Əlverişli təbii-coğrafi şəraiti və zəngin resursları olan Azərbaycanda turizm sahəsinin inkişafı göz qabağındadır. Bütün regionlarımızda yeni turizm obyektləri tikilir, mədəni-tarixi qoruqlar yaradılır və bərpa edilir. Hər il ölkəmizə gələn turistlərin sayında qeydə alınan artım da bu sahənin inkişafından xəbər verir. 2009-cu ildə dünyada maliyyə böhranı ilə əlaqədar turistlərin sayının 15-18 faiz azalmasına baxmayaraq, Azərbaycana gələn turistlərin sayı öncəki ilə nisbətən 2 faiz artıb. Ötən il ölkəmizə 1 milyon 830 min xarici ölkə vətəndaşı gəlib ki, bunun da 1 milyon 430 min nəfəri turist olub. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ümumilikdə 31 minədək turist yerləşdirmə yeri olan 452 mehmanxana və mehmanxana tipli obyektə turizm fəaliyyətinə dair lisenziya verilib.
   
   Nabrandan əlverişli təklif var!
   
   Artıq turizm mövsümü başlayıb. Bəs Azərbaycanın turizm məkanları yeni istirahət dövrünə hazırdırmı, ötən illə müqayisədə bu il hansı yeniliklər gözlənilir?
   Turizm İnstitutunun turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri, dosent Bahadur Bilalovun dediyinə görə, dövlətin turizm sahəsinə göstərdiyi diqqətin nəticəsi olaraq, son zamanlar Azərbaycanda istirahət məkanlarının sayı artır və rəqabət də güclənir. Bu səbəbdən də builki mövsümdə qiymət azalması müşahidə olunur: «Məsələn, Nabran istirahət zonasında fəaliyyət göstərən turizm obyektlərində günü adambaşına 20 manat olmaqla, 3 dəfə yemək də daxil, təkliflər var. Bundan əlavə, görülən işlərin nəticəsi olaraq, turizm sahəsində xidmət göstərən kadrların peşəkarlıq səviyyəsində də irəliləyişlər var. Bu il həm də institutumuzun ilk məzunları diplom alaraq turizm sektorunda fəaliyyətə başlayacaqlar».
   
   Turizm şirkətləri qiymətlərdə endirimlər edəcək
   
   «Bakı Tur» turizm şirkətinin rəhbəri Fayis Məmmədov deyir ki, hər bir şirkət ildən-ilə fəaliyyət sahəsini genişləndirir, çünki yeknəsəq turlar insanları bezdirir: «Azərbaycanda turizm sahəsində güclü rəqabət var. Rəqabətə davam gətirmək üçün yeni marşrutlar təqdim etmək lazımdır. Xarici ölkə vətəndaşlarının Azərbaycana maraqları böyükdür. Mayın əvvəllərində biz Fransadan gəlmiş böyük bir turist qrupunu qəbul etdik. Onlar bir neçə beynəlxalq marşrut üzrə Azərbaycanın demək olar ki, bütün regionlarında oldular. Bu qrupun üzvləri 15 gün İranda, 15 gün də Orta Asiyada qaldıqdan sonra bizə gəlmişdilər. Onların ölkəmizə marağı o qədər böyük idi ki, 30 gün başqa ölkələrdə olduqdan sonra 13 gün də Azərbaycanda qaldılar».
   Şirkət rəhbərinin sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi işlər nəticəsində son illər Azərbaycanın qərb bölgəsinə də maraq artıb. Bu bölgədə Göygöl (keçmiş Helenendorf) rayonu ərazisində xüsusilə alman turistləri maraqlandıran məskənlər var: «Burada iki əsrə yaxın yaşı olan alman evləri olduğu kimi qalıb. Biz alman dilində kataloq hazırlamışıq. Çalışırıq ki, almanları qərb bölgəsinə gedən marşrutla yaxından tanış edək. Şimal marşrutu Quba-Xaçmaz və Qusardan keçir. Xarici turistlər əsasən Quba, Qusar, Qəbələ, Şəki, habelə Lerik və Yardımlı rayonlarında istirahətə üstünlük verirlər. Tələblərə uyğun olaraq da biz bu rayonlara müxtəlif turlar, o cümlədən atçılıq, macəra və gəzmə turları hazırlayırıq».
   «Millennium» turizm şirkətinin rəhbəri Ruslan Quliyev isə qeyd edir ki, bu mövsümdən gözləntiləri böyükdür. Bu il şirkət öz fəaliyyətində bir sıra yeniliklər edib: «Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, İsmayıllı-Qəbələ marşrutları üzrə mövcud olan turları təkmilləşdirmişik. «İpək yolu», «Uzunömürlülər diyarına səyahət», «Azərbaycanda alman məskənləri», «Abşeronda dəniz istirahəti» marşrutları üzrə bu mövsümdə MDB, Şərqi və Qərbi Avropa, Türkiyə və Asiya ölkələrindən turistlərin gəlişi gözlənilir. Bu il, eyni zamanda, qiymət siyasətimizə də yenidən baxacağıq. Minimal gəlirlə kütləviliyi təmin etməyə çalışacağıq. Əsasən hotel gecələmələrinin qiymətlərini aşağı salmaq istəyirik. Bununla da əlavə xidmət sahələrini daha da genişləndirərək, bu sahələrdən əldə etdiyimiz gəlirlə ümumi gəlir balansını saxlamaq niyyətindəyik».
   
   Bu il ölkəmizə gələn turistlərin sayında artım gözlənilir
   
   Mədəniyyət və Turizm Nazirliyinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanovun dediyinə görə, bu, turizm şirkətlərində turizm növləri üzrə daha çox inkişaf müşahidə olunur: «Konkret olaraq «İpək yolu», «Aleksandr Düma Qafqazda», «Şərab yolu» beynəlxalq turizm marşrutları üzrə müxtəlif turlar təşkil olunub. Qərb bölgəsində turizmin inkişaf etdirilməsi məqsədilə nazirlik tərəfindən müxtəlif treninq-kurslar təşkil edilib. Bundan başqa, Qubada Turizm İnstitutunun, cənub bölgəsində isə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə turizm sahəsində çalışan insanların peşə hazırlığının yüksəldilməsi, hotellərin qəbul şöbəsi, mərtəbə və restoran-masa xidməti, aşpazlıq üzrə kurslar reallaşdırılıb. Bu kurslarda 200-dən yuxarı insan iştirak edib. Turizm müəssisələrində keyfiyyət, müştəri xidmətləri baxımından irəliləyişlər var. İstirahət mərkəzlərində bu il qiymət endirimləri müşahidə olunur. Bunu istirahət obyektlərinin sayının artması və sağlam rəqabətin yaranması ilə izah etmək olar. Üstəlik, istirahət mərkəzlərinin tanıdılması sahəsində reklam işləri artıb. Regionlarda yerləşən turizm-istirahət mərkəzləri ilə hotellər arasında əməkdaşlıq genişlənib».
   M.Qəhrəmanov onu da bildirdi ki, bu il 2009-cu ilə nisbətən ölkəmizə gələn turistlərin sayında artım olacağı proqnozlaşdırılır: «Daxili turizm bazarında da artım olacağı gözlənilir. Mövsüm də tez başladı. Havaların istiləşməsi ilə əlaqədar olaraq, iyunun 1-dən turizm mövsümü başlayıb. Artıq bölgələrə istirahət turları reallaşdırılır».
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar