Ötən ilə nisbətən bu il istirahət mərkəzlərində ucuzlaşma hiss olunur
   
   Hər il yay mövsümü başlayanda insanları düşündürən ümdə suallardan biri də harada, necə istirahət etmək barədə olur. Televiziya və radio efirində, qəzet səhifələrində turizm şirkətlərinin kiminə əlverişli, kiminə isə çox baha görünən reklam və elanları yer alır, çeşidli statistik rəqəmlər səslənir. Biz də oxucularımız üçün maraqlı olacaq deyə qısa araşdırma apardıq. Görəsən, orta statistik azərbaycanlı yayın bu cırhacırından qurtulub, ölkə daxilində və xaricində hansı istirahət guşələrində dincələ bilər?
   
   Cənub zonasına “Uzunömürlülər marşrutu”: günü 30-60 manata
   
   Öncə yerli turizm şirkətlərinin təqdim etdiyi xidmət və qiymətlər barədə. Apardığımız sorğu zamanı məlum oldu ki, şirkətlərin əksəriyyəti Azərbaycandan daha çox qonşu Türkiyənin istirahət zonalarına turist səfərləri təşkil etməkdə maraqlıdır. Səbəb isə sadədir: orada istirahət üçün qiymətlər ölkəmizə nisbətən daha əlverişlidir. Digər tərəfdən, ölkə əhalisi daxili turist səfərlərinə çıxmaq üçün turizm şirkətlərinin xidmətinə elə də ehtiyac duymur. Maşına əyləşib istədiyi bölgəyə üz tutur.
   Ölkədaxili turizm bölgələrindən Nabran, Quba, Qax, Şəki, Xızı (Altıağac), Dəvəçi (Qalaltı), Şamaxı, İsmayıllı, Qəbələ, Masallı, Yardımlı, Lənkəran, Lerikdə yerləşən istirahət zonaları son illər xeyli populyarlaşıb. Sözügedən rayonlardakı istirahət zonalarında bir nəfərin birgünlük istirahəti 30-60 manata başa gəlir. Qiymət fərqi turistin qalacağı mehmanxanadan, yeməkdən, eləcə də əyləncə şəraitindən asılıdır.
   “Millennium” turizm şirkətindən öyrəndik ki, xarici turistlər Azərbaycanda mövcud olan 8 turizm zonasına - Bakı-Abşeron, Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran-Astara, Şirvan, Gəncəbasar və Naxçıvana aparılır. Cənub zonasına “Uzunömürlülər marşrutu” layihəsi işlənərək turistlər cəlb edilib. Bölgədə 95-100 yaş arasında olan şəxslərin sayı isə təxminən 500 nəfərdir. Xarici turistlər həmin şəxslərlə təmasda olmağa maraq göstərirlər. Bölgəyə təşkil edilən turlara MDB ölkələri, Şərqi Avropa və Almaniya, Türkiyə, İran, Çin və Yaponiyadan turistlər cəlb edilir.
   Büdcə təşkilatı işçiləri isə istirahət üçün Həmkarlar İttifaqının təklif etdiyi güzəştli putyovkalardan istifadə edir. Məsələn, Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən «Geofizik», «Xəzər» və «Nabran» istirahət zonalarında 1 nəfərin günlük istirahəti üçün 28-50 manat lazımdır. Amma istirahət zonasında putyovka ilə dincələnlər məbləğin 15 faizini ödəyirlər. Bu qiymətə gündə 3 dəfə yemək daxildir.
   
   Nabranda 1200 manata 7 günlük istirahət
   
   Təbiətinə və populyarlığına görə fərqlənən Nabrandakı istirahət mərkəzlərində 2 nəfərin birotaqlı kottecdə gecələməsi üçün 90-100 manat tələb olunur. Bu məbləğə, “Aqua Park”dakı istirahətdən başqa, bütün əyləncələr daxildir. Əgər ürəyiniz gündə 3 dəfə yemək istəsə, adambaşına əlavə 20 manat pul ödəyirsiniz. Qısası, bəzi istirahət mərkəzlərinin bir günü 120-140 manata (ən yaxşı halda) başa gəlir. Deməli, 7 günlük istirahət üçün yol xərcini və sair əyləncəni də nəzərə alsaq, minimum 1200 manat ödəmək lazımdır.
   Amma bu hələ əlverişli qiymətdir. Nabranda “Caspian sea” istirahət mərkəzində adi nömrədə 1 nəfər üçün günlük istirahət 280, lüks şəraitli VİP nömrələrdə isə 1000-1500 manatdır.
   Zuğulbada dənizin yaxınlığında yerləşən istirahət mərkəzlərində isə kondisionerli, televizorlu, birotaqlı kottec 50 manatdır. İkiotaqlı kottec üçün 60 manat ödəməlisiniz. Burada təkcə səhər yeməyini pulsuz verirlər. Amma nahar və şam turistə endirimli tariflə başa gəlir.    

   Rayonlara ucuz turlar 24 manatdan başlayır
   
   Tutaq ki, uzunsürəli istirahət üçün vaxt və pulunuz yetərli deyil. Bununçün bəzi şirkətlər insanlara bir-iki günlük istirahət turları təklif edir. Onların içərisində ən diqqətçəkəni iyunun 27-də gerçəkləşəcək Bakı-Masallı turudur. Bu turun qiyməti 24 manatdır.
   
   Antalyada 8 günlük istirahət cəmi 467 AZN!
   
   Dünya turizminin qəlbinin döyündüyü məkanlar sırasında Türkiyə özünəməxsusluğu ilə seçilir. Özəlliklə də Antalya, Bodrum, Bələk, Kəmər, Alanya ərazisində yerləşən saysız-hesabsız hotellərlə yerli şirkətlərimizin əməkdaşlığı sayəsində əhali ora ayaq açmağa başlayıb. Əslində istirahət üçün bu məkanları seçənlər də haqlıdırlar.
   Beləliklə, Türkiyənin Bodrum vilayətindəki üçulduzlu «Blue Bodrum Beach» hotelində 8 gün/7 gecə istirahət etməyin məbləği 396 AZN-dir. Bura təyyarə bileti, gündə üç dəfə yemək, hər cür əyləncədən istifadə etmək, üstəlik, maşınını və özünü qaldığın müddətdə sığorta da daxildir. Bu şərtlər daxilində 4 ulduzlu «Bellacasa Suites»8 gün üçün 523 AZN, 5 ulduzlu «Green Beach Resort»da 590 AZN, Antalyadakı 4 ulduzlu «Grand Beauty»da 524 AZN ödəmək kifayətdir.
   “Millenium” turizm şirkətindən aldığımız məlumata görə, onların ən ucuz istirahət seçimi Antalyadakı 3 ulduzlu «Kemer» hotelidir. Burada 8 gün/7 gecə istirahət etməyin məbləği 167 manatdır. Təbii ki, bura təyyarə və ya avtobus biletinin qiyməti daxil deyil.
   Amma təyyarə biletini də nəzərə alsaq - pulun böyük hissəsi buna sərf olunur - qiymətlər avtomatik dəyişəcək. Məsələn, 8 günlük istirahəti 167 manata başa gələn hotelə gedib geri qayıtmaq üçün ümumi 467 manat ödəmək lazım gəlir. Yox, əgər Antalyaya birbaşa deyil, İstanbul vasitəsilə getmək istəsəniz, bu 480 manat olacaq.
   Təyyarə fobiyası olanlar bu səfərləri avtobus turu vasitəsilə gerçəkləşdirə bilərlər. Ən minimal tarifdən başlayaq. Tutaq ki, 3 ulduzlu hoteldə istirahət etmək istəyən şəxs bunu avtobus turu vasitəsilə həyata keçirməkçün 320 manat ödəməlidir. Hotel, kruiz qiymətləri də bura daxildir. Uşaqlarçünsə bu qiymət 50 faizdir.
   
   Avqustda istirahət etmək baha başa gəlir
   
   Heç kəsə sirr deyil ki, insanların əksəriyyəti istirahətini yayın ən isti ayına - avqusta salır. Bu isə turizm, habelə hava yolları şirkətləri üçün əlavə qazanc imkanları yaradır. Nəticədə, iyun-iyul aylarında istirahətlə avqustdakı istirahət arasında minimum 200-250 manat fərq olur. Məsələn, avqustda birbaşa Antalyaya getməkçün təyyarə biletinə 500 manat ödəmək lazımdır. Bu pul istirahət məsrəfinin əsas hissəsini təşkil edir. Bundan başqa, Türkiyədəki hotellərdə avqust ayında sıxlıq olur. Bununla yanaşı, əksər hotellər maraqlı proqramlarını, atraksionlarını, turlarını avqusta saxlayır, habelə həmin aya maksimum hazırlıq görürlər.
   
   Nəticə: Apardığımız araşdırma nəticəsində məlum oldu ki, ötən ilə nisbətən bu il Azərbaycanın istirahət məkanlarının təklif etdiyi qiymətlərdə nəzərəçarpacaq dərəcədə ucuzlaşma var. Hələ bir neçə il əvvəl istirahət mərkəzlərindəki qiymət bahalığı ilə bağlı jurnalistlərin suallarını cavablandıran mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirmişdi ki, turizm obyektlərinin sayı artdıqca rəqabət də artacaq və nəticədə qiymətlərdə əhəmiyyətli dərəcədə endirimlər olacaq. Bugünkü reallıq qiymətlərdə azalma tendensiyasının sübutudur...
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar