Xəzər dənizinin Xaçmaz rayonu ərazisində sahil sularının bakterioloji müayinəsi aparılıb. Müayinələr çimərlik mövsümündə sahil sularının çirklənmə dərəcəsinin yoxlanılması məqsədi daşıyıb. Yoxlamalar Niyazabad çimərliyi, Xəzər turizm bazası, Dostluq turizm bazası istirahət zonalarında keçirilib.
Xaçmaz Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) bakterioloji laboratoriyasının müdiri Rafiq Bəybalayev mətbuata açıqlamasında dəniz suyunun tərkibindəki mikrobların yol verilən norma daxilində olduğunu bildirib. Onun sözlərinə görə, vətəndaşların yuxarıda adları qeyd olunan çimərliklərdən istifadəsi təhlükəli deyil.
Bu arada mərkəzi istirahət zonalarında xidmət sahələrinin sanitar vəziyyəti də nəzərdən keçirilib. Xaçmaz GEM-in direktoru Bəxtiyar Haqverdiyev bildirib ki, fərdi ticarətlə məşğul olan və gigiyenik tələblərə cavab verməyən 5 obyekt bağlanıb. Mərkəz direktoru bildirib ki, Xəzər dənizi sularının müayinəsi oktyabr ayının sonunadək davam edəcək.