Xəbər verdiyimiz kimi, 23-24 aprel tarixlərində Moskvada Vokalçıların Müslüm Maqomayev adına VI Beynəlxalq Müsabiqəsi keçirilib.

Müsabiqəni Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondu təşkil edib. Fondun prezidenti və müsabiqənin münsiflər heyətinin sədri Müslüm Maqomayevin həyat yoldaşı, SSRİ Xalq artisti Tamara Sinyavskayadır. Münsiflər heyətində Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycanın və SSRİ-nin Xalq artisti Fərhad Bədəlbəyli də yer alıb.

Qeyd edək ki, 2010-cu ildə əsası qoyulan və iki ildən bir təşkil olunan (6-cı müsabiqə 2020-ci ilin oktyabrında keçirilməli idi, lakin pandemiya səbəbindən ertələnmişdi) mötəbər müsabiqədə 20-35 yaş arasında, peşəkar musiqi təhsili alan ifaçılar iştirak edə bilərlər.

“Krokus Siti Holl”un Müslüm Maqomayev adına konsert zalında gerçəkləşən müsabiqəyə 5 ölkədən (Rusiya, Azərbaycan, Ukrayna, Belarus, Monqolustan) 15 ifaçı qatılıb. Azərbaycanı gənc vokalçılar İslamə Abdullayeva və Mahir Tağızadə təmsil ediblər.

Münsiflər heyətinin qərarı ilə müsabiqənin qalibi adına – birinci yerə Rusiyadan Dzambolat Dulayev (bariton) layiq görülüb. İkinci yeri yenə rusiyalı təmsilçi, tenor Soslan Kusov, üçüncü yeri isə ukraynalı bariton Vitaliy Laşko qazanıb.

Qeyd edək ki, iştirakçılar müsabiqədə iki əsər təqdim ediblər: klassik ifa və Maqomayevin repertuarından estrada əsəri. Müsabiqənin əsasnaməsinə görə, I, II və III yerlər üçün müvafiq olaraq qızıl, gümüş, bürünc medallar və müvafiq olaraq 15 min, 10 min, 5 min ABŞ dolları məbləğində pul mükafatı nəzərdə tutulub.

Azərbaycan təmsilçiləri axırıncı dəfə 2016-cı ildə keçirilən IV müsabiqədə mükafatçılar sırasına daxil olublar. Həmin il İlham Nəzərov (kontratenor) 1-ci, Məhərrəm Hüseynli (bariton) 2-ci yeri tutmuşdu.

LALƏ