Azərbaycan

 

17 aprel 1884 – Bəstəkar, Əməkdar incəsənət xadimi Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyli (1884 – 30.9.1950) anadan olub. Dahi bəstəkar Üzeyir Hacıbəylinin böyük qardaşıdır. “Aşıq Qərib” operasının, “Əlli yaşında cavan” musiqili komediyasının müəllifidir.

17 aprel 1899 – Türkoloq, şərqşünas Əhməd Cəfəroğlu (Əhməd İsmayıl oğlu Cəfərzadə; 1899 – 6.1.1975) Gəncədə doğulub. Azərbaycanın sovetləşməsindən sonra Türkiyəyə gedib. İstanbul Universitetinin professoru olub, “Azərbaycan yurd bilgisi” dərgisini nəşr etdirib.

17 aprel 1924 – Kinoşünas və teatrşünas, sənətşünaslıq elmləri doktoru Sabir Əkbər oğlu Rzayev (1924-1978) İrəvanda doğulub. Ermənistan Elmlər Akademiyası İncəsənət İnstitutunun direktor müavini olub.

17 aprel 1928 – Milli vokal sənətinin görkəmli nümayəndəsi, SSRİ Xalq artisti Lütfiyar Müslüm oğlu İmanov (1928 – 22.1.2008) Sabirabad rayonunda doğulub. Opera və Balet Teatrında baş partiyaları ifa edib, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru olub.

17 aprel 1938 – SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Üzeyir Hacıbəyli, Şövkət Məmmədova və Bülbül SSRİ Xalq artisti fəxri adına layiq görülüblər.

17 aprel 2015 – Xalq artisti, bəstəkar Ramiz Aqil oğlu Mirişli (16.4.1934 – 2015) vəfat edib. Musiqili komediyalar, simfonik əsərlər, mahnılar (“Oxu, tar”, “Dalğalar”, “Bayram axşamları” və s.), “Alma almaya bənzər”, “Qəzəlxan” və s. filmlərə musiqi yazıb.

 

18 aprel 1873 – Tanınmış xanəndə Məcid Behbudalı oğlu Behbudov (1873 – 6.9.1945) Şuşada anadan olub. Bakıda, Gəncədə opera tamaşalarında çıxış edib. 30-cu illərdə İrəvanda, sonra Qazaxda yaşayıb, orada vəfat edib. Böyük müğənni Rəşid Behbudovun atasıdır.

18 aprel 1897 – Azərbaycanın ilk professional qadın müğənnisi, SSRİ Xalq artisti Şövkət Həsən qızı Məmmədova (1897 – 8.6.1981) Tiflisdə doğulub. Milan Konservatoriyasında təhsil alıb. 1923-cü ildə Bakı Teatr Məktəbinin (indiki Mədəniyyət və İncəsənət Universiteti) yaradıcılarından olub. Azərbaycan Dövlət Konservatoriyasının professoru olub.

18 aprel 1941 – Teatr rəssamı Solmaz Manaf qızı Haqverdiyeva (1941-2000) Bakıda anadan olub. Akademik Milli Dram, Kukla, Gənclər teatrlarında işləyib.

18 aprel 1991 – Əməkdar incəsənət xadimi, şair Tofiq Qulam oğlu Bayram (16.12.1934 – 1991) vəfat edib. Kitabları: “Səninlə görüşəndə”, “Könlümdə yaşayanlar”, “Ay gecikən məhəbbətim” və s.

 

19 aprel 1905 – Məşhur memar, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, akademik Mikayıl Ələsgər oğlu Hüseynov (1905 – 7.10.1992) Bakıda doğulub. Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Milli Kitabxana, AMEA-nın binası, Bakı Musiqi Akademiyası və s. tikililərin layihə müəllifidir.

19 aprel 1907 – Xalq artisti, bəstəkar, dirijor, musiqişünas-alim Əfrasiyab Bədəlbəy oğlu Bədəlbəyli (1907 – 6.1.1976) Bakıda anadan olub. İlk Azərbaycan baletinin (“Qız qalası”, 1940), musiqi tariximizə dair kitabların müəllifidir.

19 aprel 1920 – Yazıçı-dramaturq Xalidə Məmməd qızı Hasilova (1920 – 5.12.1996) Zaqatalada anadan olub. “Nəğməli könül”, “Məhəbbət olmayanda”, uşaqlar üçün “Lalənin kitabı”, “Atlas yarpaqlar” və s. kitabların müəllifidir.

19 aprel 1927 – Əməkdar artist Tamara Nuran qızı Məmmədova (1927-2000) Naxçıvanda doğulub. Naxçıvan Musiqili Dram Teatrının aktrisası olub.

19 aprel 1954 – Rejissor, aktyor Rövşən Əziz oğlu Almuradlı (1954 – 2.4.2019) Bakıda doğulub. Şəki, Sumqayıt, Mingəçevir, Akademik Milli Dram teatrlarında tamaşalara, “Yük”, “Cavad xan” filmlərinə quruluş verib.

 

20 aprel 1894 – Xalq artisti, aktyor və rejissor Rza Abbasqulu oğlu Təhmasib (1894 – 14.2.1980) Naxçıvanda doğulub. ”Bakıda küləklər əsir”, “Qanun naminə” və s. filmlərdə çəkilib, “Səbuhi”, “Arşın mal alan” (1945), “Onu bağışlamaq olarmı?” filmlərinin rejissorudur. Akademik Dram Teatrının direktoru, Azərbaycan Teatr Cəmiyyətinin sədri olub.

20 aprel 1906 – Əməkdar incəsənət xadimi, ilk azərbaycanlı qadın musiqişünas Xurşid Həsən bəy qızı Ağayeva (1906 - 3.12.1953) anadan olub.

20 aprel 1907 – Xalq şairi Məmməd Rahim (1907 – 6.5.1977) anadan olub. “Leninqrad göylərində”, “Abşeron torpağında”, “Natəvan” poemaları, “Xaqani” mənzum dramının müəllifidir. Rus ədəbiyyatından tərcümələr edib.

20 aprel 1916 – Xalq artisti, görkəmli teatr və kino aktrisası Nəsibə Cahangir qızı Zeynalova (1916 – 10.3.2004) Bakıda anadan olub. 1938-ci ildən Musiqili Komediya Teatrında çalışıb. “Ögey ana”, “Böyük dayaq”, “Ulduz”, “Qanun naminə”, “Qayınana”, “Yuxu” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

20 aprel 1920 – Əməkdar incəsənət xadimi Əşrəf Hacı oğlu Quliyev (1920-1994) Bakıda doğulub. İrəvan Azərbaycan Dram Teatrında aktyor, Akademik Milli Dram Teatrında rejissor işləyib. Dövlət İncəsənət İnstitutunda dərs deyib.

20 aprel 1920 – Yazıçı-dramaturq, şairə Xanımana Sabir qızı Əlibəyli (1920 - 7.5.2007) Bakıda doğulub. Uşaqlar üçün 30-dək kitabın, o cümlədən “Gözəllər gözəli”, “Dovşanın ad günü” və s. pyeslərin müəllifidir.

20 aprel 1926 – Tarzən Əlikram Həsən oğlu Hüseynov (1926-2006) anadan olub. Opera və Balet Teatrının orkestrində çalışıb, bir çox rəqslərimiz onun instrumental ifasında lentə alınıb.

20 aprel 1944 – Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi, bənzərsiz muğam ifaçısı, Xalq artisti Cabbar Qaryağdıoğlu (1861-1944) vəfat edib.

 

Dünya

 

17 aprel 1894 – Rus aktyoru, SSRİ Xalq artisti Boris Vasilyeviç Şukin (1894-1939) anadan olub. Moskva Teatr Məktəbi aktyorun adını daşıyır.

17 aprel 1897 – Norveç bəstəkarı Harald Severud (1897-1992) anadan olub. Əsərləri: “Ehtiraslı rondo”, “Etiraz balladası” və s.

 

18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. 1983-cü ildə UNESCO yanında Abidələrin və Tarixi Yerlərin Mühafizəsi üzrə Beynəlxalq Şuranın (İCOMOS) təşəbbüsü ilə təsis edilib.

18 aprel 1819 – Avstriya bəstəkarı və dirijoru Frans fon Zuppe (Franz von Suppe - əsl adı Francesco Suppe Demelli; 1819-1895) anadan olub. “Gözəl Qalateya”, “Bokaçço” operalarının müəllifidir.

 

19 aprel 1832 – İspan dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1904) Xose Eçerqay-i-Eysagirre (José Echegaray y Eizaguirre; 1832-1916) anadan olub. 60-dan çox dram əsərinin yarısını nəzmlə yazıb.

19 aprel 1900 – İngilis yazıçısı, şair, dramaturq Riçard Hyuz (Richard Arthur Warren Hughes; 1900-1976) anadan olub. İlk radiopyeslərin müəllifidir.

 

20 aprel 1927 – Rus aktyoru Pavel Borisoviç Luspekayev (1927-1970) anadan olub. Ömrünün son illərində ayaq barmaqları amputasiya olunsa da, filmlərdə (“Səhranın bəyaz günəşi”, Pavel Vereşşagin) çəkilib.

Hazırladı:  Vüqar ORXAN