Quşları müşahidə etmək olar, ovlamaq isə yox

Ölkəmizin ornitoloji (quş müşahidəsi) turizm destinasiyası kimi potensialı Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Avropada bu turizmlə məşğul olan xarici şirkətlər üçün aprelin 20-də keçirilən vebinarda tanıdılıb.

Dövlət Turizm Agentliyindən bildirilib ki, vebinarda Azərbaycanda ornitoloji turizmin imkanları, bu istiqamətdə əlverişli məkanlar və mövcud quş növləri haqqında məlumat verilib. Ornitoloji turizmlə maraqlanan yerli və xarici turizm şirkətləri arasında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə yanvar və fevral aylarında ornitoloji turizmə maraq göstərən yerli turizm agentlikləri üçün onlayn təlim keçirilib. “Quşların müşahidəsinə maraqlı olan turistlərə necə xidmət göstərmək?” başlığı ilə keçirilən təlimdə ATB-nin bu istiqamətdə planları və inkişaf strategiyası təqdim olunub. Təlimdə İsveç ornitoloqu, bu sahədə uzun illər təcrübəsi olan turizm eksperti, Orta Şərq, Qafqaz və Mərkəzi Asiya Ornitoloji Cəmiyyətinin üzvü Tomas Axen Haraldson spiker kimi çıxış edib.

İştirakçılara həmçinin Azərbaycanda ornitoloji turizm üzrə müşahidə ərazilərinin xəritəsi, xüsusiyyətləri, həmin ərazilərə aid quş növləri, quş müşahidəçi turistləri üçün tur proqramlarının nümunələri, quş müşahidəsi təqvimi və digər faydalı məlumatların daxil edildiyi broşürlər təqdim edilib.