Ölkələr və xalqlar heç bir tarixi, elmi və hüquqi əsas olmadan başqa ölkələrin parlamentləri və ya rəhbərliyi tərəfindən mühakimə olunmamalı və məhkum edilməməlidir.

Bu fikri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” ilə bağlı aprelin 24-də yayılan bəyanatına münasibət bildirərkən deyib.

Bağdad Amreyev ABŞ Prezidentinin 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərə zidd və bölgədəki əməkdaşlıq, eləcə də sabitlik ümidlərini zədələmək bahasına siyasi motivlər daşıyan açıqlamasından dərin təəssüf hissi keçirdiyini bildirib.

Vurğulayıb ki, 1915-ci il hadisələri beynəlxalq hüquq və müvafiq beynəlxalq sənədlər nəzərə alınmaqla şəffaf və ədalətli şəkildə araşdırılmalıdır. “Başqa bir ölkəyə qarşı təhrif olunmuş tarixi iddiaların silah halına gətirilməsi yalnız cəmiyyətlər arasında nifrət, intiqam və düşmənçilik hisslərini alovlandırmaq istəyənlərə fayda gətirəcək. ABŞ Prezidentinin açıqlamasını qınayır, siyasi məqsədlər və ya “tarixi yenidən yazmaq” cəhdləri ilə tarixin saxtalaşdırılmasının, bunun siyasi təzyiq üçün istifadə edilməsinin ölkələr və xalqlar arasında daha çox qütbləşməyə səbəb olacağına, eləcə də bölgəmizdəki sülhə və sabitliyə maneçilik törədəcəyinə inanıram” – deyə Bağdad Amreyev qeyd edib.

O, həmçinin Türkiyənin 1915-ci il hadisələrinin tarixçilər tərəfindən araşdırılması üçün ortaq tarix komissiyası qurulması və bu arxivlərin açılması təşəbbüsünün  təqdirəlayiq hesab edərək bildirib ki, bu, tarixi həqiqətləri ortaya qoymaq və ədalətli bir yaddaş yaratmaq istəyən hər kəs üçün konstruktiv bir yanaşma və xoşməramlılığın göstəricisidir.