ABŞ-da yaşayan azərbaycanlı rejissor Elmar Bayramov “Nəfəs” (Breath) adlı qısametrajlı bədii film çəkib.

ABŞ-ın “Old stone pictures” və “Black Garden Company” şirkətləri tərəfindən istehsal edilən ekran işinin çəkilişləri ölkəmizdə aparılıb.

Müharibə vaxtı əsir düşən Bəxtiyar illər sonra işğaldan azad olunan doğma kəndinə getmək qərarına gəlir. O sanki əsirlikdə yaşadığı hissləri yenidən yaşamalı olur.

Filmin ssenari müəllifləri Ülviyyə Heydərova, Elmar Bayramov, prodüserləri Elçin Ağazadə, Vüqar Yusifoğlu, Rəşad Dadaşov, operatoru Ruslan Ağazadə, montajçıları Şahmar Haşımov, Röyal İsmayılov, Elmar Bayramov, ikinci rejissoru Cabir Hacıyevdir.

Bəstəkarı Vüqar Camalzadə olan filmdə baş rolu aktyor Vüqar Hacıqədir canlandırır. Həmçinin filmdə Əməkdar artist Rasim Cəfər, aktyorlar Tural Əhməd, Günay Əhməd çəkiliblər.