Azərbaycan

 

10 aprel 1923 – Yazıçı-dramaturq Salam Dadaş oğlu Qədirzadə (1923 – 16.11.1987) Bakıda anadan olub. “46 bənövşə”, “Sevdasız aylar”, “Sən olmasaydın” və s. nəsr əsərləri, “Şirinbala bal yığır”, “Hardasan, ay subaylıq”, “Həmişəxanım” komediyalarının müəllifidir.

10 aprel 1928 – Əməkdar rəssam Solmaz Qurban qızı Musayeva (1928-2016) Bakıda doğulub. Azərbaycan Dövlət Kukla Teatrında quruluşçu rəssam və baş rəssam işləyib.

10 aprel 1930 – Tanınmış dilçi alim, filologiya elmləri doktoru, professor Musa İsrafil oğlu Adilov (1930-1996) Quba rayonunda anadan olub.

10 aprel 1939 – Xalq artisti, xanəndə Teymur Ağaxan oğlu Mustafayev (1939 – 11.6.2020) Cəlilabad rayonunda doğulub. 1964-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.

10 aprel 1979 – Əməkdar mədəniyyət işçisi, aşıq Şakir Şahverdi oğlu Hacıyev (1922-1979) vəfat edib.

 

11 aprel 1854 – Yazıçı, dramaturq, publisist Nəcəf bəy Vəzirov (1854 – 9.7.1926) Şuşada anadan olub (bəzi mənbələrdə doğum günü kimi 2, 7 aprel də göstərilir). “Müsibəti-Fəxrəddin” pyesi ilə Azərbaycan dramaturgiyasında faciə janrının əsasını qoyub. “Ev tərbiyəsinin bir şəkli”, “Yağışdan çıxdıq, yağmura düşdük” və s. komediyaların müəllifidir.

11 aprel 1934 – Tanınmış fotojurnalist, Əməkdar mədəniyyət işçisi Yaşar Xəlilov (1934-2018) Bakıda doğulub. Beş olimpiadanı (1972–1988-ci illər) işıqlandırmış yeganə azərbaycanlı jurnalistdir.

 

12 aprel 1866 – Teatr və maarif xadimi Əbülqasım Sultanov (1866-1916) anadan olub. Naxçıvan teatrında aktyor kimi çıxış edib. Molla Nəsrəddinin lətifələrini rus dilinə çevirib.

12 aprel 1889 – Məşhur xanəndə, Xalq artisti Seyid Şuşinski (Mir Möhsün ağa Seyid İbrahim oğlu; 1889 – 1.11.1965) Füzuli rayonunun Horadiz kəndində anadan olub. 1930-60-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub, pedaqoji fəaliyyət göstərib.

12 aprel 1907 – Tanınmış folklorşünas, dramaturq Məmmədhüseyn Abbasqulu oğlu Təhmasib (1907 – 5.10.1982) anadan olub. Azərbaycan dastan və nağıllarının toplanması və tədqiqində mühüm xidmətləri var. Ssenariləri əsasında “Bir qalanın sirri”, “Onu bağışlamaq olarmı?” filmləri çəkilib.

12 aprel 1912 – Əməkdar artist, aktyor Məmmədağa Ağakərim oğlu Dadaşov (1912 – 3.12.1996) Bakıda anadan olub. Gənc Tamaşaçılar Teatrının yaradıcılarındandır. “Dədə Qorqud”, “Yol əhvalatı” filmlərində çəkilib.

12 aprel 2013 – Görkəmli aktyor, Xalq artisti Nodar Şaşıqoğlu (Nodar İzzətoviç Şaşıqoğlu; 13.3.1927 – 2013) vəfat edib. Moskva və Sankt-Peterburq teatrlarında, Azərbaycan Dövlət Rus Dram Teatrında çalışıb. “Uzaq sahillərdə”, “Əsl dost”, “Bizim küçə”, “Telefonçu qız” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

13 aprel 1909 – Əməkdar artist, teatr və kino aktyoru Süleyman Məşədi İsmayıl oğlu Tağızadə (1909-1960) Gəncədə doğulub. Akademik Dram Teatrının aktyoru olub, filmlərə çəkilib. 

13 aprel 1917 – Tanınmış kinooperator, Əməkdar incəsənət xadimi Arif Əmir oğlu Nərimanbəyov (1917 – 16.5.1992) anadan olub. Çəkdiyi filmlər: “Bəxtiyar”, “Qızmar günəş altında”, “Bir qalanın sirri”, “Bizim Cəbiş müəllim”, “İnsan məskən salır”, “Onun bəlalı sevgisi” və s.

13 aprel 1922 – Azərbaycan arfa ifaçılığı məktəbinin yaradıcısı, Əməkdar artist Aida Həmdulla qızı Abdullayeva (1922-2010) Bakıda doğulub. Bakı Musiqi Akademiyasının professoru olub.

13 aprel 1929 – Şair, Əməkdar incəsənət xadimi Tofiq Mütəllim oğlu Mütəllibov (1929 – 30.10.1992) Naxçıvan şəhərində anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir.

 

Dünya

 

10 aprel 1847 – Amerika jurnalisti, naşir Cozef Pulitser (Joseph Pulitzer; 1847-1911) anadan olub. Jurnalistika aləmində məşhur Pulitser mükafatının təsisçisidir.

10 aprel 1932 – Misir və Amerika aktyoru Ömər Şərif (əsl adı Mişel Demetri Şalhub; 1932 - 10.7.2015) İsgəndəriyyə şəhərində doğulub. Filmləri: “Ərəbistanlı Lourens”, “Çingiz xan”, “On üçüncü döyüşçü” və s.

10 aprel 1937 – Tatar əsilli rus şairəsi Bella Axmadulina (1937-2010) anadan olub. “Titrəmə”, “Musiqi dərsləri”, “Çovğun”, “Şam”, “Bağ” və s. poetik topluların müəllifidir.

 

11 aprel 1894 – Məşhur sirk ustası, illüzionist, Rusiyanın Xalq artisti Emil Kio (Qirşfeld-Renard; 1894-1965) anadan olub.

11 aprel 1914 – Kanada kinorejissoru və rəssamı, multiplikator, “Oskar” mükafatı laureatı Norman MakLaren (1914-1987) anadan olub.

 

12 aprel 1823 – Rus dramaturqu Aleksandr Nikolayeviç Ostrovski (1823-1886) anadan olub. “Kasıblıq eyib deyil”, “Gəlirli yer”, “Tufan”, “Cehizsiz qız”, “Balzaminovun evlənməsi” və s. pyeslərin müəllifidir. Bir sıra pyesləri əsasında filmlər çəkilib.

12 aprel 1928 – Gürcü opera müğənnisi, SSRİ Xalq artisti Zurab Ancaparidze (1928 -12.4.1997) anadan olub.

 

13 aprel 1883 – Rus bəstəkarı və dirijoru Aleksandr Aleksandrov (1883-1946) anadan olub. Keçmiş SSRİ-nin himninin musiqisinin, populyar vətənpərvərlik mahnılarının (“Müqəddəs müharibə” və s.) müəllifidir.

13 aprel 1906 – İrland yazıçısı və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1969) laureatı Semuel Bekket (Samuel Beckett; 1906-1989) anadan olub. Absurd teatrının yaradıcılarındandır. Əsərləri: “Qodonun intizarında”, “Oyunun sonu” (pyes), “Molloy”, “Adsız” (roman). Bəstəkar Fərəc Qarayev yazıçının “Qodonun intizarında” əsərinə musiqi yazıb.

Hazırladı:  Vüqar ORXAN