“Eyni vaxtda iki bədii, iki sənədli filmi çəkməyə imkan verən ən müasir avadanlıqlarımız var”
Azərbaycanın kino sənayesində yeni addımlar atılır. Müasir kino infrastrukturunun yaradılması, maddi-texniki bazanın qurulması, hüquqi bazanın təkmilləşdirilməsi və s. istiqamətlərdə işlərə başlanılıb. Məqsəd kino sənayesində müasir tələblərə cavab verən iş şəraiti yaratmaq, bu sahəyə investorları cəlb etmək, özəl sektorla əməkdaşlıq qurmaqla Azərbaycan kinosunun inkişafına nail olmaqdır.
Müsahibimiz C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktoru Fariz Əhmədovdur.
– Fariz müəllim, bir ildən çoxdur pandemiya kino sənayesini də, demək olar ki, iflic vəziyyətə salıb. Təbii ki, bizim ölkədə də eyni vəziyyətdir...
– Pandemiya kino istehsalına mane olan səbəblərdən biridir. Sərt karantin rejimində, təbii ki, Nazirlər Kabinetinin qərarları əsasında işimizi qurmuşduq və bu səbəbdən ötən ilin çox hissəsində çəkilişləri təxirə salmalı olduq. 2021-ci il nikbin başlayıb. Sərt karantin rejimindən sonra kinostudiyada işlər tədricən normal vəziyyətə qayıdır. Digər sahələrdə olduğu kimi, bizdə də iş müəyyən qaydalara əməl olunmaqla davam edir. Filmlərin bir qismi istehsalda, bir çoxu çəkilişdə, bir hissəsi hazırlıq mərhələsindədir. İnanırıq ki, pandemiya tezliklə həyatımızdan çıxacaq və biz daha kütləvi səhnələri olan filmlərin istehsalı ilə məşğul olacağıq. “Azərbaycanfilm” ölkənin ən böyük kino istehsalçısıdır və istehsal prosesinin getməyi o deməkdir ki, yüzlərlə insan öz yaradıcılığı ilə məşğuldur.
30 ildən artıq idi ki, kinostudiyanın texniki bazası yenilənmirdi. İlk dəfə “Mədəniyyət” qəzetinə açıqlama verirəm ki, artıq kinostudiyanın texniki bazası yenidən qurulub. Eyni vaxtda iki bədii, iki sənədli filmi çəkməyə imkan verən ən müasir avadanlıqlarımız var.
– İstehsalda olan layihələr hansılardır?
– Həm Vətən müharibəsinə həsr olunmuş layihələrdir, həm də digər sahələrlə bağlıdır. Misal olaraq qeyd edim ki, Mirsadıq Ağazadə “Eviniz abad” adlı bədii film çəkmişdi. Bu filmin çəkiliş materiallarından “Köşk” adlı 5 seriyadan ibarət mini-serial hazırlayırıq. Film noyabr ayına qədər yekunlaşacaq. Artıq serial səsləndirmə mərhələsindədir. Daha bir layihəmiz Bakı Media Mərkəzi ilə birgə hazırladığımız “Biz” adlı sənədli filmdir. Bu filmin layihəsi 44 günlük Vətən müharibəsi dönəmində öz telefonlarında videoçəkilişləri ilə trendə düşmüş insanlardır. Layihənin çəkilişləri sona çatıb. Rejissoru Orman Əliyev olan sənədli film montaj prosesindədir və noyabr ayınadək təhvil verməyi düşünürük. Elçin Musaoğlunun “Məryəm” filmi də istehsaldadır. İlin sonuna qədər bu film də təhvil veriləcək. Bundan əlavə, rejissor Vaqif Mustafayevə “Fəryad – 2” filminin ssenarisini sifariş etmişik və həmin filmin də istehsalı ilə bağlı Mədəniyyət Nazirliyi ilə danışıqlar gedir.
– İctimai Televiziya ilə birgə layihəniz də maraqla qarşılanır.
– İctimai Televiziya ilə həftəlik birgə layihəmiz yayımlanır. İctimai Televiziya bizim yayım dəstəkçimiz olmaqla 24 buraxılışdan ibarət “Bizim kino” adlı verilişi tamaşaçılara təqdim edir. 6 ay efirdə olacaq layihənin artıq 4 verilişi yayımlanıb. Bu layihə 15-20 dəqiqə olmaqla sənədli film formasında kinonun 24 müxtəlif sahəsinə həsr olunmuş silsilə verilişlərdir. Həmçinin 17 klassik Azərbaycan filminin subtitrlərinin hazırlanması ilə məşğuluq. Bu prosesdən sonra ingilisdilli tamaşaçılar filmlərimizi rahat şəkildə izləyə biləcəklər.
– Televiziyalarla layihələriniz davam edəcəkmi?
– Ötən il İctimai Televiziya ilə “Anamın kitabı” layihəsini reallaşdırdıq. Bu il “Nizami ili” ilə əlaqədar artıq bir müqaviləni imzalamaq üzrəyik. Bu 12 seriyadan ibarət film olacaq. Seriallarla bağlı hazırda AzTV ilə danışıqlarımız davam edir. Biz istənilən əməkdaşlığa açığıq. Təklif olunan yaradıcılıq məsələlərində həm dəstək olmağa, həm də müştərək istehsala hər zaman hazırıq.
– “Böyük qayıdış” müsabiqəsinin birinci mərhələsi başa çatdı. Bu barədə fikrinizi bilmək istərdik.
– Bilirsiniz ki, Mədəniyyət Nazirliyi tərəfindən Vətən müharibəsində qazanılmış böyük Zəfərə kino vasitəsilə töhfə vermək üçün “Böyük qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi elan olunmuşdu. Məqsəd bu sahədə çalışan insanların milli vətənpərvərlik ruhunda olan filmlər ərsəyə gətirməsi və cəmiyyətə təbliğ edilməsidir. Bu müsabiqədə həm dövlət, həm də özəl studiyalara veriləcək maliyyə dəstəyindən söhbət gedir. “Azərbaycanfilm” bu müsabiqəyə 3 layihə təqdim edib. Nəticələri gözləyirik.
– Kino Agentliyinin yaradılmasını necə görürsünüz?
– Bu haqda Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsi daha ətraflı məlumat verə bilər. Bir çox ölkələrdə kinonun fəaliyyəti fondlar və agentliklər çərçivəsində qurulub. Əgər istəyiriksə, Azərbaycan kinosu inkişaf edib dünya standartlarına cavab verən bir mərhələyə gəlsin, bu zaman biz də çoxfunksiyalı və hərəkət istiqaməti daha çevik olan bir qurum yaratmalıyıq. Bu qurum kinonun təbliği ilə bağlı daha çevik işlərin aparılmasına xidmət edəcək.
– Mədəniyyət nazirinin rəhbərliyi ilə nümayəndə heyətinin Türkiyəyə səfərində kino sahəsində əməkdaşlıqla bağlı görüşlər keçirildi. Gözləntiləriniz nədir?
– Həmin görüşlərdə Türkiyənin qabaqcıl studiyalarının rəhbərləri iştirak ediblər. Bundan əvvəl biz müxtəlif layihələrlə bağlı təkliflər alırdıq. Düşünürəm ki, bundan sonra əlaqələrimiz daha da sıx olacaq. Türkiyə kinematoqrafiyası hazırda dünyada ön sıralardadır. İstər serial, istər film sahəsini götürsək, dünyanın A kateqoriyalı festivallarında hər il türk filmlərinə rast gəlirik, seriallar isə Afrikadan tutmuş ərəb ölkələrinədək yayımlanır. İnanıram ki, yaxın gələcəkdə biz bu əməkdaşlığın müsbət nəticələrini görə biləcəyik.
– Kinostudiyanın yenidən qurulması hansı mərhələdədir?
– Bu istiqamətdə müəyyən işlər gedir. Mədəniyyət naziri Anar Kərimov hazırkı vəziyyət ilə tanış olub. İlkin ekspertiza işləri aparılıb. Bina 1969-cu ildə istifadəyə verilib və bu günə kimi binada heç bir əsaslı təmir işi aparılmayıb. Binada normal istilik və elektrik sistemi belə yoxdur. “Azərbaycanfilm”in təmiri bilavasitə cənab nazirin diqqətindədir. İlkin layihələndirmə işlərini həyata keçirmişik.
– Kadr məsələləri hər zaman gündəmdə duran mövzudur. Hazırda kinostudiyada bu sahədə vəziyyət necədir?
– Ümumiyyətlə, ən əsas problemlərdən biri həmişə kadr çatışmazlığı olub. Kadrların yetişməsi üçün daimi istehsal lazımdır. Tutaq ki, bir qrimçinin gedib xaricdə oxuyub gəlib ildə bir, yaxud iki filmdə işlədikdən sonra boş oturması onun ixtisasını dəyişməsinə səbəb olur. Praktiki sahələr var. Bu gün bizim ən böyük problemlərimizdən biri kinoda ikinci heyətin olmaması, yaxud az olmasıdır. Bunlar işıqçı, qrimçi, dekoratorlardır. Biz artıq bu problemləri rəssamlarla, geyim üzrə rəssamlarla yaşayırıq. Bir çox yaradıcılıq sahələrində çatışmazlıq var. Bu da ondan irəli gəlir ki, bizim sahə daha çox əziyyət tələb edir, qarşılığında da daha az maliyyə var, eyni zamanda daimi işin olmamasıdır. Təhsilə gəlincə, mən özüm Mədəniyyət Nazirliyinin dəstəyi ilə 2010-2012-ci illərdə Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetində təhsil almışam. Mənimlə yanaşı, onlarla tələbə o dövrdə müxtəlif sahələrdə təhsil alırdı. Nazirlik bu sahədə hər zaman gənclərə dəstək verir.
Bu gün kino hansı kamera ilə çəkilirsə, həmin kameranın ən son modeli bizdə var. Bu texnikanı işlətməyi bacaran mütəxəssislər də işə cəlb olunub. Ümumiyyətlə, son aylarda kinostudiyanın strukturu yenilənib. 20-yə yaxın gənc mütəxəssis dəvət etmişik. Qrafik dizaynerlərdən mühasibatlığa qədər müasir tələblərə cavab verən kadrlar çalışır.
– Yaxın gələcəkdə vətənpərvərlik mövzusunda bədii filmlərin çəkilişi ilə bağlı hər hansı xüsusi layihə gözlənilirmi?
– Hazırda biz həm qocaman, həm də gənc rejissorlarla mütəmadi olaraq bu mövzuda söhbət aparırıq. Yaxın gələcəkdə bununla bağlı bir müsabiqə gözlənilir. Ümumiyyətlə, müharibədən dərhal sonra vətənpərvərlik mövzusunda daha keyfiyyətli və maraqlı film ərsəyə gətirmək çətindir. Ssenari yazılmalı, heyət yığılmalı və keyfiyyətli bir iş ortaya qoyulmalıdır.
– Kinostudiyanın dublyaj studiyası necə, fəaliyyət göstərirmi?
– Bəli, biz artıq dublyajı bərpa etmişik. Dublyaja 15-ə yaxın mütəxəssis cəlb edilib. Səs rejissoru, redaktor, aktyorlar və s. Hazırda İctimai Televiziyanın ayda 4-5 filmini dublyaj edib təhvil veririk. Burada hələlik heç bir qazancdan söhbət getmir, əsas məqsəd sahəni dirçəltməkdir. Biz həm də çalışırıq “Azərbaycanfilm”in imicini qoruyaq. Bilirsiniz ki, bu sahə, demək olar ki, məhv olmaq üzrə idi. Bəzən bir filmin hazırlanmasına 10 gündən artıq vaxt sərf olunur. Əsas keyfiyyəti qorumağa çalışırıq.
– Qarşıda hansı planlarınız var?
– Yaxın bir neçə il ərzində yəqin ki, Vətən müharibəsi ilə bağlı mövzulara müraciət edəcəyik. Artıq mövzunun seçimi və filmlərin çəkilməsi ilə bağlı ssenaristlərə lazım olan informasiyanın yığılması ilə məşğuluq. Burada söhbət ondan gedir ki, Müdafiə Nazirliyi bizə şərait yaratdı və biz bu döyüşlərdə iştirak edən insanlarla ünsiyyətdə oluruq, onları lentə alırıq və Vətən müharibəsi ilə bağlı gələn il üçün nəzərdə tutulan möhtəşəm bir filmdə bunlar öz əksini tapacaq. Düzdür, sual oluna bilər ki, biz niyə bu filmi Qələbənin birilliyinə hazır edə bilmirik? Qeyd edim ki, materialın yığılması ən çox vaxt aparan məqamlardan biridir və hazırda biz döyüşdə iştirak etmiş müxtəlif qoşun növlərinin zabit və əsgər heyəti ilə görüşlərimizi davam etdiririk. Artilleriya heyəti ilə 100-dən artıq görüş keçirib çəkilişlər etmişik. Həmçinin Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlıları ilə də görüşlərimiz olub və digər qoşun növləri ilə yaxın 3-4 ayda çəkilişlər davam edəcək. Planda eyni zamanda bu da var ki, materiallar noyabr ayına qədər sənədli film şəklində tamaşaçılara təqdim olunsun.
Bu ilin sonuna qədər maraqlı 3-4 layihə də təqdim edəcəyik. 2023-cü ildə “Azərbaycanfilm”in 100 illik yubileyidir. Bununla bağlı artıq müəyyən layihələr üzərində işləyirik, bitirib nazirliyə təqdim edəcəyik.
L.AZƏRİ