“Euronews” telekanalı Azərbaycan xalçaları və onların istehsal prosesi barədə reportaj hazırlayıb.

Reportajda xalçaların min illərdir Azərbaycan incəsənətinin və mədəniyyətinin ayrılmaz hissəsi olduğu vurğulanır. Ənənəvi Azərbaycan xalçaları sıx toxunuşa malikdir. Xalçaçılıqla məşğul hər bölgənin özünəməxsus naxışlar aləmi var.

Dünyanın ilk xalça muzeyi Bakıda yerləşir. Burada nəfis toxunuşlu xalçalar sərgilənir, kövrək eksponatlar isə iqlim şəraiti tənzimlənən xüsusi yerlərdə saxlanılır.

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun fikirlərinə də reportajda yer verilib: “Xalça Azərbaycan mədəniyyətinin və xalqının rəmzidir. Bu, ulu babalarımızdan bizə miras qalan irsdir, əsrlər boyu nəsildən-nəslə ötürülüb. Xalça Azərbaycan xalqına o qədər əziz və yaxındır ki, hər evdə və hər ailədə xalça görə bilərsiniz. Bu, onu həyat tərzimizin çox vacib və ayrılmaz bir hissəsi edir”.

Reportajda Azərbaycan xalça sənətinin 2010-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edildiyi bildirilir. Qeyd olunur ki, xalçalar müxtəlif kompozisiyaları, canlı rəngləri və fərqli istehsal texnikaları ilə məşhurdur. Azərbaycan xalçaçılığının tarixi Tunc dövrünə gedib çıxır. Bu gün yeddi ixtisaslaşmış xalçaçılıq məktəbi mövcuddur. Onların hər birinin özünəməxsus naxışları və ənənələri var.

Vurğulanır ki, dünyanın ilk xalça muzeyi Bakıda yerləşir. Burada nəfis toxunuşlu xalçalar sərgilənir, kövrək eksponatlar isə iqlim şəraiti ilə tənzimlənən xüsusi yerlərdə saxlanılır. Azərbaycan Milli Xalça Muzeyi həmçinin sərgilərin, beynəlxalq simpoziumların və konfransların keçirildiyi tədqiqat, maarifləndirmə, mədəniyyət və təhsil mərkəzidir.