Mədəniyyət və Turizm və Təhsil nazirlikləri bu istiqamətdə birgə iş aparır
“2010-2014-cü illərdə Azərbaycan Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın mühüm istiqamətlərindən biri ölkədə turizm üzrə mütəxəssis hazırlayan təhsil müəssisələrinin fəaliyyəti, onların tədris proqramlarının təkmilləşdirilməsi ilə bağlıdır.
Məlumdur ki, turizm sahəsini inkişaf etdirmək üçün ali təhsilli mütəxəssislərlə yanaşı, orta-texniki təhsilli kadrlara da böyük ehtiyac var. Bu, Azərbaycanın turizm sektoru üçün xüsusilə mühüm olan məsələdir. Mütəxəssislərin fikrincə, bu sahədə orta-texniki təhsilli kadrlara tələbat 70 faiz həcmindədir.
Turizmin inkişafı savadlı kadrlara tələbatı artırıb
Turizm İnstitutunun Turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri, dosent Bahadur Bilalovun dediyinə görə, bu sahənin inkişafında maraqlı olan hər bir ölkənin əsas strategiyasında kadr hazırlığı durur. Çünki istirahət məkanlarının, yerləşdirmə yerlərinin sayı nə qədər çox olsa da, ölkənin turizm imici ilk növbədə xidmətin səviyyəsindən asılıdır: «Hələ 2002-2005-ci illəri əhatə edən Dövlət Proqramında turizm sahəsində kadr təminatı məsələsi öz əksini tapmışdı. Bu məsələ indi də aktual olaraq qalır. Ofisiant, hotellərdə müxtəlif xidmət işlərində çalışmaq üçün ali təhsil almağa ehtiyac yoxdur. Bu kadrlar peşə məktəblərində hazırlanmalıdır. Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra sovet dövründən qalan texniki peşə məktəbləri bir müddət diqqətdənkənar qaldı, əksəriyyətinin isə maddi-texniki bazası köhnəldi, normal kadr hazırlamaq mümkün olmadı. Dünya təcrübəsi də göstərir ki, turizm sahəsində çalışmaq üçün heç də ali təhsi almaq mütləq deyil. Hətta elə işlər var ki, sadəcə, kurs keçməklə orada çalışmaq olar. Məsələn, aşpaz, barmen, ofisiant işləmək üçün peşə təhsili kifayət edir».
B.Bilalov deyir ki, Azərbaycanda müxtəlif peşə məktəblərində bu tipli kadrlar hazırlanır: «Məsələn, Qəbələdə Turizm və Hotelçilik Mərkəzi yaradılıb, İsmayıllıda turizm və hotelçilik üzrə peşə məktəbinin açılması üçün işlər görülür. Lakin Azərbaycan turizminin ən zəif yeri ondan ibarətdir ki, kadr hazırlığı ilə məşğul olacaq ixtisaslı mütəxəssislərin sayı kifayət qədər deyil. Odur ki, bu istiqamət üzrə müəllimlər hazırlanmalıdır».
«Xaricdən mütəxəssislər dəvət etmək olmazmı» sualına həmsöhbətimizin cavabı belə oldu: «Xarici mütəxəssislər dəvət olunur. Amma bunun üçün böyük həcmdə maddi vəsait lazımdır. Buna görə də mütəxəssis hazırlığıı prosesini özümüz aparmalıyıq».
B.Bilalovun sözlərinə görə, Azərbaycanın digər ali təhsil ocaqlarında da turizm təhsili verən fakültələr var. Amma bu məktəblərin məzunlarının turizm üzrə hazırlığı kiyayət deyil: «Bakı Dövlət, İqtisad, Gəncə Texnologiya, Kooperasiya universitetlərində turizm fakültələri var. İlk vaxtlar bu fakültələrdə dərsləri coğrafiya müəllimləri tədris edirdi. Amma turizm sahəsində çalışacaq kadrlara bu sahəni bilavasitə bilən mütəxəssislər dərs keçməlidir. Biz çalışırıq ki, hazırda turizm sahəsində çalışan təcrübəli mütəxəssisləri Turizm İnstitutuna cəlb edək. Çünki biri var ki, kitabdan nəyisə oxuyub auditoriyada danışasan, biri də var ki, gündəlik fəaliyyətdə bildiklərini, gördüklərini tələbələrə çatdırasan. Digər tərəfdən, ilk vaxtlar tədris vəsaitləri standartlara cavab vermirdi. İndi isə digər ölkələrin ali məktəblərinin təcrübəsinə uyğun tədris standartları cilalanıb. Ölkəmizdə turizmin inkişafı savadlı kadrlara tələbatı da artırıb. Bu səbəbdən bu sahə üzrə təhsil almağa axın da var».
B.Bilalov onu da bildirdi ki, Şahdağda inşa edilən yay-qış turizm mərkəzində gələcəkdə 5 minədək insan işləyəcək: «Bu işçilərin heç də hamısının bakalavr və yaxud magistr təhsilli olması vacib deyil. Buna görə də peşə təhsilli işçilərin hazırlanması üçün Mədəniyyət və Turizm, Təhsil nazirlikləri və Turizm İnstitutu birlikdə peşə məktəbi yaratmaq layihəsi üzərində işləyir».
Texniki peşə məktəblərinin maddi-texniki bazası genişlənir
Mövzu ilə bağlı Təhsil Nazirliyinin internet saytına da nəzər saldıq. Saytın «Texniki peşə təhsili» bölməsindəki məlumatlara əsasən, hazırda ölkə ərazisində fəaliyyət göstərən 50-dən çox peşə məktəbinin yalnız birində - Zaqatala Peşə Məktəbində mehmanxana inzibatçısı ixtisası var. Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədovun sözlərinə görə, 2007-ci ildə qəbul olunmuş «Texniki peşə təhsilinin inkişafı üzrə» Dövlət Proqramında bütün sahələr üzrə peşə təhsili müəssisələrində ixtisaslı kadrların hazırlanması nəzərdə tutulub: «Təhsil Nazirliyi bir neçə ildir bu istiqamətdə kadrların hazırlanması məqsədilə müvafiq işlər görür. 2008-ci ildə Qəbələdə Turizm və Hotelçilik üzrə Peşə Tədris Mərkəzi istifadəyə verilib. Bu yaxınlarda Avropa Komissiyası ilə birlikdə həyata keçirilən layihə çərçivəsində İsmayıllıda peşə məktəbi istifadəyə veriləcək».
Nazirlik təmsilçisinin sözlərinə görə, Azərbaycanın texniki peşə məktəblərində turizm və xidmət sahələri üzrə ixtisaslı kadrların hazırlanması nəzərdə tutulub: «Avropa Komissiyası ilə həyata keçirilən layihə çərçivəsində bir sıra ixtisaslar üzrə peşə standartları, təhsil qaydaları və yeni kurrikumlar işlənib hazırlanıb. Həmçinin bu yaxınlarda xidmət sahələrinə kadrların hazırlanmasında istifadə edilə biləcək dərsliklərin çapı başa çatıb. Bu istiqamət üzrə texniki peşə məktəblərinin maddi-texniki bazası genişlənir. Bakıda 11 və 12 saylı peşə liseylərində müasir tipli emalatxanalar yaradılır. Əsas məqsədimiz isə Azərbaycanın hər bir guşəsində xidmət edə biləcək və işəgötürənlərin tələblərinə uyğun ixtisaslı kadrların hazırlanmasına nail olmaqdır».
Fəxriyyə