XX əsr Cənubi Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri şair, tərcüməçi, naşir, folklorşünas alim Məhəmmədəli Fərzanə olub. O, Şimali Azərbaycanda gedən ədəbi-mədəni prosesləri yaxından izləyib, müxtəlif nəşr layihələri həyata keçirib.

Məhəmmədəli Əkbər oğlu Fərzanə 1923-cü ildə Təbriz şəhərinin Çayqırağı məhəlləsində anadan olub. 1905-1911-ci illəri əhatə edən Məşrutə (konstitusiya) hərəkatının iştirakçısı olmuş atası övladının da milli ruhda böyüməsinə çalışmışdı. O, ibtidai məktəbi bitirdikdən sonra təhsilini mədrəsədə davam etdirir. Erkən çağlardan poeziyaya maraq göstərir, məşhur şair Qövsi Təbrizinin (1568-1640) yaradıcılığı onun diqqətini daha çox çəkir. Hətta özü də “Qövsi” təxəllüsü ilə şeirlər yazır.

Təbriz Universitetində pedaqoji sahədə təhsil alan Məhəmmədəli 1942-ci ildə Təbriz Milli Kitabxanasında əmək fəaliyyətinə başlayır. Burada bir sıra anadilli nəşrləri də mütaliə etmək imkanı qazanır. Təsadüfən əlinə üstündə “Batil (məhv olacaq) kitablar” yazılmış bir bağlama keçir. Bağlamada tanınmış maarif xadimi və ədəbiyyatşünas Məhəmmədəli Tərbiyətin kitabxanaya bağışladığı “Kitabi-Dədə Qorqud” dastanı və Mahmud Kaşğarinin “Divani-lüğət - it-türk” kitabını görür. Türk xalqlarının ədəbi-mədəni, elmi düşüncəsinin bu qiymətli nümunələrini dərindən oxuyur və təbliğinə başlayır. Azərbaycan, Türkiyə, Avropada və Orta Asiyada “Dədə Qorqud” dastanı haqqında yazılmış kitab və məqalələri əldə edir, araşdırmalar aparır.

1945-ci ildə Cənubi Azərbaycanda yeni inqilab dalğası başlayır. Milli hökumət qurulur. Demokratik mətbuatın yaranması işində Əli Kəmali, Məhəmmədəli Fərzanə, M.Ə.Qövsi, M.B.Niknam kimi dil, yurd, vətən təəssübkeşləri öndə gedirlər. Zəngin klassik ədəbi irsimizi araşdırmağa, folklor nümunələrini toplamağa və xalqa çatdırmağa çalışırlar. Bu dövrdə M.Fərzani “Kitabi-Dədə Qorqud” dastanının boylarını, topladığı el bayatılarını “Azərbaycan” qəzetində dərc etdirir. Qəzet vasitəsilə oxucuları şifahi xalq ədəbiyyatı nümunələrini toplamağa çağırır. Özü də milli mətbuatda araşdırma yazılarla çıxış edir. Müəllifin “Füzuliyə yeni bir baxış”, “Divani-lüğət-it-türk”də olan atalar sözləri və məsəllər”, “Ana dilimiz və milli varlığımız uğrunda” məqalələri “Vətən yolunda” qəzetində dərc olunur. Eyni zamanda “Azərbaycan milli dastanları” adı altında “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Qaçaq Nəbi”, “Aşıq Qərib” dastanları haqqında silsilə məqalələri “Vətən yolunda” qəzetində işıq üzü görür.

M.Fərzanə daha sonra ana dilində müxtəlif elm sahələrinə aid dərsliklərin yazılması və çapını diqqətdə saxlayır. Daha çox “Kitabi-Dədə Qorqud”a yer verir. O,  müsahibələrinin birində bu mövzuya toxunaraq deyib: “Bu nümunələri oxuyanlar arasında sevinənlərlə bərabər, rahatlığı pozulanlar da vardı. Artıq ədəbiyyatşünaslıqda “Dədə Qorqud” boyları mövzusu mübahisəli məsələyə çevrilib. Həmin vaxtlar sinəsi sözlü-söhbətli anama “Buğac boyu”nu oxudum və dedim sözlərə diqqətlə qulaq ver, anlaşılmaz sözlər varsa, söylə. Anam məni axıradək dinlədi və dedi: “Oğlum, burda anlaşılmaz nə var ki, boy da bizimdir, soy da, söz də bizimdir...”.

Seyid Cəfər Pişəvərinin rəhbəri olduğu Milli hərəkat 1946-cı ildə məğlubiyyətə uğradılır. Milli hökumətin bütün yaradıcılıq sahələrində izi məhv edilir. Azərbaycan dilində yazılan kitab, qəzet və jurnallar yandırılır. M.Fərzanə kitabxanadakı işindən uzaqlaşdırılır. Əqidə və məslək dostları həbs edilir. Bir çoxu sovet Azərbaycanına mühacirət edir. M.Fərzanə isə vətəni tərk etmir. Gizli şəkildə elmi-ədəbi fəaliyyətini davam etdirir, həmçinin “Təbriz” qəzetində ədəbi-tənqidi yazıları dərc olunur.

İctimai-siyasi hadisələrin mərkəzində olmuş M.Fərzanə bir müddət sonra istintaqa çağırılır. Uzun sorğu-sualdan sonra beş il müddətinə azadlıqdan məhrum edilir. Həbsxanada olarkən məhkumlar arasında “Ana dilini öyrənənlər qrupu”nu yaradır, milli məfkurənin inkişafı istiqamətində işlərini burada da həyata keçirir. Həbsdən azad olunduqdan sonra təqiblər üzündən 1953-cü ildə Tehrana köçür. Naşir kimi fəaliyyət göstərir.

Filologiya elmləri doktoru Esmira Fuad araşdırmasında yazır ki, 1977-ci ildə M.Fərzanə qardaşı Yusiflə birlikdə “Fərzanə” yayım evi yaradır. 10 il ərzində 50-dən artıq dərslik, ədəbiyyat və tarix kitabları, o cümlədən milli hökumət dövründə özünün yazdığı “Ədəbi qiraət” adlı dərsliyi, S.C.Pişəvərinin məqalə və nitqləri, M.Ə.Sabirin “Hophopnamə”si, üçcildlik “Klassik şeirlərdən seçmələr”, “Səməd Vurğun”, Ə.Babayevanın “Haradasan, dost, harada?”, N.Axundovun “Azərbaycan satirik ruznamələri” bu nəşriyyatda çap olunur.

Görkəmli alimin folklorla bağlı əsərlərindən “Bayatılar” toplusu 1979-cu il İslam inqilabından sonra 8 dəfə nəşr olunur. “Dədə Qorqud” boyları”, “Heydərbaba və Şəhriyar”, “Molla Nəsrəddin lətifələri”, “Azərbaycan folklor antologiyası”, “Azərbaycan klassik şeirindən müasir şeirinə qədər”, “Azərbaycan xalq mahnıları”, “İran xalq mahnıları Azərbaycan dilinə şeir tərcümələri ilə”, “Nizamidən 30 qəzəl”, “Azərbaycan folklor dəftərləri: atalar sözləri və məsəllər”, “Azərbaycan dilinin fonetik lüğəti”, “Azərbaycan dilindən fars dilinə tərcümələr”, “Azərbaycan söz inciləri” və başqa kitabları M.Fərzanənin yorulmaz əməyinin bəhrələridir.

Gərgin fəaliyyətdən səhhətində problemlər yaranan M.Fərzanə müalicə üçün bir müddət Almaniyada, sonra İsveçdə yaşamalı olub. 7 yanvar 2006-cı ildə vəfat edib, vəsiyyətinə əsasən, Təbrizdə dəfn olunub.

Savalan FƏRƏCOV