XIX əsrin ikinci yarısında avropalı arxeoloqlar Rusiyanın Sankt-Peterburq şəhərinə gəlir və Qafqazla maraqlanırlar. Çar hökumətinin razılığı ilə bu ərazilərdə geniş arxeoloji qazıntı işləri aparılır. Həmin dövrdə Tiflisdə V arxeoloji qurultay keçirilir. Azərbaycan ərazisində Daş dövrü abidələrinin olmadığı iddiası irəli sürülür. Sonralar görkəmli arxeoloq alim, professor Məmmədəli Hüseynovun apardığı arxeoloji kəşfiyyat və tədqiqat işləri nəticəsində vaxtilə çıxarılmış qərarın əsassız olduğu sübut edilir.

Məmmədəli Murad oğlu Hüseynov 3 aprel 1922-ci ildə indiki Ağstafa rayonunun Mollacəfərli kəndində dünyaya göz açıb. Uşaqlıq və gəncliyi qanlı-qadalı illərə təsadüf edir. Orta məktəbi başa vurmamış həmyaşıdları kimi hərbi səfərbərliyə alınır. II Dünya müharibəsi illərində çətin və məşəqqətli döyüş yolu keçir. Müharibədən qayıdır və 1946-cı ildə orta məktəbi bitirir. Həmin il Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə qəbul olunur. 1951-ci ildə təhsilini başa vurub təyinatla Azərbaycan Tarixi Muzeyində əmək fəaliyyətinə başlayır.

Məmmədəli Hüseynov hələ tələbə ikən Daş dövrü abidələri ilə maraqlanırdı. 1953-cü ildə görkəmli paleolitşünas alim, professor S.N.Zamyatinin rəhbərliyi altında Şamaxı, Mərəzə və Qazax ərazisində Daş dövrü abidələrini öyrənmək məqsədilə yaradılan arxeoloji kəşfiyyat ekspedisiyasına qəbul edilir. Arxeoloji qazıntı zamanı Qazax rayonundakı Damcılı düşərgəsindən Daş dövrünün mustye (Fransanın Lö-Mustye mağara düşərgəsində arxeoloji tədqiqatlar zamanı tapılmış əmək alətləri tarixə mustye arxeoloji mədəniyyəti kimi daxil olub), mezolit və neolit mədəniyyətlərinə aid arxeoloji və paleontoloji məmulatlar aşkar olunur.

1956-cı ildə Azərbaycan ərazisində qədim insan məskənlərinin geniş şəkildə öyrənilməsi üçün Azərbaycan Tarixi Muzeyində M.Hüseynovun rəhbərliyi altında paleolit arxeoloji ekspedisiyası təşkil edilir. 1956-1958-ci illərdə Damcılı mağara düşərgəsində arxeoloji qazıntı işləri aparılır. Paleolit mədəniyyətinə aid zəngin maddi mədəniyyət nümunələri aşkara çıxarılır. Daha sonra Daşsalahlıda mustye düşərgəsi aşkar edilir. Mustye mədəniyyətinə aid zəngin elmi materiallar tapılır.

Məmmədəli Hüseynov 1960-cı ildə Tbilisidə Arxeologiya, Etnoqrafiya və Tarix İnstitutunun Elmi şurasında “Aveydağ paleolit düşərgələri” mövzusunda namizədlik (fəlsəfə doktoru) dissertasiyasını müdafiə edir.

***

Araşdırmalarda qeyd edilir ki, M.Hüseynov 1960-cı ildə Qarabağın Quruçay və Köndələnçay sahillərində arxeoloji kəşfiyyat işləri aparır. Xocavənd rayonu ərazisində çoxtəbəqəli Azıx və Tağlar paleolit düşərgələrini aşkar edir. 1960-1986-cı illərdə Azıx düşərgəsində aparılan kompleks arxeoloji tədqiqatlar zamanı 10 arxeoloji təbəqə qeydə alınır və tədqiq olunur. Elmi araşdırmalar zamanı Azıx düşərgəsinin III, V və X təbəqələrindən 7 mindən artıq daş məmulatı və ovlanmış heyvanların 900 mindən artıq sümük qalıqları aşkar edilir. Aparılan elmi tədqiqatlar zamanı sübut edilir ki, çox qədim zamanlardan bu ərazidə canlı həyatın inkişafı üçün əlverişli təbii-coğrafi şərait olub. Hələ 2,5 milyon il bundan əvvəl Quruçay vadisi müxtəlif heyvanlarla zəngin imiş.

Professor Əsədulla Cəfərov araşdırmasında yazır ki, M.Hüseynov 1968-ci ildə Azıx düşərgəsinin V təbəqəsində apardığı arxeoloji qazıntılar zamanı dünya tarixşünaslığı üçün hadisə sayılacaq qədim insanın alt çənə sümüyünü aşkara çıxarır. Professor Dəmir Hacıyev çənə sümüyü üzərində apardığı tədqiqatlar nəticəsində tapıntının 350 min il bundan əvvəl burada yaşamış 18-22 yaşlı qadına məxsus olduğunu sübuta yetirir. 

Azıx düşərgəsinin ən aşağı təbəqələrində aparılan qazıntılar zamanı həmçinin 4-5 kiloluq nəhəng kobud çapma alətlər də aşkar olunur. M.Hüseynov D.Hacıyevlə birlikdə düşərgənin VII-X təbəqələrinin maddi mədəniyyət nümunələrinin özünəməxsus cəhətlərini müəyyən edirlər. Dünyanın heç bir paleolit düşərgəsindən belə əmək alətləri tapılmadığına görə aşağı təbəqələrin arxeoloji tapıntılarına Quruçay mədəniyyəti adı verirlər. Bu gün də Quruçay mədəniyyəti Yaxın Şərq və Qafqaz ərazisində ən qədim arxeoloji mədəniyyət hesab edilir. Quruçay mədəniyyəti nümunələri Azıx mağarasında qədim insanların ilkin məskunlaşmasından xəbər verir. Ərazidə yaşayan qədim insanlar əmək alətləri hazırlamaq üçün çay daşlarını məhz Quruçaydan əldə edərək Azıx düşərgəsinə gətiriblər. Eyni zamanda Quruçay dərəsində ovçuluq və yığıcılıqla da məşğul olublar. Belə görünür ki, Quruçay dərəsində ibtidai insanların yaşaması üçün zəruri olan nemətlər mövcud imiş.

M.Hüseynovun rəhbərliyi altında aparılan tədqiqatlar zamanı respublika ərazisində zəngin paleolit düşərgələri aşkar edilir. Nəticədə Azərbaycan paleolit məktəbi yaranır.

***

Ötən əsrin 90-cı illərinin əvvəlində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan  Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, ətraf rayonlarımızda bütün maddi mədəniyyət nümunələri böyük vandalizmə məruz qalıb. İşğal dövründə Xocavənd rayonu ərazisindəki Azıx mağarasında da qanunsuz araşdırmalar aparılıb. 2020-ci ilin Vətən müharibəsi zamanı müzəffər Ordumuz Xocavəndin Azıx kəndini də işğaldan azad etdi, Azıx mağara düşərgəsi yağı tapdağından qurtuldu.

Prezident İlham Əliyev bu il martın 15-də Füzuli və Xocavənd rayonlarına səfəri zamanı Azıx mağarasına da baş çəkmişdi. Dövlət başçısı mağaranın qarşısında çıxışı zamanı M.Hüseynovun tarixi xidmətlərini vurğulayaraq demişdi: “Bu, dünyanın ən qədim insanının yaşayış yerlərindən biridir, Azərbaycan tarixinə məxsusdur, bizim tarixi sərvətimizdir. Ermənistan bu mağarada qanunsuz olaraq işlər aparmışdır, xaricdən qanunsuz olaraq alimlər gətizdirmişdir. Onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurmuşlar. Onlar bu ziyanın hamısını ödəyəcəklər... Bundan sonra azərbaycanlı alimlər və onların dəvəti ilə gələcək xarici alimlər burada qanuni yollarla tədqiqatlar aparacaqlar”.

***

M.Hüseynov 1971-ci ildə Azərbaycan EA Arxeologiya və Etnoqrafiya İnstitutunun Daş dövrü arxeologiyası şöbəsinə rəhbər təyin edilir. Eyni zamanda Bakı Dövlət Universitetinin Tarix fakültəsində Arxeologiya və etnoqrafiya kafedrasının müdiri olur. Görkəmli alim 1985-ci ildə Ukraynanın Kiyev şəhərində “Azərbaycanın qədim paleoliti” adlı doktorluq dissertasiyasını müdafiə edir. 1987-ci ildə professor elmi adı alır.

M.Hüseynov məhsuldar yaradıcılıq fəaliyyəti dövründə 6 kitab və 100-dən artıq elmi əsər ərsəyə gətirib. Azərbaycanda arxeologiya elminin inkişafına mühüm töhfələr verən alim 5 iyul 1994-cü ildə, 72 yaşında vəfat edib.

Savalan FƏRƏCOV