Təşkilat dünya ictimaiyyətini mədəni irs abidələrinə qarşı vandalizmə son qoymaq üçün təsirli tədbirlər görməyə çağırıb

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (İCESCO) 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günündə “İslam irsi aylığı” elan edib. Təşkilatın Rabatdakı (Mərakeş) qərargahından bildirilib ki, İslam ölkələrində tarixi-mədəniyyət abidələrinin təbliği məqsədilə elan olunmuş “İslam irsi aylığı” mayın 18-dək – Beynəlxalq Muzeylər Gününədək davam edəcək.

İCESCO-nun bununla bağlı müraciətində qeyd edilir ki, bir ay ərzində keçiriləcək tədbirlərdə İslam maddi və qeyri-maddi mədəni irs nümunələrinin tanıdılması, habelə tarixi və arxeoloji, xüsusən silahlı münaqişə zonalarında dağıdılmış qədim abidələrin bərpası məsələləri müzakirə ediləcək.

İCESCO dünya ictimaiyyətini mədəni irs abidələrinə qarşı vandalizmə son qoymaq üçün daha təsirli tədbirlər görməyə, bu sahədə hökumət strukturları ilə regional təşkilatların, habelə vətəndaş cəmiyyətinin əməkdaşlığını gücləndirməyə, müvafiq yol xəritəsi tərtib etməyə çağırıb. Təşkilatın müraciətində vurğulanır ki, 2019-cu ildən başlayaraq İslam dünyasında mədəni irsin mühafizəsi strategiyasını həyata keçirən İCESCO İslam Dünyası İrsi Mərkəzi yaradılması təşəbbüsü ilə çıxış edib. Bundan başqa, bu sahədə üzv ölkələrə yardım məqsədilə təşkilatın nəzdində müşahidə missiyası da fəaliyyət göstərir.

Müraciətdə o da diqqətə çatdırılıb ki, COVİD-19 pandemiyası dövründə mədəni irs abidələrinin tanıdılması, muzeylərin təbliği məqsədilə “Distant mədəniyyət” təşəbbüsü də irəli sürülüb.