Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 24 nömrəli onbirillik Musiqi məktəbində skripka ixtisası üzrə təhsil alan Turan Dadaşov İsraildə keçirilən “Holy Land” II beynəlxalq müsabiqəsində iştirak edib.

Onlayn müsabiqəyə “İnstrumental ifaçılıq” nominasiyasında qatılan Turan Dadaşov münsiflər heyətinin qərarı ilə Qran-pri mükafatına layiq görülüb. Gənc istedadın müəllimi Rauf Abıyev və konsertmeyster Elxan Quliyev təşəkkürnamə ilə mükafatlandırılıblar.

***

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən 34 nömrəli Uşaq musiqi məktəbinin şagirdləri İtaliyanın Ravenna şəhərində keçirilən “Racconto dı prımavera” (“Bahar nağılı”) beynəlxalq onlayn musiqi müsabiqəsində uğur qazanıblar.

Müsabiqəyə İtaliya, Fransa, Portuqaliya, Polşa, Türkiyə, Yunanıstan, Rusiya, Litva, Qazaxıstan, Ukrayna, Belarus, Moldova – ümumilikdə 26 ölkədən 1500 iştirakçı onlayn formatda qatılıb.

Musiqi məktəbinin şagirdləri Elvin Rəhimov, İsman Nuruyev uğurla çıxış edərək birinci yerə layiq görülüblər.

***

Müslüm Maqomayev adına 26 saylı 11 illik Uşaq musiqi məktəbinin xanəndəlik ixtisası üzrə birinci sinif şagirdi Yusif Tural oğlu Sadıxov isə “Lider” televiziyasının təşkil etdiyi “Avaz” uşaq muğam müsabiqəsində uğur qazanıb.

Yusif müsabiqədə “Qarabağ şikəstəsi”ni səsləndirib və ifası münsiflər tərəfindən ikinci yerə layiq görülüb. Balaca xanəndəyə diplom təqdim olunub. Yusifin ixtisas müəllimi Kamilə Abdullayevadır.