Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Azərbaycan teatr və kino sənətinin unudulmaz korifeyi, Xalq artisti Nəsibə Zeynalovanın 105 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Turizm və Menecment Universiteti tələbələrinin də  qatıldığı tədbirdə sənətkarın həyat və yaradıcılığı barədə ətraflı söhbət açılıb. Bildirilib ki, N.Zeynalovanın sənət fəaliyyətinin ən parlaq dövrü Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışdığı illərdir.

Yaratdığı bir-birindən rəngarəng rollarla tamaşaçılar tərəfindən sevilən, müxtəlif obrazlarla “qonaq olduğu” bütün evlərdə, ocaqlarda ürəkləri fəth edən aktrisanın əziz xatirəsi hər zaman məhəbbətlə yad ediləcək və xalqın yaddaşından silinməyəcək.

Tədbir zamanı Nəsibə Zeynalovanın muzeyin fondunda saxlanılan fotolarından ibarət videoçarx nümayiş olunub. Eyni zamanda “Hicran” musiqili komediyasından, “Ögey ana”, “Böyük dayaq” və “Qayınana” filmlərindən fraqmentlər göstərilib.

Xalq artisti Tofiq Quliyevin “Qayınana” filminə bəstələdiyi “Biz mehriban ailəyik” mahnısının səslənməsi xatirə axşamına rəng qatıb.