. Görkəmli şair 1325-ci ildə Dehlidə dünyasını dəyişib.

Savalan FƏRƏCOV