İsrailin Azərbaycandakı səfirinin müavini Doron Peer Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib. Diplomata 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri tərəfindən Azərbaycanın müxtəlif yerlərində həyata keçirilmiş soyqırımı, həmin ilin mayında Qubada törədilən qırğınlar  haqqında ətraflı məlumat verilib.

Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Burada quraşdırılmış monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikanın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Bildirilib ki, Qubada soyqırımı qurbanlarının kütləvi məzarlığı 2007-ci ilin aprelində ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

D.Peer Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazıb.