Beynəlxalq Muğam Mərkəzində muğam, aşıq və milli klassik musiqinin öyrənilməsi, təbliği istiqamətində işlər, pandemiya səbəbindən geniş miqyasda həyata keçirilməsə də, davam etməkdədir.

BMM-in “Dəyirmi masa” layihəsinin koordinatoru, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı və layihənin daimi iştirakçısı, Milli Konservatoriyanın “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov Milli Azərbaycan Tarix  Muzeyini ziyarət ediblər. Onlar muzeydə qorunan 10-a yaxın tar nümunələri ilə tanış olublar. 1744-cü ilə aid olan tar nümunəsi, böyük tarzən Mirzə Fərəcə 1890-cı ildə İranın Rəşt şəhərində hədiyyə olunmuş tar, Azərbaycan ifaçılıq sənətində iz qoyan Məşədi Süleyman və Bəhram Mansurova aid tar alətlərinə baxış keçirilib. Məmmədəli Məmmədov muzeydə olan tarların ölçülərini götürüb və müasir tarlarla müqayisəsini aparacağını bildirib.

Qeyd edək ki, BMM-nin tədqiqat işləri “Unudulmayanlar” və “Dəyirmi masa” layihələri çərçivəsində həyata keçirilir. Layihələrin rəhbəri Xalq artisti Murad Hüseynovdur.