Şəki rayonun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzi ilə bağlı bütün məsələlər Mədəniyyət Nazirliyi tərəfindən ciddi nəzarətdə saxlanılır.

Bu barədə Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Respublika Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzi aprelin 23-də nazirliyin Şəki Regional Mədəniyyət İdarəsi tərəfindən atlar üçün xüsusi qida vasitələri ilə təmin edilib.

Müəssisəyə ilkin maddi yardım təqdim olunub, həmçinin atlara tibbi-baytar xidməti göstərilib. Baytar heç bir kütləvi xəstəliyin qeydə alınmadığını təsdiqləyib.

Respublika Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzinə Şəki Şəhər İcra Hakimiyyəti və digər qurumlar tərəfindən də yardım ayrılıb.