Milli varlığımızın 25 illik ədəbi Aynası – “Molla Nəsrəddin”...
Sözümü o “ŞAM”ın işığı ilə o AYNAda gördüyüm iki “avtoportretimiz” ilə başlayıram. Biri nəsri, biri nəzmi:
“Dirisi ilə rusca, ölüsü ilə ərəbcə danışan xalqım mənim…”.
“Düzdür, yerindədir əlim-ayağım,
Vardır bədənimdə canım da hətta,
Ancaq bir iş var ki, yox azadlığım,
Ağırdır yaşamaq əsarət altda”...
Bu jurnal – böyük Turan aləminin alovlu Azərbaycan Qələmi – o tay-bu taylı Azərbaycanın Yaxın Şərq areallı maarif-mədəniyyət artilleriyası…
Toxunduğu problemlərə adını daşıdığı yarıreal-yarıəfsanəvi Obraza məxsus (ovqataçan, gülüşsaçan, hədəflərinin mitilini atan, həriflərin dədəsini yandıran) priyomlarla yanaşıb, düzələsilərlə yollaşan, üzüləsilərlə savaşan ümummilli irfan Komutanı…
Nəşri bolşevizm tərəfindən dayandırılana qədər – yaman günlü “keçəl-küçəl”lərimizi anlağa, “obrazavoyski”lərimizi qanmağa, satqın məmurlarımızı namuslanmağa səsləmiş ozan-Azançı, aləm-Qələmçi...
Müəllifi isə özünü tanıyan hər soydaşımıza bəlli: Azərbaycan nəsri və publisistikasının yeni mərhələsi sayılan ilk qüdrətli hekayə, felyeton Ustadı, şəhd-şəkər dil, mükəmməl obrazlar, tipik xarakterlər Ustası, realist ədəbi cərəyan Öndəri, əbədidiri “Ölülər”ilə bənzərsiz dramatizm yaradıcısı, analoqsuz nəsr-dram-mətbu “trio”suyla fenomenal milli şüur Oyadıcısı, bütün siyasi-ideoloji, yerli-yadelli təzyiq-təpkilərə, gün-güzərani möhnətlərə sinəgərmə dəyanətilə əsl milli ziyalılıq Obrazı kimi əfsanələşmiş Cəlil Məmmədquluzadə!...
Bu bəndənin qəlbindəki dərdlərin “şahı” Vətən!...
Qazanclı vəkillik işini ataraq (nə yaxşı ki!) tamamilə qələm aləminə keçən bu mərd cəfakeşi, dərd “səfakeş”ini qarşıda daha maraqlı və... daha müsibətli olaylar gözləyirmiş...
Ağır xəstəliyə tutulmuş ilk həyat yoldaşını 1903-cü ildə Tiflisə aparmalı və bununla da, yaxın gələcəyin milli-mədəni-mənəvi inqilabına çevriləsi “Molla Nəsrəddin”inin nəşrinə yaxınlaşmış olur. Oradakı ziyalılarımızdan Məhəmməd ağa Şahtaxtılı (“Şərqi-Rus” qəzetinin redaktoru) Cəlilin yenicə yazdığı “Poçt qutusu” hekayəsini qeyri-adi vurğunluqla qarşılayır və “gələcəyin dahi ədibi”ni öz qəzetində işləməyə (1904) dəvət edir. Növbəti il “Şərqi-Rus” qapadılır, C.Məmmədquluzadə jurnalist Ö.F.Nemanzadə və maarifpərvər tacir M.Bağırovla birləşərək qəzetin mətbəəsini alıb (“Qeyrət” adı ilə) müxtəlif kitab və intibahnamələr nəşr etməyə başlayırlar.
Dövrün yüksək əxlaq-əqidəli (və varlı-hallı) ziyalısı Həmidə xanım Cavanşirlə tapışıb ailə qurması isə onun yaradıcı həyat və məsrəflərini, ümumən əqidə mübarizəsini xeyli yüngülləşdirmiş olur.
Nəhayət, 7 aprel 1906-cı il və haçansa oxucularına: “...təbiət özü yaratdı, zəmanə özü yaratdı” kimi təqdim edəcəyi jurnal: –
“Molla Nəsrəddin”!
Zamanın siyasi “putyovka”ları ilə Tiflis (1906-1917), Təbriz (1921) və Bakı (1922-1931) yolları keçməyə məhkum edilmiş əsl Xalq-Millət dərgisi...
Dünyaya Gürcüstan paytaxtında göz açan bu jurnal “Tiflis, 7 aprel” adlı ilk məqalə-bəyannaməsilə bizi deyib gəlməyə başladı.
“Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!”
Bu “müsəlman qardaşlar” yalnız elə qəzet-jurnal oxumaq kimi “qeyri-vacib işlər”i buraxıb “daha vacib əməllər” (xoruz döyüşdürmək, it boğuşdurmaq, hamamda yatmaq və s.) dalınca gedən “keçəl-keçəllər”dənmi ibarət idi? Yox, onlar həm də “bir boynuyoğun, yekəqarın adam görən kimi, onu məmur, qorxulu bəndə hesab edib oturduğu yerdən dik atılaraq, təzim edən “ən ayıq, ən xoşbəxt” müsəlmanlar idi. Bütün milli, xəlqi dərdləri unudub, üstünə milçək ləkəsi düşmüş bir ərəb əlifbası hərfinin məna dəyişiminin (uşaq “olub”, yoxsa “ölüb”?!) “çort”una getmiş “həriflər”, beş-üç il Rusiyada yaşayıb, geri qayıdarkən ağzıdualı anasına küftə əvəzinə “qofta” bişirməyi təklif edən “abrazovannı”lar idi. Bu dərdlərin ən obrazlı izharı isə böyük jurnalist-publisistin “Meşədə gördüklərim” felyetonunda: “Bir əcnəbi redaksiyamıza gəlib, Şirvan bölgəmizdən silsilə yazılar hazırlamaq istəyilə məcmuəmizin vəsiqəsini istədi. Verdik. Getdi və tez-tez yazılar göndərməyə başladı. Onun məqalələrinin mövzusu müxtəlif olsa da, başlıqları eynidir: “Meşədə gördüklərim...”.
Bəs belə bir dost-doğma, milli-irfani təbib-dərgi nədən məhz qəriblikdə zühur edib, əcəba?...
Bunun bir çox “tarixi-müqəddəm” səbəblərilə yanaşı, elə həmin jurnaldakı “Dəmdəməki” istinadlı felyetonların birində ərz edilən “əmma”ları da vardı. O Dəmdəməki ki, Mirzə Cəlil bu təxəyyül qəhrəmanı ilə jurnal səhifələrində tez-tez “məktublaşır”, müxtəlif “milli biabırçılıq”larımızla (məsələn, “azyaşlı qızların çoxyaşlı kişilərə ərə verilməsi” və s.) bağlı belə-belə mükalimələr edirdi: “Ay Dəmdəməki, bu nə zadlardı sən yazıb göndərirsən bizə? Bəs heç fikirləşmirsənmi ki, mən də ehtiyatsızlıq edib, bunları məcmuəmizdə çap edərəm (guya çap etmir, ha!), Bakı qoçuları da namusa dolub çıxararlar tapançanı və səni orda və sonra da gəlib məni burda qanımıza qəltan edərlər?!”.
Daha bir səbəbi onun dahi məsləkdaşları M.Ə.Sabirin şeirlərində (“Düşdü bütün qəzetlər qiymətdən, ay can-ay can! Xalqın canı qurtardı töhmətdən, ay can-ay can!”), Ü.Hacıbəylinin felyetonlarında (“Əcnəbi ölkələrdə qəzetlər bağlansa, noolar? Biri deyər “Vay, kor oldum”, o biri qışqırar “Vay, kar oldum”, bir başqası pıçıldar “Vay, lal oldum”. Bəs bizim Bakıda bağlansa, nə olar? Heç zad. Bir məşədi digərinə deyər: - Məşədi, bəs şorumuzu nəyə büküb satacağıq?..”).
Bu jurnal həm də o çağ yaradıcılarımız üçün universal bir mədəni-mənəvi Mərkəz idi; ümummilli nəşriyyat, ali auditoriya, ictimai nitqdən məhrum edilmiş aşağıların səsini qulağını yummuş yuxarılara çatdıran tribuna, “radio-televiziya” rolunu oynadı. Dövrün digər qəzet və jurnallarından fərqli olaraq, “Molla Nəsrəddin”də imzası görünən müəlliflərin milli dəyər və təəssübkeşlik statusu birmənalı qarşılanırdı. Ovaxta qədər də az yazmayan Mirzə Ələkbəri sonralar xüsusi seçkinliklə sevdiyimiz Sabir kimi yetişdirib-təqdim edən də məhz bu jurnal oldu. Bu nəşrin nəinki təkcə o dövr qədir-qiymətini, habelə perspektiv şan-şöhrətini bilən məşhur alman və polyak rəssamlar - O.Şmerlinq və İ.Rotter də “Molla Nəsrəddin”çi olmaqdan qürur duyurdular. Böyük sənətkar Əzim Əzimzadə isə “Molla Nəsrəddin”dəki işlərilə həm də milli karikatura yaradıcılığımızın bünövrəsini qoydu…
Bəli, o dövrdə bu məcmuə həm də bir Milli Ocaq idi. Bu Ocağın başına canları millətin çeşid-çeşid problemlərindən buz bağlamış ədiblər, ziyalılar, ictimai dərd ortaqları toplaşmışdı: Ö.F.Nemanzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, Ə.Qəmküsar, M.Ə.Möcüz...
Bu jurnal dövrün universal nəşriyyatı rolunu oynayırdı; müəlliflər, oxucular, bütün dərd-sərlilər ürək-diləklərindən keçən hər mətləbi bu “nəşriyyat”da çap etdirirdilər.
Bu məqam bir daha –
O “ŞAM”ın işığında –
o AYNAda görünənlərdən:
“Ey yüz il sonra da yaşayacaq millətim! Əgər bir gün “Molla Nəsrəddin”in saralmış və cırılmış vərəqləri əlinə keçsə, onda mənim bu milləti nahaqdan tənqid etdiyimi fikirləşmə”.
“Uşaqlıqda görərdm, qonum-qonşular bir yad itlə rastlaşanda “paşol” deyib, qovmağa çalışırlar. Və təəccüb edərdim: doğrudanmı, itlər yalnız rusca başa düşür? Sonra, bir dəfə əlimə daş götürüb, bir itə sarı “get burdan”, “rədd ol” deyə qışqırdım və it bu sözləri eşidən kimi məndən uzaqlaşdı. Dedim, yoox, itlər azərbaycanca da başa düşürmüşlər…” .
“...Tutaq ki, hökumət qoymur məktəblərdə ana dilimizi öyrənək. Bəs ana dilimizi istəməyi, məhəbbət etməyi, xoşlamağı kim qoymur?... Kim bizi öz dilimizdən utanmağı, öz dilimizlə danışmağı ar bilməyi əmr edir?...”.
Yad ölkədə alovlanmış bu azərbaycandilli milli Yayım-Ocağımız 1918-də – özgürləşib Cümhuriyyətləşmiş doğma vətəninə – Bakıya köçür. Lakin iki il keçməmiş milli-siyasi istiqlalımızı söndürən bolşevizm bu jurnalın da mətbu müstəqilliyinə müdaxilələrə başlayır. Və bir vaxt “it boğuşdurmaq, hamamda yatmaq...” kimi “daha vacib işlər” ardınca (geriyə!) gedənlərimizi qaytarmaqçün Gürcüstana, üç ildən sonra nəşrə başladığı jurnalla Turana, beş il ötmüş Bakıya – ürəyimizə, beynimizə, mərifət-mədəniyyətimizə yollar yoran bu Millət Mirzəsi “Biz belə deməmişdik” qənaəti (və ikiyə bölünmüş Vətənin cənubuna “daha çox yaramaq olar” ehtimalı) ilə Təbrizə üz tutur. Ancaq orada da öz məram-məqsəd platformasına sadiq felyetonlarla çıxış edir və cəmisi səkkiz nömrədən sonra yenidən Vətənin siyasətcə “yeni” tayına dönməli olur. Bu ikinci dönüşdə “yeni şəxsiyyətsiz”lərin – Çar imperiyası “kənizləri”mizdən daha “sədaqətli” Sovet imperiyası “kəbinlilər”imizin: “Yeni “Kommunizm əlifbası”nı köhnə “Molla Nəsrəddin” dili ilə yazmaq, oxumaq, tərcümə etmək olmaz” kimi yalpərvərlikləri...
Bu qədim və (“ritorik”cəsinə desək) “kifayət qədər” başıbəlalı xalqın az qala bir qərinəlik acı tərcümeyi-halını yazmış jurnal haqda yüzlərlə –
“Xatirə”lərdən –
elə onun öz qələmdaş-məsləkdaşlarından olmuş böyük (həm də “məccani”!) araşdırıcı Qulam Məmmədli imzalısını təqdim etməyi qərarlaşdırdım:
“1907-ci ilin iyununda “Molla Nəsrəddin”də Cəlil Məmmədquluzadənin imzasıyla “Erməni və müsəlman övrətləri” adlı bir felyeton çıxdı. Ruhanilər bu yazının əleyhinə çıxış etdilər. Bu arada jurnalı bağladılar. Sonralar tapdığımız sənədlərdən məlum oldu ki, sən demə, Osmanlıdan Sultan Əbdülhəmid Rusiya imperatoruna yazıbmış ki, sənin ölkəndə çıxan “Molla Nəsrəddin” məni rüsvay edir, xahiş edirəm, onu bağlatdırasan və Nikolay da dərhal bu xahişi yerinə yetirir.
İkinci dəfə jurnal 1917-ci il oktyabr inqilabından bir ay sonra bağlandı. Səbəb - İrandan qayıdan rus soldatlarının yol uzunu İran, Türkiyə və Azərbaycanın kənd-şəhərlərini talamaları haqda Əliqulu Qəmküsarın “Dinmə, danışma ona, saldatdı o” şeiri idi. Jurnal üçüncü dəfə 1921-ci ildə Təbrizdə bağlandı: Mirzə Cəlil İran hökumətinin “jurnal farsca çıxmalıdır” israrıyla razılaşmayıb və: “Təbrizdə ermənicə qəzet çıxır, sizsə Azərbaycan dilində jurnalın nəşrinə icazə vermirsiz. Onda, icazə verin, “Molla Nəsrəddin”i erməni dilində nəşr edim” kinayəsilə istəyinə nail oldu, lakin orada çapdan çıxan səkkiz nömrə bizim tanıdığımız “Molla Nəsrəddin” olmadı.
Şimalımıza qayıtdıqdan sonra M.Cəlil ilə Mərkəzi Komitə arasında “jurnal necə çıxacaq və nədən yazacaq?” məsələsində mübahisə başladı. Nəhayət, 1922-ci ilin dekabrında birinci nömrə (Təbrizdən sonra) çıxdı. İkinci nömrədə Azərbaycan “sağmal inək” şəklində təsvir edildi; əlivedrəli, bankə və digər qab-qacaqlı (İngiltərə, Fransa, İtaliya, ABŞ, Rusiya qiyafəli) adamlar inəyə hücum edib sağmaq istəyir... Karikatura böyük hay-küyə, susmaz müzakirələrə səbəb oldu. M.Cəlilin cavabı: “Azərbaycan neftini kəndlilərimiz gedib qonşu respublikalardan birə-on qat bahasına alıb yandırırlar!”.
Çox danışıq getsə də, M.Cəlil təslim olmadı. Hələ keçmişdən bu məcmuənin əleyhinə yazanlardan biri olan M.S.Ordubadini jurnalın üstündə hərbi komissar təyin etdilər. Ondan icazəsiz heç bir yazı gedə bilməzdi. M.Cəlil Ordubadiyə yazdığı məktubunda deyir: “Səid, bildiyini elədin, gələn nömrədən mənim adım redaktor kimi o jurnalda yazılsa, mən bilirəm hara şikayət edəcəyəm!”.
1921-ci ildən başlayaraq “Molla Nəsrəddin” əvvəlki simasını itirməyə başladı. Çox ağır mənəvi və maddi çətinliklərlə üzləşən Mirzə Cəlil 1930-cu ildə bərk xəstələndi, 1931-in sonunda ağır vəziyyətə düşdü, 32-nin 4 yanvarında dünyanı tərk elədi”.
Bu ağrılı xatirənin sonundakı “tərk elədi” kəlmələri haqda çox fikir-zikir etmək mümkün olsa da, belə bir poetik-patetik qafiyə ilə kifayətlənək: o hadisədən sonra qələm adamlarının bir qismi çox həqiqətləri dərk elədi...
Bu jurnalın saylarının sayı-hesabı bəlli (Tiflisdə 340, Təbrizdə 8, Bakıda 400) olsa da, mənəvi-mədəni qədir-qiyməti, milli oyanışımızda oynadığı rolu intəhasız...
Yazımın əvvəlini və ortalığını bu ümummilli “ŞAM”ın işığı ilə o AYNAda gördüklərimlə cilvələndirdim, elə onlardan biriylə də bitirim:
“Dünyada hər kəs üçün sözdən böyük yadigar yoxdur. Zira ki, mal-mülk tələf olub gedir, söz qalır”...
Tahir ABBASLI