Britaniya Kino və Televiziya Sənəti Akademiyası – BAFTA mükafatlarının 74-cü təqdimetmə mərasimi ilk dəfə olaraq koronavirus pandemiyası səbəbindən iki gün ərzində və onlayn formatda keçirilib.

Mərasimin ənənəvi olaraq keçirildiyi “Royal Albert Hall” sarayında yalnız aparıcılar səhnəyə çıxıb, iştirakçılar isə videozəng vasitəsilə mərasimə qoşulub.

Tədbirin mütləq qalibi Hloya Çjaonun “Köçərilərin torpağı” filmi olub. 60 yaşlı Fern adlı işsiz qadından bəhs edən ekran əsəri “Ən yaxşı film”, “Ən yaxşı qadın rolu” (Frensis Makdormand), “Ən yaxşı rejissor işi” və “Ən yaxşı operator işi” nominasiyalarında “Tunc maska” mükafatını qazanıb.

Hloya Çjao BAFTA tarixində 2010-cu ildə “Qasırğa hökmdarı” filminə görə təltif edilən amerikalı Ketrin Biqeloudan sonra rejissor işinə görə mükafat alan ikinci qadın olub.

Entoni Hopkins “Ata” dramındakı roluna görə “Ən yaxşı kişi rolu” mükafatına layiq görülüb. Bu film həmçinin “Ən yaxşı adaptasiya olunan ssenari” mükafatını da qazanıb.

“Ən yaxşı animasiya filmi” mükafatı Pit Dokterin “Qəlb” ekran əsərinə təqdim olunub. Cizgi filmi həmçinin “Ən yaxşı orijinal saundtrek”ə görə təltif olunub.

Rejissorlar Pippa Erlix və Ceyms Ridin Cənubi Afrikada osminoqla qeyri-adi dostluqdan bəhs edən və sualtı sakinlərin sirlərini açan “Müəllimim osminoq” əsəri “Ən yaxşı sənədli film” nominasiyasının qalibi olub.

CAVİD