Saratov Akademik Opera və Balet Teatrının (Rusiya) yeni səhnəsində dünya şöhrətli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baleti anşlaqla nümayiş olunub. 16-17 aprel tarixlərində nümayiş olunan tamaşa teatrın bu səhnə üçün xüsusi olaraq işlənilmiş ilk balet əsəridir.
Tamaşanın hər iki nümayişi sənətsevərlər tərəfindən hərarətlə qarşılanıb. Tamaşaçılar sosial şəbəkələrdə premyera ilə bağlı çoxsaylı müsbət şərhlər yazıblar. Teatrın saytında və yerli KİV-də qeyd olunur ki, Fikrət Əmirovun “Min bir gecə” baleti haqlı olaraq Rusiyada balet teatrının müasir klassikası hesab olunur. Vurğulanır ki, 1979-cu ildə Azərbaycan Opera və Balet Teatrında səhnələşdirilən balet bu gün də Rusiyanın və dünyanın ən böyük səhnələrində uğurla oynanılır. Saratovda isə “Min bir gecə” baletinin ilk nümayişi 1987-ci ilə təsadüf edir. 20 il ərzində – 2007-ci ilə qədər baletin 300-ə yaxın nümayişi olub.
“Min bir gecə” baletinin yeni xoreoqrafik versiyasında müasirliklə yanaşı balet sənətinə bələd olmayan tamaşaçını təəccübləndirəcək nüanslara qədər hər şey düşünülüb. Tamaşanın librettosu və xoreoqrafı Rusiyanın Əməkdar artisti Anatoli Dementyev, baletmeysteri Xalq artisti İqor Stetsyur-Mova, quruluşçu dirijoru Medet Turqumbayev, səhnə tərtibatçısı Əməkdar rəssam Sergey Boldırev, kostyum üzrə rəssamı Olqa Kolesnikovadır. A.Dementyev möhtəşəm Şərq elementləri, gerçəklik və fantastik dünya, dramatik toqquşmalar, ülvi hisslərin, incə yumorun və fitnə-fəsadın bir-biri ilə toqquşduğu baletdə qüsursuz zövq və plastik ifadə ilə seçilən emosional bayram tamaşası yarada bilib. Baletmeyster isə mətni orijinalda – 1987-ci il versiyasında saxlayaraq öz yeniliklərini əlavə edib.
Lalə AZƏRİ