Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi. Orqanologiya və akustika“ elmi tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arif Əsədullayevin da “Azərbaycan klassik muğam ifaçılığı və pandemiya” mövzusunda onlayn seminarı keçirilib.

Məruzəçi bildirib ki, hazırda laboratoriyada musiqi elminin müxtəlif istiqamətlərində, o cümlədən Azərbaycanın milli xalq çalğı aləti kamançanın səs dalğasının ən mühüm akustik xarakteristikalarından biri olan amplitud-tezlik xarakteristikalarının müəyyənləşdirilməsi və tembr xüsusiyyətlərini yaradan ən əsas səbəblərdən olan harmoniklərin elmi baxımdan təyin olunması istiqamətində araşdırmalar aparılır. Vurğulanıb ki, son illərdə Azərbaycan milli-etnik instrumental ifaçılıq sənətində müəyyən geriləmələr də baş verib. Muğam ifaçılığında bir çox hallarda sərbəst gəzişmə və improvizasiya adı altında caz improvizasiyaları, habelə mənşəyi bəzən heç bilinməyən musiqi parçaları ifa olunur. Doğrudur, bu gün instrumentalistlərin ifaçılıq texnikası və alətdən istifadə etmə bacarıqları yüksək səviyyədədir. Lakin onların bu bacarıqlardan gözəl və yüksək zövqlə istifadə edə bilməmələri təəssüf doğurur. Öz texniki imkanlarını göstərmək üçün musiqilərimizi olduqca biabırçı şəklə salırlar. Sanki onlar unutmuşlar ki, ifaçının ifaçılıq texnikası elə musiqini daha da dolğun, sanballı, təravətli və cazibədar forma və məzmunda ifa etməyə yönəlməlidir. Bizdə isə bir çox hallarda əksinə olur.

Məruzəçi daha sonra qeyd edib ki, muğamlarımızın bugünkü vəziyyətini, bugünkü formasında nota yazıb çap etdirməkdə də əsas məqsədlərimdən biri bu olub. Çünki hər muğam ifaçısı öz istədiyi kimi ifa edir. Bu səbəbdən də zaman keçdikcə muğamlarımızda yeni-yeni dəyişikliklər və deqradasiyalar yaranır.

Seminarın sonunda elmi tədqiqat laboratoriyasının müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə məruzəçinin çıxışını yüksək qiymətləndirərək, mövzu ətrafında fikirlərini bildirib. Fəlsəfə doktoru İmina Əliyeva, Xalq artisti, dosent Zümrüd Məmmədova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mehparə Rzayeva, bəstəkar Rüfət Ramazanov, böyük elmi işçi Zeynal İsayev, elmi işçi Nigar Bayramova, elmi işçi Ayxan Əfəndiyev və digər əməkdaşlar mövzu ilə bağlı fikir mübadiləsi aparıblar.