Hər il aprelin 24-də Osmanlı dövlətini ittiham edən qondarma “erməni soyqırımı” gündəmə gətirilir. Türkiyə tərəfi bu ittihamın tarixi faktlara söykənən əsası olmadığını bildirir, Birinci Dünya müharibəsi zamanı yaşanan olaylara məhz tarixi faktlar və gerçəklər prizmasından yanaşmağın zəruriliyini daima diqqətə çatdırır.

Bu günlərdə Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən təşkil edilən “1915-ci il hadisələri” mövzulu beynəlxalq konfransda da bu məqam bir daha vurğulanıb. Konfransın iştirakçılarından biri, Türk Tarix Qurumunun sədri, professor Birol Çətinin bu mövzu ilə bağlı 100-dən çox nəşri ərsəyə gətirdiklərini bildirdi.

“Türk Tarix Qurumu tərəfindən hazırlanan bu nəşrlərdə, həm də digər təşkilatlar və şəxslər tərəfindən aparılan araşdırmalarda, əlbəttə ki, mövzuya  müxtəlif aspektlərdən yanaşmalar var. Çünki bu məsələ əsas tarixi, siyasi və sosial tərəflər olmaqla bir çox sahəni əhatə edir. Buna baxmayaraq, qısaca vurğulanması lazım olan nəticə budur: mövzu ilə bağlı ölkəmizə və tariximizə qarşı ittihamlar tarixin elmi əsaslarına söykənməyən siyasi əsaslı yanaşmalardan irəli gəlir” – deyə o vurğulayır.

Tarixi mənbələrin elmi və qərəzsiz bir şəkildə araşdırılmasına vacibliyini qeyd edən Birol Çetin, həmin dönəmdə Osmanlı dövlətinə qarşı açıq mübarizəyə qalxan və təxribatlar həyata keçirən erməni qrupları ilə bağlı qəbul edilən deportasiya (tehcir) qərarının heç də bir millətə qarşı mənfi münasibətdən qaynaqlanmadığını deyir: “Bu, dövlətin təhlükəsizliyi baxımından atılan addım olub. Osmanlı dövləti öz təhlükəsizliyini qorumaq istiqamətində hərəkət edib, ancaq deportasiyanın da təhlükəsiz həyata keçirilməsi üçün bir mexanizm yaratmağa çalışıb. Hətta deportasiya zamanı baş verən neqativ hadisələr zamanı bu neqativ hallara laqeyd qalanlar dövlət tərəfindən cəzalandırılıb. Bundan başqa, o dövrdə bütün ermənilər deportasiya edilməyib, dövlətin yüksək mənsəbli qurumlarında xeyli erməni mənşəli vəzifəlilərin olma faktları mövcuddur. Qısaca bunu deyə bilərəm ki, Osmanlı dövlətini soyqırımı ilə ittiham etmənin heç bir tarixi faktlara söykənən əsası yoxdur, bu ittihamlar yalnız anti-Türkiyə siyasəti üçün istifadə olunan mexanizm halına gəlib. Ona görə də biz istəyirik ki, tarixi məsələlərdən siyasi parlamentlərdə və lobbilər vasitəsilə istifadə edilməsin, mənbələr əsasında elmi metodlarla müzakirələr aparmaqla həqiqətlər ortaya çıxarılsın”.

Birol Çetin bildirdi ki, Türk Tarix Qurumunun, bir çox aidiyyəti mövzular  kimi, 1915-ci il hadisələri ilə əlaqədar da tədqiqatları davam edir: “Bu istiqamətdə yeni araşdırmalar da nəşr olunub, daha əvvəl çap edilmiş əsərlər də yenidən nəşr və ya müxtəlif dillərə tərcümə olunurl. Pandemiya şərtlərində elmi konfranslarımız onlayn olaraq keçirilir. 1915-ci il hadisələri ilə əlaqədar tarixçi alimlərimizin, tədqiqatçı mütəxəssislərimizin “YouTube” və digər sosial media üzərindən ictimai rəyləri təqdim olunur, bu da ictimai marağa səbəb olduğu üçün bu yöndə fəaliyyətimizin daha da intensivləşməsi nəzərdə tutulub”.

Mehparə SULTANOVA
Ankara