Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə “Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı: türk dünyasının qürur mənbəyi, dünya ədəbiyyatının zirvələri” adlı beynəlxalq müsabiqə elan edilib.

Mədəniyyət Mərkəzinin Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti, “Özbəkistan - Azərbaycan” Dostluq Cəmiyyəti ilə birlikdə keçirdiyi beynəlxalq müsabiqənin əsas məqsədi türk və Şərq dünyasında Nizami Gəncəvi və Əlişir Nəvai ədəbi irsinin daha geniş təbliği, xalqlar arasında dostluq, tarixi və ədəbi əlaqələrin gənc nəslə çatdırılmasıdır.

Mədəniyyət Mərkəzindən bildirilib ki, Prezident İlham Əliyevin sərəncamı ilə dahi şairin 880 illik yubileyi münasibətilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi, habelə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Əlişir Nəvainin 580 illik yubileyi ilə bağlı sərəncamına əsasən təşkil olunan müsabiqədə hər iki dahinin yaradıcılığına geniş nəzər salınacaq.

Müsabiqədə hər iki ölkədə fəaliyyət göstərən universitetlər, elm və mədəniyyət müəssisələri, alim və tədqiqatçılar, sənət adamları, jurnalistlərin iştirakı nəzərdə tutulub.

Aprelin 22-də başlayan müsabiqəyə dekabrın 1-də yekun vurulacaq. Müsabiqənin Təşkilat komitəsində hər iki ölkənin tanınmış alimləri yer alacaq. Hər nominasiya üzrə birinci, ikinci və üçüncü yerin sahibləri AMM-in pul mükafatları və Təşkilat komitəsinin fəxri fərmanları ilə mükafatlandırılacaqlar. Qalib monoqrafiya Mədəniyyət Mərkəzi tərəfindən iki dildə çap etdiriləcək.

Müsabiqəyə dair ətraflı məlumatla bu link vasitəsilə tanış ola bilərsiniz: http://azculture.uz/musabiqeler.php?link=musabiqeler