AF Hotel Aqua Parkda reallaşan tədbir geniş konsert proqramı ilə davam etdirildi
   
   Hər il ölkəmizdə turizm mövsümünün açılışı təntənəli mərasimlərlə müşayiət olunur. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə düzənlənən builki tədbir Novxanıdakı AF Hotel Aqua Parkda reallaşdı.
   
   Qeyd edək ki, bu hotel ölkəmizdə fəaliyyət göstərən ən böyük istirahət mərkəzlərindən biridir. Geniş bir ərazidə yerləşən hoteldə qonaqların istirahəti və dincəlməsi üçün hər cür şərait mövcuddur. Dumduru su ilə doldurulmuş çarhovuzlar, müxtəlif barlar, yüksək zövqlə dizayn edilmiş və Avropa standartlarına uyğun xidmət səviyyəsi olan qonaq evləri AF Hotelə xüsusi gözəllik verir. Burada ailəvi istirahət üçün də geniş şərait var.
   Mövsümün açılışından öncə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev jurnalistlərə açıqlama verdi. Ölkəmizdə turizmin inkişafının ilbəil vüsət aldığını vurğulayan nazirlik rəsmisinin sözlərinə görə, tikilən yeni mehmanxana və hotellər bunun bariz sübutudur: «Düzdür, bəzi problemlərimiz var, xüsusilə xidmətin səviyyəsi ilə bağlı çətinliklər mövcuddur. Amma hər il ötən ilə nəzər saldıqda daha böyük irəliləyişin olduğunu görmək mümkündür. Buna nail olmaq üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir çox işlər görülür. Bu yaxınlarda ölkənin qərb bölgəsində turizmin inkişaf etdirilməsi məqsədilə nazirlik tərəfindən treninq-kurslar təşkil edilib. Bundan başqa, Qubada Turizm İnstitutunun, cənub bölgəsində isə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə turizm sahəsində çalışanların peşə hazırlığının yüksəldilməsi, hotellərin qəbul şöbəsi, mərtəbə və restoran-masa xidməti və aşpazlıq üzrə müxtəlif kurslar keçirilib. Kurslarda 200-dən yuxarı insan iştirak edib. Turizm istirahət mərkəzlərində bu il qiymət endirimi də müşahidə olunur. Mehmanxana və istirahət mərkəzlərinin rəhbərləri bildirirlər ki, builki mövsümdə boş yerlər olmayacaq».
   Şöbə müdiri onu da bildirdi ki, hazırda hotel rəhbərləri ilə qiymətlər məsələsi müzakirə edilir: «Çalışırıq ki, elə qiymətlər müəyyənləşdirilsin ki, Azərbaycanda istirahət etmək hər bir insanın marağında olsun. Ümumilikdə götürdükdə builki mövsümə turizm infrastrukturu tamamilə hazırdır. Artıq havalar istiləşdiyindən turizm obyektlərində də insanların sayı artır. Bu il mövsümün ötən illərlə müqayisədə daha tez başlaması da havaların erkən istiləşməsi ilə bağlıdır. Amma bir şeyi də təəssüflə qeyd etmək istərdim ki, bizdə turizm mövsümü maksimum üç ay davam edir. Digər ölkələrdə isə məsələn, Türkiyədə bu müddət aprel ayının sonundan oktyabrın sonlarına qədərdir».
   Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi bu il ölkəmizə gələcək turistlərin sayında artım proqnozlaşdırır. Bu barədə danışan şöbə müdirinin sözlərinə görə, dəqiq rəqəm söyləmək mümkün olmasa da, turizm şirkətlərinin və istirahət mərkəzlərinin rəhbərləri ilə aparılan söhbətlər müəyyən qənaətə gəlməyə əsas verir: «Elə şirkətlər var ki, Avstriyanın, Almaniyanın turizm şirkətləri ilə 150-200 nəfərlik qrupların ölkəmizə istirahətə gəlməsi barədə müqavilələr bağlayıblar. Bunu paytaxtımızın küçələrində qoyulan reklam lövhələrindən də aydın görmək mümkündür». 
      
   Fəxriyyə Abdullayeva